"Sloveniya yığmasını məğlub etmək borcumuzdur"

"Sloveniya yığmasını məğlub etmək borcumuzdur"
GÜNDƏM 30 Yanvar 2014 / 17:38 1920
-  A +

"Komandanın qarşısına yüksək vəzifələr qoyulub. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasının İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri Avropa çempionatında ilk matçına çıxacaq futzal millimizə dəstək olmaq üçün Belçikanın Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

AFFA-nın rəsmi saytına danışan Z.Axundov millimizin çətin qrupda yer aldığını bildirib: "Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi. Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur.

İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun mənim üçün müəmmalı qaldı. Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır.

Millinin əsas bazasını “Araz” klubu təşkil edir. Bu klubun UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanması böyük nailiyyətdir. Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk matçını sabah Sloveniya yığmasına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər