“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının hazırkı durumundan narazılıq ifadə edib.
O, iki gün öncə “Keşlə” ilə matçdan sonrakı mətbuat konfransında bildirib ki, çempionatın səviyyəsindən razı deyil: “İstəyirəm ki, daha yaxşı liqamız, daha aqressiv, aktiv oyunlarımız, daha bacarıqlı futbolçularımız olsun. Bəlkə də ötən ilki çempionatla indiki arasında dəyişiklik ola bilər və buna əsasən fikir yürüdə bilərik ki, çempionatın səviyyəsi qalxıb. Amma əgər biz Avropada yaxşı oynamaq istəyiriksə, çempionatın səviyyəsi hər il qalxmalıdır. Çempionatdakı komanda sayı azalmamalıdır. Dəfələrlə bildirmişəm ki, mütləq komandaların, oyunların sayı çox olmalıdır. İnanmıram ki, hansısa komandaya eyni rəqiblə 4 və ya kubokdakı 2 matçı daxil etməklə 6 dəfə oynamaq xoş olsun. Bu, istər-istəməz komandaları bir-birindən küsdürür. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır”.
Hazırkı mövsüm çempionatda intriqa görünsə də, liqadakı rəqabətin aşağı olduğunu hər kəs qəbul edir. Əvvəlki illərdən fərqli olaraq, bu gün çempionluq üçün 5-6 deyil, cəmi 2 klub – “Qarabağ” və “Neftçi” mübarizə aparır. Digər 6 klubun hədəfi isə ən yaxşı halda Avroliqa (artıq Konfrans Liqası) uğrunda vəsiqə olur. Səbəb də təbiidir: onların büdcəsi “Qarabağ” və “Neftçi” kimi yüksək deyil, istədikləri futbolçuları ala bilmirlər və ona görə də çempionluq üçün iddiaları da olmur. Bununla belə, komanda sayının azlığı narahatlıq doğurmaya bilməz. Adətən, hansısa mövzuda soyuqqanlılıq nümayiş etdirən, narazılığını ictimai formada ifadə etməyən Qurban Qurbanov belə liqanın bugünkü durumunu tənqid edirsə, deməli, problem dərinləşməyə doğru gedir.
Nə etməli?
Sirr deyil ki, 8 klublu hazırkı çempionat hətta yarışı keçirən AFFA və PFL-i də razı salmır. Vəziyyətdən çoxsaylı çıxış yolundan biri kimi Premyer Liqaya əlavə komandaların cəlb edilməsi faktını hamı qəbul edir. Bizdə olan məlumata görə, yeni mövsüm üçün AFFA komanda sayını artırmağı düşünür. Daha dəqiqi, planda 2 bölgə klubunun buraxılması ideyası ciddidir. Amma qeyri-müəyyənlik də var.
Ən vacib məqam: onların maliyyələşməsi necə olacaq?
Məsələ burasındadır ki, bu gün faktiki olaraq birinci diviziondakı bütün bölgə klublarını AFFA maliyyələşdirir. Yerli icra qurumları və imkanlı iş adamları komandalara kömək etmək barədə qətiyyən düşünmür. Bunun da təbii səbəbləri var. Əvvəla hazırda icra hakimiyyətləri istəsə belə, öz məhdud büdcəsi ilə Premyer Liqada komanda saxlaya bilməz. İndiki reallıqda Azərbaycanda bir ortabab klub üçün illik 1,5 – 2 milyon manat tələb olunur. İş adamının isə kluba sponsorluq etməyə sadəcə marağı, stimulu yoxdur.
Fikrimizcə, gələcəkdə futbola sərmayə qoyan iş adamlarına dövlət səviyyəsində vergi güzəştləri edilməsi bölgələrimizdə və ümumilikdə Azərbaycanda futbolun dirçəlişində önəmli rol oynaya, liqalarda klub və oyunu sayını, rəqabəti artıra bilər. Düzdür, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Lakin görünən budur ki, bu müsbət ideyaya dövlətin müvafiq qurumlarının dəstəyi olmayıb. Ona görə də bu gün faktiki olaraq, sponsorsuz klubları saxlamaq öhdəliyi bir tək AFFA-nın üzərinə düşüb. Bu isə əslində anormal durumdur. Çünki beynəlxalq təcrübədə futbol federasiyası komanda himayə etmir. Klubun özünün sponsorları, reklamdan, teleyayımdan, bilet satışından gəliri olur. Bizdə isə bunlar nəinki yoxdur, hətta bunu düşünmək belə nağıl kimi görünür.
Bu səbəbdən hazırda birinci diviziondakı üç bölgə klubu - “Turan”, “Zaqatala” və “Kəpəz”ə hər mövsüm AFFA-nın büdcəsindən 200-300 min manat arası pul ayrılır. Bu pulla isə komanda özünü güclə saxlayır, məşqçi və futbolçuların maaşı çox aşağı olur (400-500 manat). Amma o fakt da qəbul edilməlidir ki, AFFA-nın büdcəsi birinci divizion klublarına bundan artıq maliyyə ayırmağa imkan vermir. Çünki klublar üçün ayrılan büdcənin böyük hissəsi Premyer Liqada federasiyadan asılı olan klublara yönəldilir.
Deməli, hazırkı durumda yeganə çıxış yolu budur ki, AFFA-dan illik 4-5 milyon alan klubun, yaxud klubların büdcəsi qismən azaldılır. Həmin məbləğ birinci diviziondan Premyer Liqaya buraxılacaq komandalara yönəldilir. Bizdə olan məlumata görə, bu haqda AFFA-da fikir var. Amma yekun qərarın necə olacağı, ümumiyyətlə, növbəti mövsümə diviziondan komandaların buraxılıb-buraxılmayacağı bəlli deyil.
Yəni hazırda növbəti mövsüm Premyer Liqamızla bağlı qarışıq, qeyri-müəyyən durum qalmaqdadır. İstənilən halda şübhə yoxdur ki, maliyyə yükü yenə AFFA-nın üzərinə düşəcək və gec-tez əlavə iki bölgə klubunun yüksək liqaya buraxılması zərurətdir. Bəs, ayrılan 1-2 milyon manatla komandanın səviyyəsi necə olacaq? Onlar məhdud büdcəli “Qəbələ”, “Səbail” kimi “Qarabağ” və “Neftçi”yə ciddi müqavimət göstərə biləcəklərmi, yoxsa ağır hesabla uduzacaqlarmı?
Təbii ki, bu sualları cavabını zamanın öhdəsinə buraxmalıyıq. Amma bu gün ən vacib məsələ daha 2 bölgə klubunun Premyer Liqada olması, mütəxəssislərin də qeyd etdiyi kimi, komanda və oyun sayının artmasıdır. Əks halda Premyer Liqamızdakı hazırkı durum yaxın gələcək üçün müsbət düşünməyə heç cür əsas vermir.
Aydın BAĞIROV
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı