Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin 2009-cu ilin yekunları ilə bağlı «525-ci qəzet» və Qol.Az saytına müsahibəsi
- Çempionatın səviyyəsi ilə bağlı mənim nəsə deməyim doğru olmazdı. Çünki bu yarışı bizim təşkilat keçirir. Hesab edirəm ki, çempionatın səviyyəsinə futbolsevərlər yox, futboldan anlayışı olanların qiymət verməsi daha məntiqlidir. Ancaq mən özüm onu deyə bilərəm ki, çempionatda gərginlik çox oldu. Birinci dövrənin ilk turlarında «Muğan» komandası irəlidəydi, indi isə bu komanda autsayderlər sırasındadır. Çempionatın sonuna beş tur qalsa da, üç komandanın - «Qarabağ», «İnter» və «Xəzər Lənkəran»ın «altıqda» yerini qorumaq şansı daha çoxdur. İndidən «altılığa» daha kimlərin düşəcəyi ilə bağlı proqnoz vermək çox çətindir.
- Bu çempionatın gedişində də oyun alqı-satqısı ilə bağlı qalmaqal yarandı. Sizin də yaxşı bildiyiniz kimi, «Turan» - «Neftçi» oyunu ilə bağlı indi də müzakirələr bitməyib.
- Bu oyunla bağlı xüsusi komissiya yaradıldı, araşdırmalar aparıldı. Biz onsuz da oyunun nəticəsinin əvəlcədən razılaşdırılması ilə bağlı iddiaların təsdiqini tapmayacağını gözləyirdik. Çünki oyunun videoyazısına baxmışdıq. Həmin matçın son dəqiqələrində «Turan» «Neftçi»nin qapısı qarşısında iki yüzfaizli qol vəziyyəti yaratsa da, qonaq komandanın qapıçısı komandasını xilas etdi. Belə söhbətləri «Turan» və «Neftçi»ni sevməyən insanlar ortaya atdı.
Birdə ki, konkret klub adı çəkməyəcəm, bəzi klublarda maliyyə məsələlərinə baxan şəxslər rəhbərlik qarşısında uğursuzluqlara bəraət qazandırmaq üçün rəqib komandaları, eyni zamanda bizim çempionatı ləkələməyə çalışırlar. Guya onlar hakim tərəfindən uduzdurulurlar və ya başqa bəhanələr uydururlar.
Çempionatın əvvəlində klub rəhbəri maliyyə işlərinə baxan adamlardan izahat tələb edirlər ki, niyə verdikləri bu maliyyənin qarşılığında belə uğursuz nəticə olub? Onlar isə yuxarıda qeyd etdiyim kimi, klublara, çempionatın təşkilatçılarına, hakimlərə şər-böhtan atırlar. Bu adam heç vaxt rəhbərləri qarşısında deməz ki, düzgün seleksiya aparmayıblar və yaxud məşqçi söyləmir ki, düzgün taktika qura bilmədim.
- Siz maliyyə işlərinə baxan adamlardan danışdınız. Belə çıxır ki, onlar klublarında yeyintilərə yol verirlər?
- Bəli, elədir.
- Yəqin ki, söhbət əsasən «altılıq» uğrunda mübarizə aparan klubun nümayəndələrindən gedir?
- Təkcə «altılıqda» yox, ümumiyyətlə, çox komandada belə söhbətlər var. Sonra da mətbuat vasitəsilə özlərinə xal yığmağa çalışırlar. Bu, düzgün deyil.
Əgər biz indi futbolu inkişaf etdirmək istəyiriksə, gəlin, birinci növbədə həlli vacib problemlərdən danışaq, onu həll edək. Təəssüf ki, bu prosesə bəzi KİV nümayəndələri də qoşulublar. Məşqçinin uğursuz taktikası, futbolçunun məsuliyyətsizliyi, qeyri-peşəkarlığı qalıb bir tərəfdə, bəzi jurnalistlər televiziya və ya qəzetlərdə ancaq hakim səhvi axtarmaqla məşğuldur. Rusiya və Türkiyə kanallarına baxın, orda ancaq futbolunun özündən danışırlar, bizdə isə futbolu ləkələməyə çalışırlar. Komandanın uğursuzluqlarını ciddi şəkildə təhlil etsələr, futbolçular da özündə məsuliyyət hiss edər.
- Bir halda ki, söhbət hakimlikdən düşdü, onda bəzi iradları qəbul da etmək lazımdır. Axı, bu mövsüm AFFA iki azərbaycanlı FİFA referisini hakimlikdən uzaqlaşdırdı.
-Bizim üçün fərqi yoxdur, FİFA referisi və ya milli dərəcəli hakim. Ötən həftə «Qarabağ» - «Bakı» oyununu cavan hakim Rasim Məmmədov idarə edirdi. Həm oyundan, həm hakimin idarəçiliyindən həzz aldım. Hər iki komanda yüksək səviyyəli oyun göstərirdi. Mən ümumiyyətlə, həmişə
həm səviyyələrinə, həm də obyektivliklərinə görə Avropa hakimlərinə deyil, özümüzünkülərə üstünlük vermişəm. Avropalı hakimlərin Azərbaycanda və millimizin iştirakı ilə keçirilən matçları necə idarə etmələrinin şahidiyəm. Onların milli komandamıza, klublarımıza vurduğu zərbəni unutmamışam.
Rövnəq Abdullayev AFFA prezidenti kimi fəaliyyət göstərdiyi vaxtdan hakimliyin səviyyəsi günbəgün artmağa başlayıb. İndi əvvəlkitək heç bir hakimə hansısa komandanı uduzdurmaq barədə göstəriş verilmir. Hakimlərə yalnız o tapşırılır ki, oyunları düzgün, ədalətli idarə etsinlər. Dünya və Avropa çempionatlarında, Avropa kuboklarındakı kimi ciddi səhvlər bizdə yoxdur. Gərək, hər şeyi olduğu kimi deyəsən. Mən bununla hakimlərin tərəfini saxlamaq istəmirəm. Bir neçə gün öncə qonağım olan bir şəxs bildirdi ki, futbolla bağlı bəzi verilişlər və mətbuatda gedən müzakirələr onun bu sahəyə həvəsini azaldır. Yəni, bəzi şayiələr insanları futboldan iyrəndirir.
- Klublar tərəfindən hakimləri ələ almaq cəhdləri olurmu?
- Klublar yox, bəzən klubların nümayəndələri, baş məşqçinin köməkçisi tərəfindən zənglər edirlər. Bu hal olanda hakimlər bizi məlumatlandırılar.
- Bəs, nəyə görə klublara cəza tətbiq etmirsiniz?
- Klub nümayəndəsi o zaman deyir ki, yox, mən bu sözləri o mənada söyləməmişəm. Sadəcə, hakimdən xahiş etmişəm ki, obyektiv olsun. Təkrar edirəm, biz özümüz də hakimdən obyektivlik tələb edirik.
- FİFA referisi Fariz Yusifov da cəzalandırılıb. Onu yaşıl meydanlarda bir də nə vaxt görəcəyik?
- Bu sual AFFA-nın Hakimlər Komitəsinə aiddir.
- Amma PFL çempionatın təşkilatçısı olduğu üçün AFFA-nın Hakimlər Komitəsilə də əlaqəli işləyir.
-Qarşılıqlı formada əlaqələrimiz olsa da, belə məsələlər sırf Hakimlər Komitəsinin səlahiyyətinə aiddir. Şəxsən mən Fariz Yusifovla bağlı qərarı dəstəkləyirəm. Əgər hakimin səhvi varsa, mütləq cəzasını almalıdır.
Yeri gəlmişkən, keçən mövsüm Mübariz Mənsimovla birlikdə «Standard» -«Xəzər Lənkəran» oyununu izləyirdik. Oyunu İmanxan Sultani idarə edirdi. Hakim qayda pozuntusu olmasına baxmayaraq, lənkəranlıların qapısına 11 metrlik zərbə təyin etmədi. İnanırsız, Mübariz Mənsimovun hakimin bu qərarına necə acığı tutdu. Və yaxud bir dəfə hakim «Bakı» komandasının futbolçusuna «qırmızı vərəqə» göstərdi. Cəzalanan öz futbolçusu olsa da, hakimin qərarını ilk alqışlayanlardan biri «Bakı»nın prezidenti Hafiz Məmmədov oldu. Hətta mənim yanımda klubun vitse-prezidentinə zəng edərək, həmin futbolçunun komanda tərəfindən də cəzalandırılmasını tələb etdi. Əgər bu gün klub rəhbərləri arasında sorğu keçirsək, onların 80 faizi çempionatdan razı qaldıqlarını deyəcəklər. Yerdə qalan və oyunları stadiondan izləmək üçün vaxtı olmayan klub rəhbərlərinə isə çox zaman düzgün məlumat vermirlər.
- Uzun müddət «Neftçi»də çalışdığınız üçün bu komandadakı son rəhbər dəyişikləri ilə bağlı da fikrinizi bilmək istərdik.
- Həm Əkbər Hacıyev, həm də Sadıq Sadıqovu yaxından tanıyıram, hər ikisinə böyük hörmətim var. Sadıq Sadıqov uzun müddətdir «Neftçi» İSM-də çalışır. Olimpiya oyunlarında medalların 70 faizini Sadıqovun rəhbərlik etdiyi «Neftçi» İSM-in idmançıları qazanıb. O, sırf idmana bağlı bir insandır. Mənə elə gəlir ki, Sadıqov «Neftçi»də böyük bir dəyişiklik edəcək.
- Bunu sizdən təsadüfən soruşmadım. Vaqif Sadıqov və Tahir Süleymanovun «Neftçi»yə təyinatı məsələsində sizin böyük rol oynağınız bildirilir.
- Bunlar şayiədir və buna heç kim inanmaz. Məni hər kəs tanıyır. Mən artıq il yarımdır ki, «Neftçi»dən uzaqlaşmışam. Çempionatdakı 12 komandanın hər biri mənim üçün eynidir. «Turan» və «Muğan» komandalarında da dəyişiklik olub. Deməli, bunu da mən etmişəm?
- «Qarabağ»ın kuboku qazanması münasibətilə keçirilən tədbirdə bildirmişdiniz ki, məşqçilərdən biri zəng edərək kuboku Ağdam klubuna «hədiyyə etməyiniz» münasibətilə sizi təbrik edib. Buna oxşar zənglər yenə də davam edir?
- Bəli. Bir neçə gün öncə bir klub rəhbəri zəng edərək qapılarına 11 metrlik zərbənin «Neftçi»yə görə təyin olunduğunu iddia etdi. Bu qarşılaşmada digər komanda heç «Neftçi» deyildi. Dedim ki, burada nə «Neftçi»nin, nə də mənim günahım var. Sonra həmin oyunun videoyazısına bir yerdə baxdıq. Onun «penalti yox idi» dediyi epizodda yüz faiz qayda pozuntusu vardı. İnsan gərək sözünü deməmişdən əvvəl bir fikirləşsin. Sənin oyunçun əllə oynayırsa, başqa sözlə, top oyunçunun əlini yox, oyunçunun əli topu tapırsa, təbii ki, hakim penalti təyin edəcək də. Amma gəlin görək, klub rəhbəri öz futbolçusunun günahını kimin üzərinə atır? Ramin Musayevin, «Neftçi» komandasının. Məgər «Neftçi» və ya Ramin Musayev futbolçuya göstəriş verib ki, əllə oynasın?
- Yeri gəlmişkən, «Qarabağ»la bağlı həmin zəngin sizə Ağasəlim Mircavadov tərəfindən edildiyi iddia olunur.
-Yox. Ağasəlim Mircavadov bizim ağsaqqalımızdır, öz ömrünü futbola sərf edib, Azərbaycan futbolunda böyük zəhməti var. İki ilə yaxın bir yerdə çalışmışıq. Öz sənətini sevən, çalışdığı komandaya hörmət edən bir şəxsdir.
- Bu çempionat fərqli sistemdə keçirildi. Növbəti yarışda premyer-liqanın keçirilmə qaydasında hansısa dəyişiklik gözlənilir?
- Əgər indiki «altılıq» sistemi özünü doğrultsa, belə də davam edəcək. Ən azı oyun sayını fikirləşmək lazımdır. Futbolçu nə qədər çox oyun oynayarsa, bir o qədər də peşəkarlığı artar. Bununla həm öz komandasına, həm də milliyə daha çox xeyir verə bilər. Artıq Vaqif Cavadov «Tvente» komandası ilə anlaşıb və yanvardan orada çıxış edəcək. Bax, budur, çempionatın səviyyəsinin qalxması.
Yerli futbolçulardan Ruslan Abışov və başqaları da xaricdən dəvət alıb. Bütün bunlar bizim üçün fəxr deyilmi? Bəzi jurnalistlər bunlardan yazsınlar, belə nailiyyətləri işıqlandırsınlar. O biri futbolçular da görsünlər ki, doğrudan da, həm məşqçinin, həm də oyunçunun zəhmətinə qiymət verilir. Əgər oyun sayı az olsa, Vaqif Cavadov harada təcrübə toplaya bilər? Hərdən deyirlər ki, hansısa futbolçunun praktikası az olduğundan oyun göstərə bilmir. Bu oyunçu harada oynamalıdır? Evdə musiqini qoyub oynamalı deyil ki. AFFA və PFL rəhbərliyi çox geniş müzakirələr apardı. Çempionatı dörd dövrə etmək çətinlik yaradacaqdı. Ona görə də, belə qərara gəldik ki, «altılıq» sistemi tətbiq edək. Dediyim kimi, bu sistem özünü doğrultsa, belə də davam edəcək. Sadəcə, bu il bəzi yumşaq qərarları sərtləşdirəcəyik. Məsələn, bir-birini bilərəkdən vuran futbolçuya iki oyunluq cəza verilir. Mən bunun əleyhinəyəm. Biri digərini bilərəkdən vurursa, bunun üçün 2 oyun cəzası azdır. Əgər bir digərinə qəsdən tüpürdüyü halda 6 oyun cəzalandırılırsa, təpiklə və əllə vurduğuna görə də minimum 6 oyun cəza almalıdır. Bir oyunçuya olunan təhqir digər futbolçulara da təsir edir. Və yaxud məşqçinin planlarını pozur. Biz özümüzü yox, futbolu fikirləşirik.
- Bununla bağlı hansısa müzakirələr aparmısınız?
- Bəli. AFFA-nın müvafiq komitəsində bu fikrimlə razılaşanlar çoxdur. Çox güman ki, bu məsələylə bağlı qərar artıq növbəti mövsümdən qüvvəyə minəcək.
- Bir ara Azərbaycan kubokuna da sponsor tapılması ilə bağlı məlumatlar yayılmışdı…
- «Unibank» premyer-liqaya sponsorluq etdikdən sonra bəzi adamlar bu banka qarşı antipatiya yaratmağa cəhd etdilər. Biz həqiqətən də kuboka sponsorun olması ilə əlaqədar danışıqlar aparmışdıq və onun razılığını almışdıq. Amma «Unibank»la bağlı antireklamı gördükdən sonra kubokun sponsoru olmaq istəyən bankın rəhbəri mənə zəng edib fikrindən daşındığını bildirdi. Onlar heç də az pul vermirdilər. Baxmayaraq ki, premyer liqa ilə kubok oyunlarının sayı bir-birindən fərqlənir. Amma həmin adam dedi ki, mənə antireklam lazım deyil. Bax, budur bizim bəzi jurnalistlərin futbola verdiyi «xeyir». İndi kubokun sponsoru olması üçün bir şirkətlə danışıqlar gedir. Adını çəkməyə qorxuram. Deyirəm, birdən indi də həmin şirkəti işə başlamazdan hədəfə götürələr. Amma inanıram ki, onlarla müqaviləmiz baş tutacaq.
- «Qarabağ»ın Quzanlıya getməsi çox müsbət qarşılandı. «Unibank»ın premyer-liqaya ayırdığı pulların «Şuşa» komandası üçün stadionun tikintisinə sərf ediləcəyini bildirmişdiniz. Bununla bağlı işlər nə yerdədir?
- Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı və «Şuşa» komandasının nümayəndəsi ilə bu barədə söhbətimiz olub. Hazırda stadion tikintisi üçün onlara yer ayrılmalıdır. «Şuşa» komandasının adına Ramana qəsəbəsində yer ayrıldıqdan sonra PFL təkcə öz gücünə yox, AFFA-nın dəstəyilə böyük stadion tikdirəcək.
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi