"Bizə dayaq olan yoxdur" - Səlahət Ağayev

"Bizə dayaq olan yoxdur" - Səlahət Ağayev
ÖLKƏ FUTBOLU 8 Dekabr 2015 / 00:50 4641
-  A +

“İnter”in qapıçısı Səlahət Ağayev Premyer Liqanın 15-ci turunda “Qarabağ”a məğlub olduqları oyundan sonra (0:1) Qol.Az saytına müsahibə verib.

- İlk öncə “Günəşli” yatağında baş verən faciədə ölənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə isə “Qarabağ”ın necə komanda olduğu hamıya məlumdur. Heç bir şərhə ehtiyac yoxdur.


- Səncə, “Qarabağ”ı məğlub etmək mümkünsüzdürmü?

- Bu vəziyyətdə biz “Qarabağ”la başabaş futbol oynadıq. Məğlub olmağımızı faciə saymazdım. Məncə, belə bir komanda ilə oyunda uduzmağımız normaldır.

- Sanki meydanda tam oyununu göstərə bilmirdin, bəzi epizodlarda səhvlərə yol verdin...

- Deməzdim ki, tam gücümlə oynamırdım. Biz meydana ancaq qələbə qazanmaq üçün çıxırıq. Amma bu futboldur. Bütün futbolçuların səhvi ola bilər.

- Son zamanlar Səlahət Ağayev meydanda çox sakitdir. Əvvəlki çılğınlığını, meydanda kapitan aqressivliyini hiss etmirik.

- Məndən öndə oynayan müdafiəçilərdir. İrəlidəki futbolçularla danışa bilmirəm. Müdafiəçilərin də ən gəncinin 35 yaşı var. Mənim onlara qışqırmağım bir az düz çıxmır. Bu mənim insanlığıma sığışmayan hərəkətdir.

- Yanvar ayında digər kluba keçmək fikrin yoxdur?

- Ötən mövsümün sonunda təkliflər oldu. Amma “İnter”də qalmağa üstünlük verdim. Çünki böyük futbola bu klubda gəlmişəm. Yaxşı günlərində klubda olmuşamsa, pis gündə də qoyub qaçmaq istəmədim.

- Yəni qış transfer pəncərəsində də“İnter”dən ayrılmayacaqsan?

- Bu haqda nəsə demək hələ tezdir. İlk öncə “İnter”, daha sonra digər klubların təkliflərinə baxacam.

- Rəhbərlik tərəfindən futbolçulara problemlərlə bağlı hansısa vədlər verilib?

- Bildiriblər ki, yaxın vaxtlarda problemlər öz həllini tapacaq. 
 
- Belə çətin durumda liderlik uğrunda mübarizə aparmaq nə dərəcədə asandır?

- “İnter” elə bir klubdur ki, oyuna çıxanda problemlərə baxmır. Biz hər zaman iddialı olmuşuq, belə də davam edəcəyik. Əlbəttə, ötən illərə baxanda indi oyunlara motivasiya olmaq asan deyil.

- Komandaya kömək əlini uzadan yoxdur?

- Baş məşqçi, futbolçular və işçilərdən başqa bizə dayaq olan yoxdur.

- Çempionat başlayanda durumun necə olduğunu bilirdin. Bəs belə davam edə biləcəyini düşünmürdün?

- Sözün açığı yaxşı olacağını fikirləşirdik. Amma bu qədər problemin qarşısında düşünürəm ki, pis nəticə göstərməmişik.

Ergün SEYİD

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu