Fuad Musayev: «Vaqif Cavadov qohumu İlqar Qurbanovun tayı olmamalıdır»

Fuad Musayev: «Vaqif Cavadov qohumu İlqar Qurbanovun tayı olmamalıdır»
MÜSAHİBƏ 2 Fevral 2010 / 15:15 6571
-  A +

AFFA-nın sabiq prezidenti Fuad Musayevin Qol.Az saytına müsahibəsi

- Gəlin, söhbətimizə 2009-cu ildə milli komandamızın oyunlarına fikirlərinizi öyrənməklə başlayaq. Bəziləri hesab edir ki, millidə irəliləyiş var, bəziləri isə əksini düşünür.
- İnkişaf deyəndə siz nəyi nəzərdə tutursunuz? İnkişaf futbolçuların gözəl oyununda, millidə rəqabətin olmasında özünü göstərir. Bunlardan heç biri isə hazırkı milli komandada yoxdur. Milli komandanın inkişaf onu qazandığı beş xaldan ibarətdir? Nə olsun, hələ bizim dövrümüzdə, Ponomaryovun rəhbərliyi altında da komandamız beş xal toplaya bilmişdi. Amma beş xalla inkişaf olmur axı. Heçə-heçə etdiyimiz Rusiya ilə oyunda rəqibin yeddi əsas oyunçusu oynamırdı.
Lixtenşteyn kimi məhəllə komandası bizimlə oyuna altı əsas oyunçusunu buraxmamışdı. Gülməli deyilmi?
Bizim vaxtımızda milli komandanın İsveçrə, Türkiyə, İtaliya, Portuqaliya, Slovakiya kimi komandalarla oyunlarının kasetlərinə baxın. O vaxtkı milli ilə indiki milli heç müqayisəyə gəlməz.
O vaxt milli komandanın futbolçuları cəmi yüz dollar pul alırdı, amma çıxıb gücünü göstərirdi. Xarici ölkələrdə Vəli Qasımov, Nazim Süleymanov, Samir Əliyev kimi legioner oyunçularımız komandalarının əsas heyətində oynayırdı. İndi isə hazırkı millinin əsas oyunçularından biri «Anji»yə gedib, hələ bilinmir, əsas heyətə düşə biləcək, ya yox. Bizim millidə braziliyalı, ukraynalı futbolçular oynayır. Məgər, budur inkişaf? U-19, U-21-in göstərdiyi nəticə sıfırdır, bütün oyunları uduza-uduza gedirlər. Bizim vaxtımızdakı U-19 və U-21-in tərkibində kimlər yox idi? Zaur Tağızadə, Samir Əliyev, İlham Yadullayev, Cahangir Həsənzadə, Qurban Qurbanov… Sonradan onlar əsas millinin aparıcı futbolçularına çevrildilər. Son 2-3 ildə U-21-də çıxış etmiş futbolçular niyə əsas millidə yoxdular? Bizim vaxtımızda əsas millidə 17-18 yaşında futbolçular oynayırdı. Ruslan Musayev 18 yaşında millinin əsas heyətində Macarıstanla oyunda meydana çıxmışdı.
- Hesab edirsiniz ki, milli komandayla bağlı siyasət düzgün qurulmayıb?
- Əlbəttə. Bizim əsas işimiz 1996-ci ildən başladı. Yeddi illik fəaliyyətimiz ərzində stadion tikdik, indi milli komandanın tərkibində çıxış edən futbolçuları bəxş yetişdirdik. Biz «Şəfa» klubunu ona görə yaratdıq ki, orada futbolçular yetişsin. İndi «Şəfa»nın yetirmələri milli komandalarda oynayırlar. Bizim vaxtımızda vəziyyət indiki kimi deyildi axı. Millinin Respublika stadionunda oynaması üçün hökumətə pul verirdik.
- Siz də o fikirdəsiniz ki, milli ilbəil geri gedir?
- Yuxarıda bizim dövrümüzdəki millinin keçirdiyi beş-altı oyunu yada saldım. Hazırkı AFFA birini də göstərə bilməz. İndiki futbolçulardan hansı Zaur Tağızadədən yaxşı oynayır? Vaqif Cavadov? Onları bir tərəziyə qoymaq olarmı? Cavadov 20 yaşında Avropaya gedib, Zaurun 17 yaşı olanda isə İsveçrənin əsas klublarından biri onu komandaya götürürdü. Samir Əliyevi Kiyevin «Dinamo» komandası istəyirdi. Prezidentləri Surkis bunun üçün şəxsən özü mənə zəng etmişdi. Aftandil Hacıyev 18 yaşında milli komandada oynayırdı. Ramal Hüseynov 15-16 yaşında İsveçrə ilə oyuna çıxdı. İndi hardadı o uşaqlar? Əcnəbiləri gətirib doldurublar milliyə.
- Vaqif Cavadovdan danışdınız. Fakt budur ki, bu gün Vaqif «Tvente» kimi bir komandanın oyunçusudur.
- Yaxşıdır da. Amma Vəli Qasımov, Nazim Süleymanov, Dmitri Kramarenko, Tərlan Əhmədov da xaricdə oynayırdı. 2003-cü ildə bizdə çempionatı dayandıranda 15 futbolçunu göndərdim xaricə oynamağa. Bunlar da göndərsin də.
- Niyə elə hesab edirsiniz ki, Zaurla Vaqifi bir tərəziyə qoymaz olmaz?
- Çünki Zaur ondan yaxşı futbolçudur, onları müqayisə etmək olmaz. Vaqif Nazim Süleymanov, Vəli Qasımovla da eyni səviyyədə olan futbolçu deyil. Samir Əliyevin o vaxtı idmançı forması Vaqif Cavadovun indiki durumu ilə müqayisəyəgəlməzdir. Amma Cavadov çox perspektivli oyunçudur. Onu nahaq yerə Moskvadan Bakıya gətirdilər. Bir iki-il də orda qalsaydı, daha yaxşı oynayardı.
- Ümumiyyətlə, Vaqifin «Tvente»dəki perspektivini necə görürsünüz?
- Hər şey onun özündən asılıdır. «Tvente» kimi klub onun istedadını görüb alıb. Gecə-gündüz çalışmalıdır, valideynləri, yaxınları ona mane olmamalıdır. İşinə peşəkar kimi yanaşsa, onun gələcəyi yaxşı olacaq.  Ən başlıcası qohumu İlqar Qurbanovun tayı olmamalıdır. İlqar Vaqifdən də perspektivli futbolçu idi. Amma futbolçu kimi batıb getdi. Çünki onların valideynləri ancaq pulu fikirləşirdilər. İlqar özü də axır vaxtlar yekaxanalıq edirdi. Onu «Fənərbaxça»ya mən göndərmişdim. Amma hələ orda oynayanda özündən çıxmağa başladı. Bizim U-17 Türkiyədə oynayanda İstanbulda onu gördüm. Soruşdum ki, niyə gedib millinin düşərgəsinə qoşulmursan, dəvət edirik gəlmirsən? Başladı bəhanə eləməyə ki, mənə icazə vermirlər.
- AFFA fəaliyyətini tənqid etdiniz. Amma gəlin razılaşaq ki, federasiya futbol veteranlarına diqqət də göstərir. Bəzilərinə təqaüd də ayırıb.
- Bilirsiniz niyə? Onların bir prinsipi var. Veteranlara pul verib ağızlarını yumublar, onlar da işləməyə-işləməyə pul alırlar. Məgər, İsgəndər Cavadov, Maşallah Əhmədov nə iş görür? Seleksiya şöbəsi yaradıblar federasiyada. Gülməlidir. 20 nəfər seleksiya ilə məşğuldur. Seleksiya ilə federasiya məşğul olmalıdır, yoxsa klublar? Heç kim demir bunları.
- Heç AFFA-dan sizinlə maraqlanan, məsləhətlərinizə ehtiyac duyan olubmu?
-  Yox, kim məsləhətləşəcək ki? Onlara futbol lazım deyil.
- Siz millini tənqid elədiniz. Amma eyni zamanda həmişə Berti Foqtsa dəstək verənlərdən olmusunuz.
- Həmişə demişəm ki, millinin üstünə düşməyin. Bunların bacardığı budur. Hamı deyəndə ki, Foqtsu qovmaq lazımdır, mən onu müdafiə etdim. Amma ondan tələb etmək lazımdır ki, sənə bu qədər pul veririksə, Bakıda daha çox olmalısan. Hələ yaxşı ki, sonda Rövnəq Abdulayev mənim dediyim elədi, müqavilədə bu şərti qoydu. Əlbəttə, başlı-başına buraxandan sonra Foqts istədiyini edəcək də. Mən deyə bilmərəm axı, Foqts axmaq adamdır, futbolu bilmir. Amma federasiyada ondan tələb etmir. Çünki peşəkarlıqları yoxdur.
- Qadınlardan ibarət milli komandada «lipa» tapıldı. Buna münasibətiniz necədir?
- Niyə qadın millisindən danışırsınız, guya kişilərdən ibarət milli komandada «lipa» yoxdur?! Hazırda millidə beş nəfər lipa oynayır.
- Kimlərdir onlar?
- Levin, Sokolov, Fabio Luis, Pereyra və Çertaqanov yüz faiz «lipa»dır. Amma məsələ qaldırmırlar. Qaldırsalar, atalarını yandırıb, millidən qovarlar. Millidə utanmaz-utanmaz ayrı millətin nümayəndələrini oynatmaq olmaz. Oynatmaq olar. Amma gərək birinci bizim vətəndaşlığı qəbul eləsinlər. Onlara vətəndaşlığı prezident verməlidir. Götürək futzalı. Doldurublar ora braziliyalıları. Qoy millidə rus oynasın, amma Azərbaycanda anadan olan, Azərbaycan vətəndaşı olan biri olsun.

Daha çox


Son xəbərlər