Fariz Nəcəfov: "Muntyanunun qarşısına çempionluq vəzifəsi qoyulub"

Fariz Nəcəfov: "Muntyanunun qarşısına çempionluq vəzifəsi qoyulub"
MÜSAHİBƏ 19 Avqust 2014 / 17:33 3781
-  A +

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə, "Qəbələ"nin yeni mövsümdə startı ilə bağlı fikirlərinizi bilmək istərdik. ilk turda "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra belə bir təəssürat yarandı ki, komanda çempionata hazır deyil. İkinci turda isə "Qəbələ" "Araz Naxçıvan"a qalib gələ bildi.

- İlk turda böyük hesabla məğlub olacağımızı gözləmirdik. Komandamız çox zəif təsir bağışladı. Halbuki təlim-məşq toplanışı zamanı çox fərqli oyun nümayiş etdirmişdilər. Sözsüz ki, yoldaşlıq görüşləri ilə rəsmi oyunlar arasında böyük fərq olur. Ancaq futbolçuların ayrı-ayrılıqda çıxışlarını nəzərdən keçirdikdə görürdük ki, hər biri fiziki cəhətdən və fərdi şəkildə güclü təsir bağışlayır. Hesab edirdik ki, mövsümün ilk turuna tam hazır olmasaq da, layiqli çıxış edəcəyik. Ancaq təəssüflər olsun ki, ilk turda komanda heç nə ilə yadda qalmadı. Bunu gözləmək də olardı, ancaq bu dəcədə yox.

- Baş məşqçinin gec təyin edildiyini üçün düşünürsünüz ki, "Qəbələ"dən uğursuz start gözləmək olardı?

- Bəli, həm onu nəzərdə tuturam, həm də bəzi yeni futbolçularımız komandaya çox gec qoşuldu. Qısa müddətdə komandanı formalaşdırmaq çətindir. Yəni "Qəbələ"nin komplektləşməməsi, baş məşqçinin gec təyin olması ilk turlarda zəif oynayacağımıza ehtimal yaradırdı, ancaq "İnter"ə 0:4 hesabı ilə uduzacaq dərəcədə yox.

- "Qəbələ"nin "Araz Naxçıvan" üzərində qələbə qazandığı oyun necə, qaneediciidi?

- Baş məşqçimiz həmin oyunda komandadan razı qalmışdı. Düzdür, əvvəlki matça nisbətən rəqibimiz bir qədər zəif idi. Ancaq futbolçularımız həm komanda, həm də fərdi şəkildə özlərini göstərə bildi. Buna baxmayaraq, həmin görüş də qaneedici deyildi. Məncə, vaxta ehtiyacımız var. Qarşıdakı 2-3 turda daha yaxşı "Qəbələ" görəcəksiniz.

- Hər bir klub ildən-ilə daha yüksək uğur əldə etmək istəyir. "Qəbələ" ötən mövsüm Yuru Syominlə ilk dəfə olaraq bürünc medallar sahib oldu və avrokuboklara vəsiqə qazandı. Yəqin ki, yeni baş məşqçi Dorinel Muntyanunun qarşısına daha böyük hədəflər qoyulub.

- Əlbəttə, həm futbolçuların, həm də Muntyanunun qarşısına çempionluq hədəfi qoyulub. Biz çempionluğa oynayırıq. İlk dəfə avrokuboklara vəsiqə qazansaq da, çoz zəif çıxış etdik. Çalışacağıq ki, yenə də avrokuboklarda iştirak edək və "Şiroki Brieyq"lə oyunda edilən səhvlərə yol verilməsin. Bizim lap əvvəldən məqsədimiz avrokuboklarda iştirak etməkdir. Ancaq müəyyən səbəblərdən buna nail ola bilmirik. Sabit, tam formalaşmış komanda yaratmaq istəyirik. Ancaq bizdən asılı olmayan səbəblərdən hər il eyni şey təkrarlanır. İnanıram ki,  "Qəbələ" yeni baş məşqçi Muntyanu ilə bu mövsüm yaxşı nəticələr qazanacaq.

- Transfer isləri yekunlaşıb?

- Demək olar ki, yekunlaşıb. Bu barədə baş məşqçi ilə danışmışıq. Bizə hər hansı bir mövqeyə oyunçu lazım olduğunu deməyib. Ancaq ola bilər ki, Nizami Hacıyevin əvəzinə bir yerli futbolçu komandaya cəlb edək. Yəni limit məsələsinə və rəqabətə görə azərbaycanlı futbolçuya ehtiyacımız var. Ancaq hələ ki, namizədimiz yoxdur.

- Bu yaxınlarda mətbuata müsahibənizdə bildirmişdiniz ki, Dodonun əsas komandaya qayıtmağını istəyirsiniz. Bu futbolçunun əvəzedici komandada etdiyi son intizamsız hərəkətindən sonra ola bilərmi klub onu bağışlamasın?

- Xeyr, oyun zamanı futbolçunun etdiyi hərəkətləri bağışlamaq olar. Futbolçu meydançada etdiyi hərəkətinə görə hansısa bir şəkildə cəzalandırıla bilər. Ancaq Dodonun əvvəlki intizamsızlığı tam başqa idi. Onunla bağlı açıqlama vermişəm. Dodo etdiyi həmin hərəkətdən peşmandır. Yəqin ki, yaxın vaxtlarda əsas komandaya qayıdacaq.

- Yeni baş məşqçinin gəlişindən sonra heyətdə yer almayan futbolçu  Elnur Allahverdiyevin "Qəbələ"dən ayrılmaq istəməsi, onun Muntyanu ilə yola getmədiyi deyilir. Bununla bağlı futbolçunun sizinlə söhbəti olub?

- Komandanın təlim-məşq toplanışında tam olaraq iştirak etmişəm. Elnur və digər futbolçularla  dəfələrlə görüşmüşük. Elnurun belə bir fikri olsaydı, mənə bildirərdi. Yəqin kimsə Elnurun adından danışır. Bizdə elə bir məlumat yoxdur. Sabah yenə komanda ilə görüşəcəm. Hər şey mətbuatda yazıldığı kimi olsa, Elnur mənə deyəcək. Ancaq indiyə qədər o mənə bu haqda bir söz deməyib. Elnurun iki oyun heyətə düşməməsi o demək deyil ki, o, narazı olmalıdır, komandadan getmək istəməlidir. Əksinə onun mövqeyində oynayan futbolçu ilə rəqabət aparmaq lazımdır. Baş məşqçinin futbolçuların hər birinə sağlam münasibət göstərməsinə, onlara qərəzsiz yanaşmasına yüz faiz əminəm. Bilirəm ki, Muntyanu elə bir insandır ki, ancaq oyuna hazır olan futbolçunu meydana buraxacaq. Burda başqa bir məqsəd yoxdur. Elnur da heyətdən kənarda qala bilər, digərləri də. Həmin futbolçular fikirləşməlidir ki, niyə heyətdən kənarda qalıb? Başqa şey düşünmək lazım deyil. Yəni rəqabətə dözmək lazımdır.     

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər