"Uzun müddət oyunsuz qalacağıq" - Tərlan Əhmədov

"Uzun müddət oyunsuz qalacağıq" - Tərlan Əhmədov
MÜSAHİBƏ 25 Sentyabr 2014 / 14:13 4374
-  A +

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Qol.Az saytına müsahibəsində komandasının yeni mövsümdə nümayiş etdirdiyi oyunu qiymətləndirib, Premyer Liqamızın növbəti turunda "İnter"lə qarşılaşacaqları görüş haqda danışıb.



- Premyer Liqamızın altı turu arxada qaldı. Qurduğunuz komandanın çempionatdakı startı haqda nə fikirdəsiniz?
 
- Hələ ki, beş oyun keçirmişik. "Neftçi" ilə görüşümüz təxirə düşüb. İki qələbə, iki məğlubiyyət və bir heç-heçəmiz var. Hər iki qələbəni səfərdə qazanmışıq. Nədənsə, doğma meydanda qələbə qazana bilmirik. Komandamız yenicə özünə gəlib. Çempionat təzə başlayıb. İndidən oyunumuzu analiz etmək düzgün olmazdı. Bir neçə gündən sonra Premyer Liqamızda uzunmüddətli fasilə yaranacaq. Çalışacağıq ki, bu fasilədə mövcud problemləri aradan qaldıraq. Hər halda geridə qalan beş turda daha yaxşı çıxış etmək olardı. Ancaq fuutbolda məğlubiyyətlər də qaçılmazdır. Hər oyun meydana qələbə üçün çıxırıq. Rəqiblərimiz də bizi öyrənir, qalib gəlmək üçün hər şey edirlər. Düşünürəm ki, bir qədər çatışmazlığımız var. Bunları aradan qaldırıb, daha yaxşı oyun nümayiş etdirəcəyik.
 
- Belə başlanğıc sizin üçün gözlənilən idi?
 
- Biz hər beş oyunda qalib gəlmək istərdik. Hələ ki, nəticəyə o qədər də önəm vermirik. Məni narahat edən komandadakı boşluqlardır. Futbolçularımız oyun zamanı xətlərarası əlaqəni itirirlər. Çempionat uzun bir marafondur. Hələ çox nəticə qazanacağıq. Əsas odur ki, oyunumuz qaydasına salaq.
 
- Premyer Liqamızın növbəti turunda qarşılaşacağınız "İnter" haqda nə deyə bilərsiniz?
 
- "İnter" son vaxtlar yaxşı formadadır. Ardıcıl qələbələr qazanırlar. Ancaq biz sırf qələbəyə köklənmişik. Çünki öz meydanımızda oynayacağıq. Rəqibin son nəticələrinə fikir vermirik. İnanıram ki, yaxşı oyun olacaq, hər iki komandanın ifasında mübarizəli bir qarşılaşmanın şahidi olacaqsınız. "Sumqayıt"a qalib gəldiyimiz oyunda hiss olundu ki, komandamız bir qədər özünə gəlib. Çox istəyirik ki, növbəti qələbəmizi qazanaq. Çempionatda yaranacaq fasilədə isə çatışmazlıqlar üzərinə işləməliyik.

- Çempionatda uzunmüddətli fasilənin tərəfdarısınız?

- Bu, xeyirimizə də ola bilər, ziyanımıza da. Uzun müddət oyunsuz qalacağıq. Çalışacağıq ki, münasib rəqiblərlə yoldaşlıq oyunu keçirək. Fasilədən səmərəli istifadə etmək istəyirik ki, çempionatın dayanmağı ziyanımıza yox, xeyirimizə olsun.

- Bəzi klublarımız fasilə zamanı ölkə xaricində təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Sizin fikriniz nədir?
 
- Səfərimiz ola bilər. Klub rəhbərliyilə bugünkü görüşümdə bu məsələni də müzakirə edəcəyik. Ölkə xaricinə getsək, yaxşı olardı. Ancaq alınmasa da, problem yoxdur. Harda olur-olsun, boşluqları aradan qaldırmaq üçün imkanımız olacaq.

- Xeyli çatışmazlıqların olduğunu dediniz. Bunlar əsasən nədən ibarətdir?
 
- Əsas problemimiz hücum xəttindədir. Sürətli hücum qura bilmirik. Qol vəziyyətləri yaradırıq, istifadə edə bilmirik. Top saxlamaqda da çətinliyimiz var. Orta xətt oyunçuları və hücumçular hələ ki, bir-birini yaxşı başa düşmür. Komanda hələ təkmilləşməyib. Çalışırıq ki, tez bir zamanda komandanı tam formalaşdıraq.
 
Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu