“Qarabağ”a görə ən çox qorxduğum rəqib “Dnepr”dir” – Mircavadov

“Qarabağ”a görə ən çox qorxduğum rəqib “Dnepr”dir” – Mircavadov
MÜSAHİBƏ 19 Sentyabr 2014 / 15:42 7604
-  A +

"Qarabağ" yaxşı oynadı. Demək olar ki, bütün potensialını ortaya qoydu. Komandamız qələbəyə layiq idi. Ancaq futbolçularımız hücuma sonunda tələsirdi. Sanki bir qədər çaşqınlıq var idi. Təəssüflənirəm ki, komandamız bu qədər əziyyətin qarşısında qol vura bilmədi".

Qol.Az saytına qaçıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə qarşılaşdığı oyun (0:0) haqda danışarkən deyib.

"Qarabağ"ın bir neçə real qol imkanından yararlana bilməməsinə toxunan təcrübəli mütəxəssis hücumçu Reynaldo Silvanın oyununu tənqid edib: "İkinci hissənin ortalarında qol vurmaq üçün yaxşı fürsətlərimiz oldu. Reynaldo sol cinahdan hücuma keçdi, bir neçə rəqibini aldatdı, ancaq sonda lazım olan ötürməni vermədi. Halbuki rəqib müdafiəçiləri Vüqar Nadirovu gözdən qaçırmışdılar. Vüqara ötürmə verməli idi ki, topu boş qapıdan keçirsin. Ancaq Reynaldo bunu etmədi. Buna oxşar bir neçə epizod oldu".

Mircavadov "Qarabağ"ın rəqibini hərtərəfli üstələdiyini qeyd edib: "Qarabağ" çox sakit oynayırdı. Xüsusilə də müdafiəçilər. Komandamızın hücum xəttində cəmi bir oyunçu var. Reynaldo da əlindən gələni edir. Məncə, komandamız topa 60 faizdən çox nəzarət etdi. Bütün komponentlərdə rəqibini üstələdi. Doxsan dəqiqə ərzində "Sent Etyen" cəmi bir dəfə "Qarabağ"ın qapısı qarşısında təhlükəli vəziyyət yaratdı. Qarşılaşmada sadəcə, qol çatmadı. Bunun üçün isə futbolçular nəsə etməli idi. Çünki baş məşqçi qələbə qazanmaq üçün hər şeyi etdi".
 
Mircavadov "Sent Etyen"in baş məşqçisi Kristof Qaltyenin oyundan sonra keçirilən mətbuat konfransında səslındirdiyi "Qarabağ"ı qrupun favoritlərindən hesab edirəm" fikrinə də münasibət bildirib: "O, gördüyünü deyir. Yəqin "Qarabağ"dan belə oyun gözləmirmiş. Ancaq qrupdan çıxmaq istəyiriksə, səfər oyunlarından xal gətirməli, Bakıda isə qalib gəlməliyik. Növbəti oyunlarımız daha çətin olacaq. Ən çox qorxduğum rəqib "Dnepr"dir. Onların son oyunlarını izləmişəm".

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu