Elnur Allahverdiyev: “Qarabağ”da legionerlərin sayı artsa, narazılığımı bildirəcəyəm”

Elnur Allahverdiyev: “Qarabağ”da legionerlərin sayı artsa, narazılığımı bildirəcəyəm”
MÜSAHİBƏ 1 Fevral 2010 / 13:08 3132
-  A +

Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyev Qol.Az saytına verdiyi müsahibədə komandasının Antalyada keçirdiyi təlim-məşq toplanışı, “Neftçi” ilə prinsipial qarşılama, eləcə də Georgi Adamiyanın “Qarabağ”a transferi barədə danışıb.
 
- İlk növbədə Antalyada keçdiyiniz təlim-məşq toplanışı barədə danışardın.
- Hazırlıq prosesimiz yaxşı keçdi. Orada şərait yüksək səviyyədə idi və heç bir problemlə qarşılaşmadıq. İlk günlər əsasən ağır məşqlər keçirdik. Fiziki hazırlığa üstünlük verirdik. Sonradan isə yoxlama oyunlarında qüvvəmizi sınadıq. Ümumi götürdükdə, təlim-məşq toplanışı bizim üçün yaxşı alındı. Qarşıda bizi istər çempionatda, istərsə də kubokda bir-birindən gərgin oyunlar gözləyir. İnşallah, məhz həmin oyunlarda hazırlığımızın bəhrəsini görəcəyik.
- Təlim-məşq toplanışı ərzində keçirdiyiniz yoxlama oyunları komandaya nə dərəcədə faydalı oldu?
- İlk növbədə oyun praktikası qazanmaq üçün yoxlama oyunlarının böyük əhəmiyyəti var idi. Düzdür, bu cür oyunlarda nəticə heç vaxt önəmli olmur. Yoxlama görüşlərində uduzmaq olar. Əsas odur ki, rəsmi oyunlarda uduzmayasan. Məncə, keçirdiyimiz oyunların da bizə faydası oldu. Rəqiblərimiz də zəif deyildilər.
- “Qarabağ”dan danışarkən Vaqif Cavadovun gedişinə toxunmamaq qeyri-mümkündür. Necə düşünürsən, Ağdam klubu artıq Cavadovsuz oynamağa öyrəşib?
- Vaqif “Qarabağ”ın lideri idi. Elə oyunlar olurdu ki, Vaqif matçın taleyini təkbaşına həll edirdi. Komandamıza verdiyi töhfəyə görə, ona təşəkkür edirəm. Amma futbolda əvəzolunmaz oyunçu yoxdur. Futbol fərdi idman növü yox, komanda oyunudur. Düzdür, ilk vaxtlar Vaqifsiz bizə bir qədər çətin olacaq. Amma zamanla hər şey yoluna qoyulacaq. Mən bir daha Vaqifə “Tvente”də uğurlar arzulayıram və inanıram ki, orada özünü göstərə biləcək.
- “Qarabağ” Vaqif Cavadovun əvəzinə Georgi Adamiyanı transfer etdi. Adamiya ilə “Neftçi”də birgə çıxış etmisən. Səncə, o Vaqifi nə dərəcədə əvəzləyə biləcək?
- Adamiya ilə birgə 3 ildən də artıq “Neftçi”də oynamışıq. Mən onun potensialına bələdəm. Şəxsi fikrim belədir ki, Adamiya “Qarabağ”da özünü göstərəcək. Düzdür, bu futboldur. Futbolçunun özünü göstərməsində düşdüyü mühitin də rolu var. Bəziləri deyir ki, Adamiya “Bakı”da heç nə edə bilmədi. Bu fikirlər razıyam. Amma ola bilər ki, Adamiya “Qarabağ”da nəinki “Bakı”dakından, hətta “Neftçi”dəkindən də yaxşı oynasın. Və ya əksinə, ümumiyyətlə, özünü göstərə bilməsin. Bir daha deyirəm ki, futbolda nəyisə əvvəlcədən demək qeyri-mümkündür.
- “Qarabağ”ın əsasını yerli futbolçular təşkil edir. Komandada yalnız bir legioner - Admir Teli çıxış edirdi. Amma indi əcnəbilərin sayı ikiyə çatdı. Təbii ki, digər klublarla müqayisədə “Qarabağ”da legionerlərin sayı çox azdır. Amma getdikcə bu rəqəmin artması, gələcəkdə komandada daha çox xarici futbolçunun forma geyməsi yerli oyunçuları narahat etmir ki?
- “Qarabağ”ın əsasını yerli uşaqlar təşkil edir. Bizim ən böyük üstünlüyümüz də məhz budur. İndi legionerlərin sayı ikiyə çatdı. Amma gələcəkdə bu rəqəm daha da artacağı halda, şəxsən mən açıq şəkildə öz narazılığımı bildirəcəyəm. Deyəcəyəm ki, belə olmaz. Biz nə qazanmışıqsa, yerli uşaqların hesabına qazanmışıq. “Qarabağ”ın bugünkü səviyyəyə çatmasında rəhbərlik, baş məşqçimiz və futbolçuların rolu var. Digər tərəfdən də komandaya hücumçu lazım idi. Azərbaycanda isə indiki halda səviyyəli yerli hücumçu tapmaq bir qədər çətindir. Məhz bu səbəbdən komandaya əcnəbi hücumçu cəlb olundu. Amma “Qarabağ”ın transfer siyasəti dəyişməməlidir. Mən heç kimdən çəkinmirəm. Lazım gəlsə, sözümü açıq şəkildə deyəcəyəm. 
- Belə başa düşdüm ki, komandalarda legionerlərin çoxluğuna narazılıq edirsən?
- Narazılıq deyəndə ki… Mən öz şəxsi fikrimi deyirəm. Əcnəbi heç vaxt futbolumuza bizim qədər can yandıra bilməz. Tutaq ki, mən sadə azarkeşəm, “İnter” də avrokuboklarda oynayır. Komandanın da heyəti başdan-başa legionerlərdən qurulub. Mən bu komandaya necə azarkeşlik edim? Düzdür, ad Azərbaycanındır və komandanın uğur qazanmasını istəyəcəyəm. Amma həmin istək ürəkdən gəlməyəcək axı.
- Yeni ildən sonra ilk oyununuzu “Neftçi”yə qarşı keçirəcəksiniz. Bu matç barədə nə düşünürsən?
- Deyə bilərəm ki, bizi qarşıda çətin oyun gözləyir. İlk oyunlar həmişə çətin olur. Rəqibimiz də güclüdür. Bununla belə, bizim qarşımıza böyük hədəflər qoyulub. Bu səbəbdən “Neftçi”ni mütləq məğlub etməliyik.
- Böyük hədəflər deyərkən nəyi nəzərdə tutursan?
- Biz ötən mövsüm kuboku qazandıq, Avropada iki mərhələ adladıq. Zirvədə qalmaq ora yüksəlməkdən daha çətindir. Bu səbəbdən biz cari mövsümdə istədiyimiz nəticəni qazanıb, uğurlarımızın təsadüf olmadığını sübut etməliyik. Çempion olsaq, Çempionlar Liqasında, ikinci yeri tutsaq və ya kuboku alsaq, avroliqada qrup mərhələsinə yüksəlmək istəyirik. “Qarabağ”da hamısı oynayan uşaqlardır. Kimlər üçünsə qrup mərhələsinə yüksəlmək xəyal ola bilər. Amma biz istədiyimiz nəticəni qazanacağımıza inanırıq.
- Turnir cədvəlindəki hazırkı durumu və ilk dövrədə “Neftçi”ni məğlub etdiyinizi nəzərə alsaq, qarşıdakı oyunda heç-heçə də “Qarabağ” üçün uğursuz sayılmamalıdır. Bu fikirlə razısan?
- Orası elədir. Həm biz, həm “Neftçi” “altılığ”a düşsək, bu komandadan 4 xal almağımız pis nəticə hesab olunmayacaq. Hətta deyərdim ki, bu, əla nəticə olacaq. Amma biz hər oyuna qələbə üçün çıxırıq. “Neftçi”ylə qarşılaşma da istisna olmayacaq.
- Sənin vaxtında çıxış etdiyin “Neftçi” ilə indiki “Neftçi” arasında fərq çoxdur?
- Əlbəttə. Yerlə-göy qədər fərq var.
- Hansı mənada?
- Həmin vaxt komandanın əsasını yerli futbolçular təşkil edirdi. Uşaqlar hamısı canlarını meydanda qoyurdular. Amma indi elə deyil. Bununla belə, mən “Neftçi”nin zamanla düzələcəyinə inanıram. Bilirəm ki, rəhbərlikdə dəyişiklik olub. Ölkəmizin ən təcrübəli məşqçilərindən olan Vaqif Sadıqov komandaya gətirilib.
- Komandanın gücləndirilməsi üçün “Neftçi”yə 4 yeni futbolçu cəlb olunub. Bu barədə xəbərin var?
- Hə, internet vasitəsilə məlumat toplamışam. Amma say önəmli deyil. İstəyir lap 10 legioner gətirilsin. Oynamayandan sonra nə xeyri olacaq?                                    

Daha çox


Son xəbərlər