“Azərbaycan millisində braziliyalı o xəstə qız kimi texnikalı futbolçu olmayıb”

“Azərbaycan millisində braziliyalı o xəstə qız kimi texnikalı futbolçu olmayıb”
MÜSAHİBƏ 1 İyul 2014 / 15:49 6832
-  A +

Azərbaycanlı jurnalist Anar Şabanoğlu bugünlərdə Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsinin bəzi oyunlarını canlı izləyib. O, Qol.Az saytına müsahibəsində səfəri təəssüratlarını bölüşüb

- Əvvəlcə, təşkilatçılıqdan başlayaq. Dünya çempionatının necə təşkil olunmuşdu?

- Məncə, futbol üzrə dünya çempionatının yaxşı təşkil olunmaması mümkünsüzdür. Çünki bu, dünyanın ən mötəbər idman yarışıdır. Olimpiya oyunları, qitə birincilikləri, klub yarışları ilə müqayisədə DÇ sözsüz ki, bir nömrəli idman turniridir. Braziliyadakı etiraz aksiyaları ilə əlaqədar bəziləri turistləri bu ölkəyə getməməyə çağırırdı. KİV-lərdə stadionların və bəzi layihələrin hazır olmadığı yazılırdı. Braziliyaya getmək üçün bəzi həmkarlarımı da dəvət etmişdim. Amma müxtəlif səbəblərdən onlar getmədilər. Mənə ən pis təsir edən isə bəzilərinin qorxudan getməməsi oldu. Nə isə, keçək mətləbə...
DÇ oyunlarının keçirildiyi bütün şəhərlərdə stadiona daxil ola bilməyən azarkeşlərin nəhəng ekranlardan oyunu rahat izləməsi üçün əla şərait yaradılmışdı. Rio-de-Janeyro şəhərində oyunu stadiondan kənarda, ekranlardan izləmək üçün 40-50 min insan toplanırdı. Onlar xüsusi əraziyə yerləşmədikləri üçün az qala Atlantik okeanının içindən oyunları seyr edirdilər.

- Braziliya əhalisi DÇ-ın keçirilməsinə qarşı idi. Hətta bununla bağlı çoxsaylı mitinqlər, aksiyalar keçirilirdi.  Yerli əhalinin çempionata soyuq münasibətini hiss etdin?

- İlk dəfə Braziliyada hava limanından çıxanda bayram əhval-ruhiyəsi hiss etmədim. Bizim "Sovetski"ni xatırladan kasıbların yaşadıqları məhəllələrdən, gecəqondulardan keçə-keçə televiziyadan gördüyüm narazlıqların əbəs olmadığına bir daha əmin oldum. Braziliya Azərbaycan kimi təbii sərvətləri zəngin olan ölkədir. Amma insanlar çox kasıb yaşayırlar. Buna əsas səbəb korrupsiyadır. Rio təbii gözəlliyə malikdir. Tanrı bu şəhərə möcüzəvi gözəllik verib. Amma məni hər şeydən çox heyrətləndirən bir şəhərdə demək olar ki, günün 24 saatı dayanmadan futbol oynanılması oldu. Küçələrdə, yaşayış binalarının önündə futbol oynamaq üçün saysız meydançalar var. Və bu meydançalarda balaca uşaqlardan tutmuş yaşlı adamlara qədər, qadın və kişi fərqinə varmadan, hamı futbol oynayır. Yerli əhalinin DÇ-nin Braziliyada keçirilməsinə etiraz etmələrinə gəldikdə onu deyə bilərəm ki, bu narazılığın kökü var. Hələ DÇ-dan xeyli əvvəl əhali narazlıq edirdi ki, təhsil və səhiyyə çox pis vəziyyətdə, maaşlar az olduğu halda bu turinin ölkəmizdə keçirilməsini istəmirik. 

- Yəqin ki, Braziliyada diqqətini çəkən maraqlı məqamlar çox olub.

- Əlbəttə, saymaqla qurtarmaz. Braziliyalı xəstə bir qızın topla necə rəftar etməsinin videosunu çəkmişəm. İndiyə kimi Azərbaycan milli komandasında belə bir texnikaya malik futbolçu olmayıb. Fantastikadır. Bayaq dedim ki, Braziliyanın təbbi sərvətləri çoxdur. Amma bu ölkənin ən böyük sərvəti futboldur. Məncə, azərbaycanlı istedadlı futbolçuları uşaq yaşlarında Avropa yox, Cənubi Amerika, xüsusən Braziliya klublarına göndərmək lazımdır. Qoy, görsünlər ki, gecəqondularda yaşayan uşaqlar bir qarnı ac, bir qarnı tox, bütün gününü futbola necə həsr edir və yekunda Neymarlar, Oskarlar necə ortaya çıxır. Oskar demiş, Braziliya millisinin və "Çelsi"nin gənc ulduzu "Borrusiya"lı Henrix Mxitaryanın yaxın dostudur. Onlar Mxitaryanı 14 yaşında "San-Paulu" futbol klubunun akademiyasında çıxış edəndə tanış olublar. Diqqətimi çəkən başqa məqam sadə vətəndaşların turistlərə yardım etməsi idi. Məsələn, mən "Marakana" stadionundan çıxanda iki oğlandan metronun yerini soruşdum.  Onlar metroya qədər olan 2-3 kilometr yolu mənimlə getdilər.

Braziliyada çox populyar bir oyun var - voleyfoot. Voleybol oyununu ayaqla oynayırlar. Bizim kişilərin əllə oynadıqlarını onlar ayaqla daha yaxşı bacarırlar. Həmin oyunlar da diqqətimi çox cəlb etdi. Braziliya estetlər ölkəsidir. Burada hər şey gözəldir: təbiət, futbol, rəqslər, zərif cinsin nümayəndələri.

- Havalar neçə keçirdi?

- İlk getdiyim gün yağış yağırdı. Sonra hava əla oldu. Camaat yatmırdı, bütün günü küçələrdə olurdular.

- Hansı oyunları canlı izləyə bildin?

- Rio-de-Janeyro səfərinin kulminasiya nöqtəsi Belçika - Rusiya oyunu oldu. Futbolun Məkkəsi olan "Marakana"nı gördükdən sonra artıq rahatlıqla ölmək olar. Bu oyuna təsadüfən tanış olduğumuz bakılı Tofiq dayı ilə getdik. Tofiq dayının arzusunu Çikaqoda yaşayan oğlu Çingiz və Bakıda yaşayan oğlu Əsgər reallaşdırmışdı. Bu uşaqların özlərinin həmişə böyük arzusu olub ki, Marakananı görsünlər. Ancaq bilet tapmadıqları üçün arzuları arzu olaraq qalıb. Tapa bildikləri bir bileti atalarına verib onun arzusunu gerçəkləşdirmələri isə məni çox duyğulandırdı. Futbol oynaya bilməsək də, belə məsələlərdə biz dünyanın bir nömrəsiyik. Daha sonra  Braziliya şəhərinə getdim və orada Braziliya - Kamerun matçını izlədim. Mundialın keçirildiyi ölkədə Braziliyanın oyununu canlı izləməyin ləzzəti başqa idi. Fikir verdinizsə, bura qədər sırf futbol haqda heç nə danışmadım. Çünki futbol ətrafında yaşananlar heç də futboldan maraqsız deyil. Əslində ilk seyr etdiyim Rusiya - Belçika oyunu o qədər də maraqlı olmadığından yadımda qalan tək məqam Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovu tez-tez "Saşa" çağıraraq həvəsləndirmək istəyim idi. Braziliyanın oyununu unutmayacağım əsas an isə görüş başlayanda himn səslənərkən bir asiyalı azarkeşin meydançanı telefonla çəkə-çəkə belə bir xoşbəxtliyin ona nəsib olmasına ağlaması idi. Yəqin ki, bu anı çoxları ekran vasitəsi ilə gördü. Həmin an mən də çox duyğulandım. Çünki bir dəfə yaşadığımız həyatda hərənin öz düşüncələri və arzuları olur. Braziliyada DÇ son dəfə 64 il öncə keçirilib. Yəni möcüzə baş verməsə, biz bir daha Braziliyada DÇ-na şahidlik etməyəcəyik. Allaha çox şükür ki, mənə belə bir xoşbəxtlik nəsib oldu. Jurnalist olsam da, bu hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Uşaq vaxtından futbolu həyatından çox sevən birisi üçün “Marakana”da DÇ-nin oyununu canlı izləmək  mənim üçün arzuların üstündə olan bir şeydir.
Qeyd etdiyim o asiyalı himn çalınan zaman ağlayanda mən də göz yaşlarımı saxlaya bilmədim. Bu hal təxminən on dəqiqə davam etdi. Braziliya səfərimə heç kim razı deyildi. Hələ də böyük qardaşım və atam məndən çox incikdir. Amma bu, mənim arzum idi və Allaha şükür ki, arzum gerçəkləşdi.

- Orada azərbaycanlılara rast gəldin?

- İki nəfər gənci gördüm Korkovada dağını və Braziliyanın rəmzi olan İsa Məsihinin heykəlini ziyarət edərkən onlarla görüşdüm. Onlar çox ünsiyyətçil deyildilər.

- Yəqin ki, Braziliyaya həm də azarkeşi olduğun komandanı dəstəkləmək üçün getmişdin.

- Onu deyim ki, mən jurnalist olmaqdan əvvəl sadə azarkeşəm. Elə bunun sayəsində də jurnalistikaya gəlmişəm. Bütün sadə azarkeşlər kimi baxımlı futbolun tərəfdarıyam. Braziliyanın çempion olmasını istərdim. Çünki bu ölkəni görüb sevdim. Braziliya millisi nə qədər gözəl və texnikalı futbol oynayırsa, təbiəti və insanları da o qədər gözəldir.  Amma DÇ başlayanda Kolumbiya, Bosniya və Hersoqovina və  Belçikadan gözəl oyun gözləyirdim. Hələlik yalnız Kolumbiya bu ümidləri doğruldur. Təəssüf ki, Kolumbiya da 1/4 finalda Braziliya ilə qarşılaşacaq.

- Bilet qiyməti normal idi?

- Bütün qrup oyunları üçün biletlərin nominal qiyməti 90 dollardan başlayıb 175 dollarda bitirdi. Bu, adi biletlərin qiyməti idi. VIP biletlərdə isə nominal qiymətlər qrup oyunları üçün 700 dollardan 4350 dollara qədər dəyişirdi. Amma həmin qiymətlərə bilet tapmaq mümkün deyildi. Məsələn, Rusiya-Belçika  oyununa tapacağınız ən ucuz bilet nominal qiymətlərdən on dəfə baha, yəni təxminən 1000 dollara idi. Braziliyanın oyunlarına isə bilet tapmaq mümkün deyildi.

Sonda bir məsələyə də toxunmaq istəyirəm. Kosta-Rikanın əhalisinin sayı Azərbaycandan iki dəfə, Uruqvayın əhalisinin sayı isə üç dəfə azdır. Yəni əhali sayının futbolçu yetişdirməyə heç bir maneəsi yoxdur. Bunu bəhanə etmək olmaz. Kosta-Rikalı Brayn Ruiz mən Vaqif Cavadovun yanına Hollandiyaya gedəndə "Tvente"də xaluqələr yaradırdı. Komandanı təkbaşına Hollandiya çempionu etdi. Vaqif isə mövsüm ərzində bir dəqiqə olsa belə meydana çıxmadı. İndi Ruiz DÇ-ın 1/8 finalında qol vurub, millisini dünyanın ən yaxşı səkkiz komandasından biri edir. Vaqif Cavadov isə Türkiyənin aşağı liqa klubu ilə müqavilə bağlayır.

Ramiq AĞAMƏMMƏDOV












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu