"Bu uğursuzluğa AFFA-nın rəhbərliyi nə etsin?" - Vaqif Cavadov

"Bu uğursuzluğa AFFA-nın rəhbərliyi nə etsin?" -  Vaqif Cavadov
MÜSAHİBƏ 13 İyun 2019 / 18:27 6160
-  A +

Milli komandamızın sabiq üzvü, son olaraq, "Keşlə"də çıxış etmiş Vaqif Cavadov Qol.az-a müsahibə verib. Gələcək karyerası haqda danışan təcrübəli hücumçu yığmamızın seçmə mərhələdə Macarıstan və Slovakiyaya məğlubiyyətini də şərh edib.

- "Keşlə"dən ayrdıldıqdan sonra klubsuzsan. Təkliflərin, danışıq apardığın komandalar varmı?

- Əlbəttə, menecerlər vasitəsilə danışıq gedir. Bu istiqamətdə iş görürlər. Yəqin ki, yay transfer pəncərəsi zamanı yeni klubum bəlli olacaq.

- Real variantlardır?

- Təbii ki. Futbolla vidalaşmaq istəmirəm. Yaxşı olmalıdır.

- Maraqlıdır, danışıq apardığın klublar yerlidir, yoxsa əcnəbi?

- Xeyr, yerli klublar deyil. Hamısı əcnəbi ölkə təmsilçiləridir. Ancaq dəqiq olmadığı üçün indi ad çəkə bilmərəm.

- Bundan əvvəl bir dəfə də klubsuz qalmışdın. Belə hallarla üzləşəndə futboldan bezir, karyeranı bitirmək barədə düşünürsən?

- Yox, amma pis oluram. Kimlərsə istəyir ki, Vaqif futboldan getsin. Mən heç vaxt öz oyunumu tərifləməmişəm. Amma "Keşlə"dəki çıxışıma baxsaq, hər şey açıq-aşkar görünər.

- Səncə, bu gün Vaqif Cavadov niyə kölgədə qalıb?

- Bilmirəm. Bunun səbəbi prinsip aparmaq da ola bilər. Sualı başqasına ünvanlasanız, daha yaxşı olar. Mən əvvəlki gücümdəyəm. Futbol oynamağı da bacarıram. Belə olmasaydı, futbolu atardım, heç bu haqda da danışmazdım. Deyərdim ki, zəifləmişəm, futbolla vidalaşıram. Yadınızdadırsa, 3 ay futbol oynamadım, amma "Keşlə"yə gəlib, nəticə verdim. Təbii ki, bu Yuri Maksimovun gəlişindən və mənə güvənib şans verməsindən sonra oldu. Komandanın 2017-2018 mövsümündə kubok qazanmasında mənim də payım var. O ki qaldı yerli klublarımızdan təklif almamağıma, bu sual mənə aid olmamalıdır. Bunu klub prezidentlərinə, baş məşqçilərə vermək lazımdır.

- Bayaq dedin ki, karyeranı bitirməyini arzulayan insanlar var. Kimləri nəzərdə tutursan?

- Premyer Liqamızdakı 8 komandanın hər birində 30 futbolçu varsa və mənə təklif gəlmirsə, deməli, bu işdə kimlərinsə əli var. Bunu ancaq belə başa düşürəm. Onların seçimidir, heç nə deyə bilmərəm. Kim nə edirsə, özünə edir. Bu yolla Azərbaycan futboluna da pisliyi dəyir. Ona görə də bu gün futbolumuz, milli komandamız bu gündədir.

- Millidən söz düşmüşkən, yəqin ki, Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə hər iki oyunu izləmisən. Səncə, yığmamız niyə elə zəif təsir bağışladı?

- Bilirsiniz necədir, uduzmaq olar. Bizim də uduzduğumuz oyunlar çox olub. Amma heç vaxt mübarizəsiz məğlub olmamışıq. Bu gün millidə elə bir futbolçu yoxdur ki, məşqçinin dediklərindən başqa meydanda özü nəsə etsin.

- Yəni, lider futbolçu çatışmır...

- Həm lider olsun. Meydanın istənilən yerində oynasın. Məsələn, bizim vaxtımızda müdafiəçi həm arxa xətdə inamlı oynayırdı, həm də qol vururdu. Amma indiki millidə hərə özü üçün oynayır. Biz yavaş-yavaş azarkeşləri stadiona cəlb etdik, futbolun onlara sevdirdik. Son illərə baxırıq, bu cür davam etsə, oyunlarımız yenə boş tribunalar qarşısında olacaq. Hər oyunda istefa şüarları səslənəcək. Bu isə psixoloji baxımdan futbolçulara təsir edəcək. Azərkeşləri də başa düşmək laızmdır. Onlar ən azından mübarizə gözləyirlər. Son iki oyunda cəmi 1 sarı vərəqə alırıqsa, deməli, mübarizə yoxdur.

- Son iki oyundakı məğlubiyyətdən sonra hamı futbolçuların üstünə düşüb, onları qınayır. Sən də millidə oynamısan, yalnız oyunçular günahkardır? Baş məşqçinin heç bir günahı yoxdur?

- Əlbəttə, uduzanda baş məşqçi günahkar olur. Burada hamının günahı var. Hətta mənim də. Ancaq baş məşqçinin seçimi çox önəmlidir. Futbolçunu futbolçu edən məşqçidir. Ondan çox şey asılıdır. Seçimi, futbolçularla münasibəti çox önəmlidir. Bəlkə elə futbolçular çağırıb ki, onlar heç milliyə layiq deyillər, amma orada çıxış edirlər.

- Az öncə istefa məsələsinə toxdundun. Azarkeşlər Slovakiya ilə oyunda AFFA rəhbərliyini istefaya səsləyirdilər. Təcrübəli futbolçu kimi buna münasibətini də bilmək maraqlı olardı...

- İstefa sədalarını dəfələrlə eşitmişik. Rəhbərlik, məsələn. Rövnəq müəllim nə etsin? Bilirsiniz ki, mən hər zaman açıq danışmışam. Rövnəq Abdullayev kimi futbola qayğı göstərən var? Onluq bir şey yoxdur. O, səlahiyyəti baş məşqçiyə verib, məşqçi də futbolçulara. Futbolu idarə edənlər bunu fikirləşməlidir. Biz futbolçuların olanı budur. Hər bir futbolçuya qayğı ilə yanaşılsa, nəticə olacaq. Rəhbərlik də istəməz ki, milli uduzsun.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord