"Hələ ki, yaxşı oynamırıq" – Ruslan Əmircanov

"Hələ ki, yaxşı oynamırıq" – Ruslan Əmircanov
MÜSAHİBƏ 16 Sentyabr 2014 / 14:24 3563
-  A +

 "Qəbələ" klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqamızın 4-cü turunda doğma meydanda AZAL-a uduzsanız da, son turda səfərdə "Simurq"la oyunda əzmkar qələbə qazandınız. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- Bəli, öz meydanımızda AZAL-a uduzmuşduq. Ancaq həmin oyunda AZAL bizdən üstün oynamadı. Sadəcə bəxt bizdən üz döndərmişdi. Qismətdən qaçmaq mümkün deyil. Məğlubiyyətdən sonra millimizin oyunu ilə əlaqədar çempionatda fasilə yarandı. Bu fasilədən yaxşı istifadə etdik. Fiziki məşqlərə üstünlük verdik. Elə "Simurq"la oyunda da bunun bəhrəsini gördük. Rəqibi yaxşı analiz etmişdik. Bilirdik ki, bizi Zaqatalada asan oyun gözləmir. İlk hissəyə yaxşı başladıq. Ancaq mənim səhvimdən hesabda geri düşdük. Rəqib futbolçu qapıya zərbə endirəndə ona toxundum. Buna görə də hakim qapımıza penalti təyin etdi. Hesabda geri olsaq da, bilirdik ki, bu komandaya uduzmayacağıq. Hətta qalib gələcəyimizi də hiss edirdik. Fasilədə baş məşqçi bildirdi ki, ilk hissədəki oyunu nümayiş etdirsək, qalib gələcəyik. İkinci hissədə isə futbolçumuz Dodonun iki qolu oyunun taleyini həll etdi. Bir qədər bəxtimiz gətirdi. Həm də biz rəqibdən istəkli görünürdük.
 
- Yeni mövsümə keçirdiyiniz beş oyunun 3-dən qalib, 2-dən məğlub ayrılmısınız. Bu nəticəni uğurlu saymaq olar?

- İki məğlubiyyətdən biri "İnter"lə oyunda olub. Çempionatın ilk turunda "İnter"ə uduzduq. Həmin vaxt futbolçular komandaya yeni qoşulmuşdu. İlk turda uğursuz çıxış etmək başadüşüləndir. Digər məğlubiyyət isə AZAL-la oyunda oldu. Gözləmirdik ki, öz meydanımızda AZAL-a uduzarıq. Heç bri arxayınlıqdan da söhbət gedə bilməz. Çünki biz "Barselona" deyilik ki, AZAL-a yuxarıdan aşağı baxaq. Beş oyundan doqquz xal toplamışıq. Bu nəticə məni qane etmir. Ən azından AZAL-a uduzmamalı idik. Belə olsaydı, hazırda 12 xalla lider olardıq. Deyə bilmrəm ki, yaxşı oynayırıq. Şəxsən mən hələ özümü yaxşı tərəfdən göstərə bilmirəm.

- "Qəbələ"də yeni baş məşqçinin işi görünür?
 
- Düzdür, baş məşqçi heyətdə müəyyən dəyişliklər etdi. Ancaq getdikcə bu dəyişikliyin faydasını görəcəyik. Baş məşqçinin işi göz qabağındadır. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Artıq irəliləyiş hiss olunur.
 
- Premyer Liqamızın növbəti turunda rəqibiniz "Neftçi"dir...

- Hamı "Neftçi"ni yaxşı tanıyır. Rəqibimiz çox güclüdür. Bir üstünlükləri də ondan ibarətdir ki, onlara yeni baş məşqçi təyin edilib. Mən Arif Əsədovun rəhbərliyi altında "Neftçi"də çıxış etmişəm. Komandanı tez bir zamanda komplektləşdirən və çatışmazlıqları yoluna qoya bilən məşqçidir. "Neftçi" son oyunda "Xəzər Lənkəran"a qalib gəldi. Ona görə də Qəbələyə yaxşı əhval-ruhiyə ilə gələcəklər. "Neftçi"yə qarşı oynamaq asan deyil. Ancaq doğma meydanda AZAL-a məğlubiyyəti unutdurmaq üçün bu görüşdə qalib gəlməliyik. Doğma azarkeşlərin ümidlərini doğrultmalıyıq.

- Ötən tur komandanı məğlubiyyətdən qələbəyə aparan Dodonun yoxluğu "Neftçi" ilə oyunda hiss olunacaq?

- Dodo çox yaxşı futbolçudur. Digər komanda yoldaşlarım kimi o da sona qədər oyuna canını qoyur. Onun yoxluğu ziyanımızadır. Ancaq bizim ehtiyatda oturan yaxşı futbolçularımız var. Onlar hər zaman öz şanslarını gözləyirlər. Yəqin ki, əllərinə düşən imkandan yaxşı istifadə etməyə çalışacaqlar. Məncə, Dodonun yoxluğu hiss olunmayacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu