Əfran İsmayılov: "Millimizdə azərbaycanlılar oynamalıdır"

Əfran İsmayılov: "Millimizdə azərbaycanlılar oynamalıdır"
MÜSAHİBƏ 18 Avqust 2014 / 16:30 5778
-  A +

Milli komandamızın və "Xəzər Lənkəran" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi

- Bir neçə gündür ki, milli komandamızın düşərgəsindəsən. Özbəkistanla keçiriləcək yoxlama oyununa hazırlıq necə gedir?

- Komandanın düşərgəsində hər şey qaydasındadır. Qarşıda bizi  ağır yoldaşlıq oyunu gözləyir. Bu görüş sınaq xarakteri daşısa da, doğma azarkeşlərimiz qarşısında qələbə qazanmağımız vacibdir. Bütün futbolçularımız qələbəyə köklənib. Avro-2016-ın seçmə mərhələ oyunlarından öncə komandamızda yaxşı ab-hava yaratmaq üçün fürsətimiz var. Bunun üçün Özbəkistana qalib gəlməliyik.

- Özbəkistanın ardınca Rusiya millisi ilə yoxlama oyunumuz var. Hər iki rəqib haqda fikirlərini bilmək istərdik.

- Rəqib komandalar güclü futbolçulardan təşkil olunub. Özbəkistan yığmasının üzvləri hazırda yaxşı klublarda çıxış edirlər. Rusiya haqda isə geniş danışmağa ehtiyac yoxdur. Hər iki qarşılaşmanın çətin keçəcəyini indidən demək olar. Ancaq nəzərə almalıyıq ki, seçmə mərhələdə daha güclü komandalarla oynayacağıq.

- Hələ ki, "Xəzər Lənkəran"ın heyətində meydana çıxmırsan. Uzun müddətdir ki oyun təcrübəsindən əziyyət çəkirsən. Qarşıdakı oyunlarda Foqtsun sənə şans verəcəyi gözlənilir?  

- Bəli, uzun müddət meydana çıxa bilmədiyim üçün "Xəzər Lənkəran"da əvəzedici heyətdə oynamalı oldum. Bunun mənə köməyi oldu. İnanıram ki, Foqtsun etimadını doğruldacam. Əlimdən gələni edəcəm ki, əvvəlki kimi komandamıza xeyrim dəysin. Onun mənə şans verib-verməyəcəyini hələ ki bilmirəm. Sağolsun ki, mənə etimad göstərib, milliyə dəvət etdi.  

- Foqts bir sıra yerli futbolçularımıza dəvət göndərmədiyi halda xeyli sayda milliləşdirilmiş legioneri yığmaya çağırıb. Buna münasibətin necədir?

- Baş məşqçinin hər bir qərarına hörmətlə yanaşmaq lazımdır. Məndən olsa, millidə ancaq yerli futbolçularımız oynayardı. Həmişə azərbaycanlı oyunçuları dəstəkləmişəm. Ancaq qərarı baş məşqçi verir. Biz futbolçular
buna müdaxilə edə bilmərik.

- 2009-cu ildə "Qarabağ"ın heyətində "Tvente"yə qarşı oynamısan. Bu gün "Qarabağ" yenidən Avroliqanın pley-off mərhələsində "Tvente"yə rəqibdir. Sabiq komandanın mərhələ adlamaq şansını necə qiymətləndirirsən?

- "Tvente"nin indiki durumu haqda məlumatlı deyiləm. Onu bilirəm ki, "Tvente" elə həmin komandadır. Çoxları deyir ki, "Tvente" zəifləyib. Ancaq mən bu fikirlə razı deyiləm. Hollandiya çempionatında çıxış edən komanda zəif ola bilməz. Düzdür, bir sıra aparıcı futbolçuları komandanı tərk edib. Ancaq yeni gələn futbolçular özlərini göstərəcəklər. Bununla belə, "Qarabağ"a inanıram. Komandamız çox güclənib. yaxşı legioneləri var. Çox gərgin mübarizə olacaq. Həmişə olduğu kimi yenə də "Qarabağ"a azarkeşlik edirəm. Çox istəyirəm ki, komandamız qrupa düşsün. Çünki neçə illərdir ki, bunun üçün çalışırlar.

- 2009-cu illə müqayisədə indi "Qarabağ"ın "Tvente"ni keçmək şansının çox olduğunu demək olar?

- Bu fikirlə razıyam. Bəli, "Qarabağ" indi daha güclüdür. Ancaq "Tvente"nin zəifləməsi fikri ilə razılaşmıram. Hamı "Tvente"nin yeni futbolçularının necə oynadığının şahidi olacaq. Onlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Hollandiya çempionatında üçüncü yeri tutan komanda kifayət qədər güclüdür. Komandaların şanlarını bərabər hesab edirəm. "Qarabağ" əlinə düşən fürsətlərdən istifadə edə bilsə, inanıram ki, mərhələni keçəcək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu