"Heç kim Rauf Əliyev və Kamran Ağayevin 5 minə oynayacağına inanmazdı"
Futbol meneceri Erkin İbrahimov Qol.Az saytına müsahibə verib. O, müsahibəsində devalvasiyadan sonra klubarımızın transfer durumu, yerli və əcnəbi futbolçuların hazırkı qiymətləri barədə danışıb.
- Klublarımızın maddi durumunun pisləşməsindən sonra hər şey göz qabağındadır. Demək olar ki, iş yoxdur. Hətta daha imkanlı klublar taransfer məsələlərində susqundurlar. Bu, bir tərəfdən də yaxşıdır. Çünki klublarımız artıq daha diqqətli olacaq. Əvvəllər bir mövqeyə bir neçə əcnəbi futbolçu cəlb olunurdu. Çünki pul var idi, hər şeyə göz yumulurdu. Amma indi mövcud maliyyə durumu klubları elə vəziyyətə saldı ki, onlar transfer edəndə səhvə yol verməyəcəklər. Əksinə klublardan gedənlərin sayı çoxalacaq. Məsələn, Çumbinyo. Əminəm ki, ona əvvəlcə də təkliflər var idi. Sadəcə, Qurban Qurbanov buraxmırdı. Amma indi təklif gələn kimi transfer kağızını verdilər getdi.
- Devalvasiyadan sonra klublarda yaranan maddi problemlər yerli futbolçulara qapıların açılması baxımından faydalı ola bilər?
- Bu, futbolçudan asılıdır. Rahid Əmirquliyev ölkənin ən yaxşılarından biridir. O, harda olmasından aslı olmayaraq yenə də yüksək əmək haqqı alacaq. Digər futbolçular üçün isə çətin olacaq. Biz “Qəbələ” və “Qarabağ”dan tələb edə bilmərik ki, Avropa Liqasında 11 yerli futbolçu ilə oynasın. Amma AZAL, “Rəvan” kimi klublarda bu sistem işləyəcək.
- Mövcud vəziyyətdən sonra klublar arasındakı səviyyə fərqi çempionatımızı uçuruma sürükləyə bilər?
- Bu gedişat “Qəbələ” və “Qarabağ”a da təsirsiz ötüşməyəcək. Dünya futbolunda elə bir çempionat yoxdur ki, bir klubda futbolçu yüksək qiymətə oynasın, digərində çox aşağı. Ona görə də bəzi klublar durumlarını düzəltməlidir. Amma Azərbaycanda 1-2 klubun vəziyyətinin düzələcəyinə inanmıram. Çünki komandaya bir nəfər dəstək göstərir. Bu insanların da maddi vəziyyəti yaxşı deyilsə, onlara paraşütlə göydən pul düşəsi deyil. Belə davam etsə “Qarabağ” və “Qəbələ” də yüksək pul verdiyi futbolçuların maaşını məcburən yarıya endirəcək. Bundan sonra Reynaldo “Qarabağ”da qalarmı? Ona görə də istər-istəməz klublar arasında balans yaradılmalıdır.
- Legionerlərə ehtiyac azalandan sonra deyə bilərikmi Azərbaycanda daha səviyyəli yerli futbolçular görə biləcəyik? Çünki yerli futbolçular daha yaxşı durumda olan klublarda oynamaq üçün can atacaq.
- “Qəbələ” çempionatın ilk yarısında 10 oyun qələbə qazana bilmədi. Düzdür, bunun səbələrindən biri baş məşqçi Roman Qriqorçukun səhvləri və futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsi idi. Əsas məqam isə odur ki, onaların rəqiblərinin heyətindəki futbolçular meydanda can qoyurdu. Çünki daha yaxşı durumda olanlar “Qəbələ”nin, “Qarabağ”ın heyətinə düşmək istəyirlər. Yerli futbolçular baxırlar ki, bəzi klublarda oynayan leginorlerin çoxundan daha yaxşısını edə bilərlər. Əmin olun ki, həm “Qarabağ”ı, həm də “Qəbələ”ni çempionatın debütantlarına qarşı çox ağır oyunlar gözləyir. Qurban Qurbanov və Roman Qriqorçuk artıq sözün yaxşı mənasında “ac” futbolçulara qarşı oynamalı olacaqlar. Buna görə də çempionatın ikici yarısının çox maraqlı keçəcəyini düşünürəm. İnanıram ki, yayda Avroliqa qabağı ilk pillədə olan klublar debütantlardan yaxşı futbolçular transfer edə biləcək.
- Niyə bu gün yerli futbolçular Avropaya çıxa bilmir?
- Bir menecer Serbiya çempionatına baxır, görür çox aşağı qiymətə 20 yaşlı perspektivli futbolçular var. Halbuki bu futbolçular gələcəyin Krasiçi, Milanoviçidir. Amma Serbiyada onlara yaxşı maaş verən klub yoxdur. Belə futbolçuları digər ölkələrə 5-6 min avroya aparmaq daha asandır. Bizdə isə bu tip futbolçular azdır. Onlar da Azərbaycanda yaxşı klublarda oynayır. Yerləri də möhkəmdir deyə kənara aparmaq olmur. Çıxara bildiklərimizə isə tələbat yoxdur.
- Bizim futbolçuların qiymətləri menecerləri qane edir?
- Ümumiyyətlə, əvvəllər Azərbaycanda klubların büdcələri şişirdilmişdi. Bu, legionerlərə də aiddir. Elə legioner var ki, vətənində onlara çox aşağı pul verirlər. Amma gəlib Azərbaycanda 100-150 minə oynayırlar. Məsələn, Kaxaber Sxadadze Gürcüstanda heç bir işə yaramayan futbolçuları yığmışdı “İnter”ə. Futbolçuların qiyməti süni şəkildə şişirdilmişdi. Amma indi belə deyil. Devalvasiya qiymətləri də tənzimləyəcək. Ondan sonra bəlli olacaq ki, kimin həqiqi dəyəri nədir.
- Yəni Azərbaycanda oynayan leginerlər transfer qiymətinə dəymir?
- Hazırda 10-15 futbolçu var ki, öz qiymətlərinə layiqdirlər. Bunlar da “Qəbələ”də, “Qarabağ”da, “Neftçi”də cəmləşiblər. Bu futbolçular həqiqətən də halal əmək haqqı alırlar.
- Bəzən öz qiymətindən aşağı oynayan futbolçulara da rast gəlmək olur.
- Bu, adətən yerli futbolçular arasında olur. Bir çox yerli futbolçunun qiyməti çox aşağı düşüb. Kim 2 il bundan əvvəl desəydi ki, Kamran Ağayev, Rauf Əliyev 5 minə oynayacaq, heç kim buna inanmazdı. Amma futbolçu həyatı bəzən acı olur. Onlar indi buna məcburdurlar. Onu da qeyd edim ki, belə davam etdikcə futbolçuların özləri xaricdə oynamağa can atacaq.
- Bəs Azərbaycana gələn əcnəbi futbolçular niyə yenidən transferə çıxarılanda çox aşağı qiymətə satılır?
- Bu, həm ölkənin coğrafi durumu, həm də futbolumuzun çox aşağı səviyyədə olması ilə bağlıdır. Əvvəllər yaxşı futbolçular üçün Avropada oynamaq daha nüfuzlu idi, nəinki Azərbaycanda. Ona görə hər hansı bir brazilyalı futbolçu gedib Yunanıstanda, məsələn, 5 manata oynayırdısa, Azərbaycana gəlmək üçün 10 manat istəyirdi. Bu da təbiidir. Bir neçə il bundan öncəyə qədər bizim komandaların böyük klublarla oyunları olmurdu. Amma indi, Avropaya çıxdıqca daha səviyyəli futbolçular Azərbaycana gəlməyə can atır. Bu yaxınlarda Çempionlar Liqasının qrupunda oynamış, Bolqarıstan millisinin bir üzvü mənə
Azərbaycana gəlmək istədiyini bildirmişdi.
- Deməli, “Qarabağ” və “Qəbələnin Avropa Liqasında qazandığı uğurlar həm də yaxşı legionerlərin ölkəmizə marağına səbəb olur?
- Şübhəsiz belədir. Keçən ilə kimi Azərbaycan deyəndə “Nefçi” və “Qarabağ” adı çəkilirdisə, indi “Qəbələ”ni də bu siyahıya əlavə edirlər. Bu da təbiidir. Sən ölkəni, klubunu ancaq nəticələrə görə tanıda bilərsən. Heç kimə klubun tarixi maraqlı deyil. Onların göstərdiyi nəticələr daha vacibdir. “Qəbələ”, xüsusilə də “Qarabağ”ın Avropada yaxşı oyunlarından sonra Azərbaycana maraq artıb. İtaliya A Seriyasında oynayan futbolçular var ki, Azərbaycan futbolu ilə maraqlanır, ölkəmizə gəlməyə can atırlar.
Ergün SEYİD