"İndi çempion olmaq daha asandır” – Arif Əsədov
"Neftçi" klubunun yeni baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Artıq "Neftçi"ni ilk oyuna çıxardınız və komandanız prisipial rəqib olan "Xəzər Lənkəran" üzərində qələbə qazandı. İlk oyun haqda təəssüratlarınızı bilmək istərdik.
- Üç illik fasilədən sonra yenidən komandanı qəbul etdim. İlk oyunumuza hazırlaşmaq üçün çox az vaxtımız var idi. Cəmi 6 gün məşq etdik. "Xəzər Lənkəran"la oyunun mahiyyətini yaxşı bilirdim, məsuliyyəti dərk edirdim. Çalışırdım ki, bunu futbolçulara da aşılayım. Məşqçi üçün ilk oyunda qələbə çox vacibdir. Necə başlayırsansa, elə də davam edirsən. Bu baxımdan mənim üçün qələbə daha vacib idi. Qarşılaşmaya gəldikdə isə ilk dəqiqələrdən hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Qolumuzu erkən vurduq. Bu, işimizi bir qədər asanlaşdırdı. Lakin ilk hissənin sonlarında azlıqda qaldığımız üçün ikinci hissədə məcburi taktiki dəyişikliyə əl atdım. Komandaya daha çox müdafiədə nizam-intizamlı oynamağı tapşırdım. "Neftçi"də çatışmazlıqlar var. Ancaq ürəkaçan hal odur ki, komanda sona qədər oyun intizamını pozmadı və xarakter göstərdi.
- Üç il əvvəl də "Neftçi"ni çalışdırmısınız. Komandanı o dövrlə necə müqayisə edərdiniz?
- Deyə bilərəm ki, indi komandada daha yaxşı, yüksək keyfiyyətlərə malik futbolçular çıxış edir Yerli futbolçu qıtlığı var. Xüsusilə də müdafiədə. İndi komanda bir qədər gəncləşib. Əvvəlki illərdə isə daha təcrübəli yerli oyuçular var idi. Bu gün "Neftçi"də daha çox hücumameyilli futbolçular olduğu üçün komanda bu istiqamətdə inkişaf edir. Hazırda "Neftçi"də radikal dəyişiklik etməyə ehtiyac yoxdur.
- "Neftçi"də hansı çatışmazlıqları gördünüz?
- Komandanın oyun intizamı aşağı idi. Hücum zamanı müdafiəyə diqqət azalırdı. Bundan əlavə komanda fiziki cəhətdən hələ də hazır deyil.
- Müsahibənizdə bildirmişdiniz ki, futbolçularla daha çox nizam-intizam xarakterli söhbətlər edirsiniz. Bu, oyun inztizamı ilə bağldır, yoxsa ümumi?
- Ümumidir. Komandanın intizamlı olması vacib şərtdir. Son zamanlar oyunçular həddindən artıq yersiz sarı və qırmızı vərəqələr alırdılar. Düzdür, "Xəzər Lənkəran"la oyunda da belə hallar oldu. Ancaq bu, oyunun gərginliyi ilə bağlı idi. Futbolçularla söhbətimdə bildirmişəm ki, lazımsız vərəqələr azalmalıdır. Xüsusilə də "Neftçi" futbolçularında hakimə etirazlar çox olurdu. Bu halları tez bir zamanda aradan qaldıracağıq. Birdən-birə hər şeyi düzəltmək olmaz. Tədricən qaydasına düşəcək.
- "Neftçi"nin sabiq baş məşqçisi Böyüka Hacıyev 3 il ərzində futbolçulara öz oyun fəlsəfəsini aşılayıb. Oyun sistemində böyük dəyişikliyin şahidi ola bilərik?
- Böyükağa müəllim daim hücum futboluna üstünlük verirdi. Amma mən istərdim ki, komanda çox qol vurmaqla bərabər qapısını da toxunulmaz saxlasın. Elə oyunlar var ki, tək hücuma aludə olmaq olmaz. Fikir verin, "Xəzər Lənkəran"la oyunda ilk hissədə azlıqda qalsaq da, komanda oyun intizamına sona qədər düzgün əməl etdi. Buna görə də qələbəni əldən vermədik. Yəni balansı itirmək olmaz.
- Elnur Allahverdiyevin transferi sizin istəyinizlə oldu?
- Bəli, Elnur azad agent statuslu futbolçu olduğu üçün onu transfer etməyi qərara aldıq. Premyer Liqamızda olan legioner limitinə görə yerli futbolçulara ehtiyacımız var. Elnur həm təcrübəlidir, millimizin üzvüdür. Ona görə də onu komandaya dəvət etdik. O da müsbət qarşıladı. Elnur universal futbolçudur. Müdafiənin hər yerində çıxış edə bilir.
- Müdafiəçi Bruno Bertuççi də belə futbolçulardandır. Onlardan hansına daha çox şans veriləcək?
- Biz bütün futbolçulara eyni gözlə baxırıq. Ola bilər ki, eyni zamanda həm Bertuççi, həm də Elnur meydanda olsun. Elnuru sırf Bertuççi ilə rəqabət aparmaq üçün gətirməmişik. Bizim müdafiənin mərkəzində oyunçu çatışmazlığı var. Ona görə də Elnurun bizə köməkliyi dəyəcək.
- "Neftçi" həmişə yüksək yerlər üçün oynayıb. Klub rəhbərliyi sizinlə görüşündə hansı tapşırıqları verdi?
- Bəli, həmişə "Neftçi"nin bir hədəfi olub - çempionluq. Heyətdə hansı futbolçuların olmasından asılı olmayaraq komanda hər zaman yüksək yerlər üçün mübarizə aparıb. Klub prezidenti mənə daha çox yerli futbolçuları üzə çıxarmağı tapşırıb. Mümkün qədər gənc və yerli futbolçulardan istifadə etməliyik ki, Azərbaycan millisi üçün də faydamız olsun.
- Üç il əvvəl "Neftçi"ni çempion etmisiniz. Çempionatın səviyyəsini və rəqibləri nəzərdə aldıqda o dövrdə çempion olmaq asan indi, yoxsa indi?
- Düşünürəm ki, hərəsinin öz çətinliyi var. Ancaq altı ildən sonra yenidən çempion olmaq daha çətin idi. Yəni o zaman təzə komanda qururduq. Heyət tam formalaşmamışdı. Bu baxımdan indi çempion olmaq daha asandır. Ancaq indi rəqiblər də güclənib.
Ramiq AĞAMƏMMƏDOV