"Xorvatiyanın millimizi darmadağın edəcəyini demək absurddur"

"Xorvatiyanın millimizi darmadağın edəcəyini demək absurddur"
MÜSAHİBƏ 13 İyun 2014 / 18:14 4534
-  A +

"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi


- Ötən gecə "DÇ-2014"ün açılış matçı - Braziliya - Xorvatiya oyunu (3:1) keçirildi. Qarşılaşmanı izlədin?

- Əlbəttə, dünya çempionatı ərəfəsində bütün gecəni yatmayıb, oyunlara baxıram. Əvvəlcə onu deyim ki, çox maraqlı açılış mərasimi oldu. Cenifer Lopesi daha çox bəyəndim. Stadionda olan izləyicilər futboldan əlavə həm də yaxşı konsertin şahidi oldular. İlk oyuna gəldikdə isə deyə bilərəm ki, Braziliyanın üzərində böyük təzyiq var idi. Bütün azarkeşləri Braziliyanın dünya çempionu olacağını gözləyir. Ona görə də hiss olunurdu ki, komanda sərbəst oynamır. Ancaq gələn oyunlarda biz onların tam fərqli çıxışının şahidi olacağıq. Ümumilikdə çox maraqlı oyun oldu. Gecə saatlarında baxmağa dəyərdi.

- Milli komandamızın "Avro-2016"nın semə mərhələsində rəqibi olacaq Xorvatiya millisi haqda nə demək olar?

- Bir neçə oyundan sonra Xorvatiyanı yaxşı analiz edə bilərik. Ondan sonra rəqibimizin oyun üslubunu, taktiki gedişlərini öyrənəcəyik.
 
- Xorvatiya baxımlı oyunu ilə yadda qaldı. Demək olarmı hazırda onlar İtaliyadan da güclüdür?

- Hamı bilirdi ki, İtaliya və Xorvatiya qrupumuzda liderdir. Şübhəmiz yox idi ki, Xorvatiya çox güclü komandadır. Bir şeyi unutmaq lazım deyil ki, Xorvatiya bizimlə Braziliyaya qarşı olduğu kimi oynamayacaq. Təbii ki, onlar Braziliyadan çəkinirlər. Rəqibimizin mundialdakı oyunları bizi aldatmamalıdır.

- Artıq Xorvatiyanın millimizə darmadağınla qalib gələcəyini düşünənlər də var.

- Qoy, kim necə istəyir, elə də fikirləşsin. Millimizin futbolçularından biri də mənəm. Bundan əvvəl Rusiya və Türkiyə kimi komandaların dünya çempionatında inamlı qələbələrinin şahidi olmuşuq. Ancaq daha sonra hər iki komanda ilə başabaş mübarizə aparmışıq. Xorvatiyanın Braziliyaya qarşı göstərdiyi oyuna görə bizə böyük hesabla qalib gələcəyini demək absurddur. Mən buna inanmıram. Belə bir şey olmayacaq.

- Mundialda hansı komandaya azarkeşlik edirsən?

- Həmişə Almaniya millisinə azarkeşlik etmişəm. Onların futbolunu çox bəyənirəm. Həm də Almaniyaya qarşı oynamışam, bilirəm ki, onlara qarşı oynamaq çox çətindir. İstəyirəm ki, Almaniya dünya çempionu olsun.

- Hansı komandanı favorit görürsən?

- Düşünürəm ki, Braziliya və İspaniya yığmaları çempionluğa ən real namizədlərdir. Argentina, Portuqaliya, Uruqvay, Hollandiya və İtaliya millilərini də yaddan çıxarmaq lazım deyil.

- "Qarabağ"ın bugünkü məşqinə qatılmamısan?

- Xeyr. Milli komandamızın ABŞ-la yoxlama oyununda iştirak etdiyim üçün komandaya sabah qoşulacam.

- Komandanız təcrübəli hücumçu Danilo Dias və gənc müdafiəçi Tərlan Quliyevi heyətinə cəlb etdi. Səncə, onlar "Qarabağ"ın gücünə güc qata bilərlər?

- Dias haqda o qədər də məlumatım yoxdur. Ancaq Tərlan Quliyevin oyununa bələdəm. Çox yaxşı futbolçudur. Doğrudan da belə gənclər "Qarabağ"a çox lazımdır. İnanıram ki, Tərlan "Qarabağ"ın müdafiəçiləri ilə rəqabət apara bilər. Bir sözlə onun gəlişi "Qarabağ"a faydalı olacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər