“Neftçi”də elələri var ki, məni görəndə salam da vermirlər”

“Neftçi”də elələri var ki, məni görəndə salam da vermirlər”
MÜSAHİBƏ 8 Fevral 2016 / 16:01 6348
-  A +

“CBC Sport” kanalının şərhçisi, tanınmış jurnalist Gündüz Abbaszadə Qol.Az saytına müsahibəsi


- İlk öncə jurnalistikaya gəlməyinizdən danışmağını istərdik..

- Jurnalistikaya gəlmək ifadəsi bir az iddialı səslənir. Özümü hələ jurnalistikanın zirvəsində hesab etmirəm... Bu peşəni seçməyimə səbəb jurnalist ailəsində böyüməyimdi. Ailəmə yaxın insanların da böyük əksəriyyəti jurnalist, yazar olub: Şakir Yaqubov, Nəriman Əbdülrəhmanlı, Arif Əmrahoğlu kimi... Amma universitetə sənəd verəndə ailəm ya hüquq, ya da beynəlxalq münasibətlər fakültəsini seçməyimi istəyirdi. Mən isə birinci jurnalistikanı yazdım və bu fakültəyə də qəbul oldum...

- Ailəniz jurnalist olmağınızı niyə istəmirdi?

- Çünki jurnalistika az gəlirli sahə idi...  Heç yadımdan çıxmaz, universitetə hazırlaşırdım. 11-ci sinifdə oxuyanda Nəriman Əbdülrəhmanlı hansı fakültəni istədiyimi soruşmuşdu. Jurnalist olmaq arzumu biləndə mənə dedi ki, bu peşədə pul qazanmaq iynə ilə gor qazmaq kimi bir şeydir.

- Amma siz yenə də jurnalistikanı seçdiz.

- Bəli. Peşman da deyiləm.

- Niyə məhz idman jurnalistikası?

- İdmana, xüsusilə də futbola uşaqlıqdan həvəsim olub. Ümumiyyətlə, bütün idman növləri ilə maraqlanıram.  Futbolla olmasa da, bir az həndbolla məşğul olmuşam. Sonradan gördüm ki, bu idman növü mənə görə deyil. Jurnalistikada oxuyanda da qarşıma məqsəd qoymuşdum ki, idman jurnalisti olmalıyam.

- Televiziyaya gəlişiniz necə oldu?

- İlk iş yerim “İdman” qəzeti olub. Daha sonra Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramında işləmişəm. Elnur Əşrəfoğlu ilə idman verlişlərini hazırlayırdıq. “Səhər”də işləyəndə qrup yoldaşım Leyla Həsənova ANS-də idman redaksiyasına adam axtarıldığını və onlara məni təklif etdiyini bildirdi. Bir müddət sonra məni ANS-ə çağırdılar və bir neçə nəfər arasından seçildim. ANS-də işləyən zaman İlqar Mikayıloğlu və Asif Bağırovun mənə çox dəstəyi oldu.

- Belə başa düşdüm ki, ANS jurnalistika karyeranızda  böyük rol oynayıb.

- Bəli. ANS özümü jurnalistikada göstərməyim üçün böyük şans idi.

- Bəs, dövlət televizyasında sizə özünüzü subut etməyiniz üçün şans verilməmişdi?

- Əslində heç bir əngəl yox idi. Sadəcə AzTV-də rəsmi işçi deyildim. Onlarla tələbə kimi əməkdaşlıq edirdim, öyrənirdim. Bəlkə də müəyyən müddət keçsəydi orda tanınardım. Amma ANS-dəki kimi efirə çıxmaq, veriliş aparmaq kimi imkan yox idi. Bütün bunları nəzərə alaraq ANS-i seçdim.

- Şərhçiliyə də orada başladınız?

- Bəli. Həmin vaxt ANS-də Doktor Ziya, Rahib Azəri və Asif Bağırov, İlqar Mikayıloğlu çütlüyü şərhçilik edirdi. Rahib Azəri işdən ayrılandan sonra bir nəfər lazım oldu. Aynur Talıbova və mənim aramda seçim etdilər. Elə oldu ki, mən seçildim. İlk şərh etdiyim oyun isə “Fənərbaxça”- “Sparta” (Praqa) matçı idi.

- Türkiyə klublarının oyunlarında çılğın şərhçilik edirdiz. Hətta bu, məhşur şoumen Bəyazın diqqətini çəkmişdi və siz onun verilişində qonaq olmuşdunuz.

- Bütün türk klublarının yox, yalnız “Fənərbaxça”nın. Çünki həmin vaxt bu klubun fanatı idim. “Çelsi” üzərində qələbə qazanan oyunu elə çılğın şərh etmişdim ki, Türkiyə kanallarında “Azəri spiker çoşdu, coşdurdu” başlığı altında xəbərlər vermişdilər. Həmin vaxt “Sivasspor”da oynayan İlqar Qurbanovdan nömrəmi istəmişdilər. İlqar mənə zəng vurdu ki, səni “Bəyaz şou”dan axtarırlar. Mənim razılığımı alandan sonra nömrəmi onlara vermişdi. İlqar Qurbanovla danışandan sonra zəng vurdular ki, bütün xərclərinizi qarşılayırıq, istəyirik “Bəyaz şou”da qonaq olasınız. Mən də razılaşdım.


                                       

- Bəs indi niyə sizdə o vaxtkı çılğınlığı görə bilmirik?

- Çünki onda gənc idim. Azarkeşlik etdiyim klublara rəğbətimi büruzə verirdim. Çılğınlığım da bundan irəli gəlirdi. İndi milli komandamızın və klublarımızın beynəlxalq oyunlarını şərh etmək qismət olsa, daha çılğın şərhçiliyimi görəcəksiniz.

- Son dövrlərdə sosial şəbəkələrdə şərhçilərimiz tənqid olunurlar. Bu, nədən irəli gəlir?

- Azərbaycanda şərhçilik məktəbi olmayıb. O məktəbi yaratmağa da can atmayıblar. Çingiz İsmayılov, Valid Sənani, Aydın Əliyev kimi şərhçilərimiz olub. Bu işi onlar öz üzərlərinə götürməli və o məktəbi yaratmalı idilər. Tənqidə gəldikdə deyərdim ki, sədəcə zamanın tələbi fərqlidir. ANS-də çalışdığım vaxt ən çox tənqid olunan biz idik. Həmin vaxt idman saytları olmadığından hamı xəbərləri idman qəzetlərindən oxuyurdu. Demək olar ki,“Futbol+” qəzetinin hər nömrəsində ANS-in şərhçiliyi ilə bağlı tənqidi yazı olurdu. Amma indi istər sosial şəbəkələrdə, istərsə də küçədə azarkeşlər deyirlər ki, ANS-in o vaxtki şərhləri üçün darıxıblar. 

- Bəs hazırda şərhçilərimizin əsas problemi nədədir?

- Deyərdim ki, bu gün bizim şərhçilər Türkiyədəkilərdən irəlidədir. Rus şərhçilərindən bir az geri qalırıq. Bizim üstün cəhətimiz ondadır ki, həm türkləri, həm də rusları başa düşürük. Hər ikisindən müsbət cəhətləri öyrənə bilərik.

- “Neftçi”yə keçidiniz necə alındı?

- “Neftçi”yə məni klubun o vaxtkı prezidenti Sadıq Sadıov dəvət etmişdi. Orada işləməyimdən də peşman deyiləm. Bu klubda çox uğur qazanmışam. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda Avropa Liqasının qrup mərhələsində ilk dəfə oynayan klubun mətbuat xidmətinin rəhbəri mən olmuşam Kim bəyənsə də, bəyənməsə də bunu tarixdən silmək olmayacaq.


                                     

- Yəni “Neftçi” karyeranız uğurlu alındı?

- Çox uğurlu alındı. Tənqid də olundum. Amma peşman deyiləm. Bəzi şeylər var ki, təəssüflənirəm, amma hər şey geridə qalıb. Fəxr edirəm ki, mən “Neftçi” kimi bir ailənin üzvü olmuşam. “Neftçi”nin yaxşı və pis günlərində onun yanında olmuşam. Mən işimi sevirdim. “Neftçi” mənim futbol ehtirasımı öldürürdü. Mən bu klubla yaşayıb, nəfəs alırdım.

- “Neftçi”dəki işinizin öhdəsindən istədiyiniz kimi gələ bildiniz?

- Məncə yox. Hər bir işdə yanlışlar, nöqsanlar olur.  Amma nöqsanın varsa demək ki, həqiqətən iş görürsən. Ümumi götürəndə mən “Neftçi” üçün çox şey etmişəm, hətta səhhətimi də bu klub üçün qurban vermişəm.

- ANS-də birlikdə çalışdığınız Mehman Rəsulovun “Neftçi”yə gəlişi necə oldu?

- Mehman ANS-dən ayrıldıqdan sonra ona dedim ki, narahat olma, sən işsiz qalmayacaqsan. Sonra Sadıq Sadıqovdan xahiş etdim ki, Mehmanı “Neftçi”yə gətirək. Mən onun “Neftçi”yə gəlməsində sadəcə vasitəçi olmuşam. Həmin vaxt onun “Neftçi”dən heç kimlə münasibəti yox idi. Onun “Neftçi”yə gəlməsinə də peşman deyiləm.

- Əvvəlki münasibətiniz hələ də qalır?

- Mehmanla bizim heç vaxt elə də yaxın münasibətimiz olmayıb. İş yoldaşlığından bir az artıq olmuşuq. Mən “Neftçi”dən ayrılandan sonra 3-4 dəfə danışığımız olub. Amma yəqin özü də etiraf edər ki, “Neftçi”də Mehmanın problemləri çox olub və mən sinəmi qabağa verib onu qorumuşam. Çünki Mehman o kluba mənim xahişimlə gəlmişdi və onu qorumaq da borcum idi. Bu gün isə Mehmanla aramızda heç bir problem yoxdur.

- “Neftçi”dən son zamanlar problemsiz ayrılan tək-tək insanlardan oldunuz.

- Hər şeyin kökündə hansısa bir problem dayanır. Sadəcə mən işdən ayrılmağıma bir dəfə münasibət bildirib, sözümü dedim. İndi də işimlə əlaqədar “Neftçi”nin oyunlarına şərhçi kimi gedirəm, klub nümayəndələri ilə də görüşürəm. Münasibətimiz də normaldır. Düzdü, mənimlə görüşməyənlər də var. Bəziləri var ki, çox işinə yaramışam, amma indi məni görəndə salam da vermirlər.

- Yenidən şərhçiliklə məşğulsunuz.

- “Neftçi”dən ayrılandan sonra da bildirmişdim ki, əvvəlki işimi davam etdirmək istəyirəm. Bu təklif də “CBC Sport2dan gəldi və dəyərləndirdim. İndi görürəm ki, klubda öyrəndiyim çox şey işimdə mənim köməyimə gəlir.

- Hansısa klubdan təklif gəlsə necə, yenidən mətbuat xidmətində çalışarsınız?

- İndidən nəsə demək çətindir. Əsas odur ki, hansı klublarda çalışmayacağımı bilirəm. Yəni 2-3 klub var ki, onlardan təklif gəlsə belə, heç vaxt qəbul etmərəm.

Ergün SEYİD

Daha çox


Son xəbərlər