“Bakı”nın və milli komandamızın keçmiş baş məşqçisi, hazırda Kiprin “Atromitos” klubunu çalışdıran Coko Haciyevski Qol.Az saytına müsahibə verib.
- Cənab Haciyevski, Kiprdə işləriniz necə gedir?
- Təşəkkür edirəm, hər şey yaxşıdır. Elə bundan bir qədər əvvəl məşqdən çıxdıq. Sabah ölkə çempionatında növbəti oyunumuzu keçirəcəyik. İşlərim yaxşı gedir. Bildiyiniz kimi, mənim gəlişimdən sonra komanda yüksəlişə başlayıb. 4 oyun keçirmişik. 3 dəfə meydanı qələbəylə tərk etmişik, yalnız son matçda xal itirdik. Amma sabah qələbə qazanacağımıza inanıram. Mən komandanı götürəndə 12-ci yerdə idi. Hazırda turnir cədvəlində beşinci pilləni tuturuq.
- Yeni ili necə keçirdiniz?
- Əla. Ailəm də burada yanımdadır. Yeni ili elə birlikdə, Kiprdə qeyd etdik. Bir sözlə, hər şey yaxşıdır. Ailəmin dəstəyini hər zaman yanında hiss etmişəm. Elə indi də belədir.
- Kiprdəki mühitə tam uyğunlaşa bilmisiniz?
- Hə. Əvvəllər bir neçə ölkədə işləmişəm. Artıq Makedoniyadan kənarda çalışmaq mənim üçün problem deyil. Yaponiyaya uyğunlaşmağı bacarmışamsa... Həm də Kipr Makedoniyaya yaxındır.
- Mətbuatın sizə qarşı münasibəti necədir?
- Yaxşıdır. Hər dəfə oyunlardan həm əvvəl, həm də sonra mətbuat konfransı keçirilir. Jurnalistlər məşqlərimizdə tez-tez iştirak edirlər. Bir sözlə, həm mətbuatın, həm də azarkeşlərin mənə qarşı münasibəti əladır.
- “Atromitos”un səviyyəsi sizi qane edir?
- Səviyyə normaldır. Heyətdə 8 legioner var. Onlardan əksəri portuqaliyalıdır. Bu ölkədən 5 futbolçu çıxış edir komandada. Bir kamerunlu hücum var. Çox səviyyəli futbolçudur. Əvvəllər Belçikada, “Standard”ın heyətində çıxış edib. Hazırda da 9 qolla çempionatın bombardiridir. İki oyunçu da fransızdır.
- “Atromitos” Azərbaycan çempionatında çıxış etsəydi, neçənci yeri tutardı?
- Yalnız və yalnız birinci yer tutmaq üçün mübarizə aparardıq (gülür). Çox maraqlı olardı. Əgər bu komandaya mən rəhbərlik edirəmsə, deməli bizim bir məqsədimiz var - çempionluq.
- Klubdakı şərait necə, sizi qane edir?
- Klubun şəraiti yaxşıdır. Öz bazamız var. Bazada məşq meydançaları ilə yanaşı, fitnes salon, üzgüçülük hovuzu, bir sözlə hər bir şərait var. Stadiona da söz ola bilməz. Yeni tikilmiş arenadır. Kiprdə havalar çox gözəl keçir. Azərbaycandan fərqli olaraq, hazırda burada havanın hərarəti müsbət 25 dərəcədir.
- Kipr və Azərbaycan futbolu arasında fərq böyükdür?
- Elə də çox deyil. Buradakı şərait Azərbaycandan daha yaxşıdır. “Atromitos” birinci liqada mübarizə aparır. Amma infrastruktur baxımından Azərbaycanın yalnız 3-4 klubundan geri qalır. Digər tərəfdən Kiprdə insanlar futbolu daha çox sevirlər. Stadionlara, oyunlara daha çox tamaçaşı gəlir. Yerli azarkeşlər gəlib, komandalarının məşqlərini də izləyirlər. Amma təəssüf ki, Azərbaycanda belə deyildi.
- Bəs maddi baxımdan hansı fərq var?
- Maddi vəziyyətinə görə Azərbaycan klublarının şəraiti daha yaxşıdır. Amma bu o demək deyil ki, “Atromitos”un bu baxımdan hansısa problemi var.
- Rəhbərlik qarşınıza konkret olaraq, hansı vəzifəni qoyub?
- İlk gəldiyim gündə dedilər ki, komandanı mümkün qədər yuxarı pillədə görmək istəyirlər. Amma konkret olaraq, bu il yüksək liqaya vəsiqə qazanmağı tapşırıq kimi qoymadılar. Özləri də etiraf etdilər ki, bu, bir qədər çətindir. İmkan olsa bu il, olmasa, gələn il yüksək liqaya vəsiqə qazanmaq istədiklərini bildirdilər.
Təqdimetmə mərasimində jurnalistlər bu barədə mənə sual verdilər. Mən isə yüksək liqaya vəsiqə qazanmağa söz vermədiyimi, lakin son ana qədər vuruşacağımızı bildirdim. Amma son zamanlar artıq mətbuat komandanın güclülər sırasına qatılmaq şansının xeyli yüksək olduğunu yazır.
- Necə düşünürsünüz, komandanı ilk cəhddəcə güclülər sırasına yüksəldə biləcəksiniz?
- Məhz buna çalışırıq. Əgər bunu bacarsaq, çox yaxşı olardı. Həm də nəzərə almaq lazımdır ki, mən komandanı götürəndə “Atromitos” turnir cədvəlində 12-ci yerdə gedirdi. Qarşıdakı oyunlardan çox şey asılıdır.
Reqlamentə əsasən mövsümün sonunda ilk 4 pilləni tutan komandalar final mərhələsinə vəsiqə qazanırlar. Burada isə komandaların mövsüm ərzində yığdıqları xallar saxlanılıır. Final mərhələsində hər komandayla biri evdə, biri səfərdə olmaqla iki dəfə qarşılaşırsan. Sonda isə ilk 3 pilləni tutan komandalar yüksək liqaya vəsiqə qazanır. Bunun üçün də biz əvvəlcə ilk “dördlüy”ə vəsiqə qazanmalıyıq. Daha sonra isə ilk 3 sıradan birini tutmalıyıq. Məncə şansımız pis deyil.
- Fasilə dövründə komandaya kimləri dəvət etdiniz?
- Hazırda heyətimizə iki oyunçu cəlb etmişik. Biri portuqaliyalıdır. Hücumçudur. Çox güclü, səviyyəli bir oyunçudur. Ona böyük ümidlər bəsləyirəm. Digəri isə hollandiyalı Zeedorfdur.
- Mətbuatda “Xəzər Lənkəran”ın keçmiş futbolçusu, litvalı müdafiəçi Jutautasla maraqlandığınız barədə xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?
- Onunla maraqlanırdıq. Lakin sonradan transferindən vaz keçdik. Əvəzində başqa bir müdafiəçiylə maraqlanırıq. Bu məsələ qarşıdakı günlərdə həllini tapacaq. Arxa xətti mütləq gücləndirməliyik. Bunu edə bilsək, işlərimiz daha yaxşı gedər.
- Komandanıza azərbaycanlı futbolçu cəlb etməyi düşünürsünüz?
- İndiki halda “Atromitos”a azərbaycanlı futbolçuların gəlməsi qeyri-mümkündür. Çünki qaydalara əsasən Kipr çempionatının birinci divizionunda Avropa İttifaqına üzv olmayan ölkələrin futbolçuları oynaya bilməz. Amma gələn il yüksək liqaya yüksəlsək, azərbaycanlı futbolçuları komandaya dəvət etməyim mümkündür.
- Keçmiş komandanız “Bakı” ilə, ümumiyyətlə Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Əlbəttə. Bilirəm ki, “Bakı” hazırda Antalyada təlim-məşq toplanışındadır. Heyətini bir neçə futbolçuyla gücləndirib. Bir neçə gündən sonra komandanı Moskvada ciddi sınaq gözləyir. Amma “Bakı”nın “Birlik Kuboku”nda uğur qazanacağına əminəm. Eyni zamanda “Olimpik-Şüvəlan”ın da bir neçə gündən sonra Antalyaya təlim-məşq toplanışına yollanacağından xəbərdaram.
- Görürəm ki, futbolumuzda baş verən proseslərdən tam xəbərdarsınız. O zaman “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun “Tvente”yə transferinə sizin də münasibətinizi bilmək maraqlı olardı.
- Bu xəbəri sevinclə qarşıladım. Çünki hər zaman demişəm ki, Azərbaycan milli komandasının daha yaxşı çıxış etməsi üçün futbolçuların legioner həyatı yaşaması vacibdir. Vaqifin böyük potensialı var. Yayda biz həm Vaqifi, həm də onun komanda yoldaşı Elvin Məmmədovu transfer etmək üçün xeyli səy göstərdik. Uzun müddət danışıq aparsaq da, sonda istəyimizə çata bilmədik.
- Sizin fikrinizcə, başqa hansı futbolçularımız Avropada çıxış edə bilər?
- İlk növbədə Rəşad Sadıqovun adını çəkə bilərəm. Rəşad istər insan, istərsə də futbolçu kimi əvəzolunmazdır. O Avropanın istənilən klubunda oynamağa qadirdir.
- Bakı üçün darıxırınız? Mən keçmiş klubunuzu deyil, şəhəri nəzərdə tuturam.
- Darıxdığım vaxtlar olur. Orada çox gözəl günlərim olub. Özümə yaxşı dostlar qazanmışam. Buna görə də Azərbaycanı unutmağım qeyri-mümkündür. Sizin vasitənizlə də oradakı bütün dostlarıma, tanışlarıma salam göndərirəm.
- Bakıdan tez-tez sizinlə əlaqə saxlayırlar?
- Bu haqda danışmaq istəmirəm. Zəng vuranlar sağ olsun, vurmayanlar da. Heç kimdən inciməmişəm. Amma onu deyim ki, iki gün əvvəl Zaur Ramazanov mənə zəng vurmuşdu. Bir xeyli söhbət etdik. Zaur millidə mənim rəhbərliyim altında oynayıb. Düzdür, onunla işbirliyimiz elə də uzun müddət olmadı. Amma xətrini çox istəyirəm. Sağ olsun, o da mənə böyük hörmət edir. Bilirəm, çoxları Zaurun bir qədər fərqli xasiyyətdə olduğunu düşünür. Amma Zaur “qızıl” oğlandı, ürəyi təmizdir. Ola bilsin, hansısa məşqçiylə aralarında problem olub, bunu deyə bilmərəm. Amma futbolda bu cür hallar olur. Şəxsən mən Zaurun potensialının tükənmədiyinə, hələ də Azərbaycanın ən güclü hücumçularından biri olduğuna və tezliklə yenidən sözünü deyəcəyinə əminəm.
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı