"Dünya çempionatına getsəm, Azərbaycan üçün yaxşı reklam olacaq"

"Dünya çempionatına getsəm, Azərbaycan üçün yaxşı reklam olacaq"
GÜNDƏM 8 Noyabr 2013 / 14:51 3420
-  A +

Ağdamın “Qarabağ” klubunun yeni qapıçısı İbrahim Şehiç Azərbaycan futbolu tarixinə düşə bilər.

Lent.az-ın məlumatına görə, 25 yaşlı qolkiper 2014-cü il dünya çempionatına Bosniya və Herseqovina yığmasının heyətində yollanma şansı qazanıb.
 
Bu məsələ müsbət həllini tapsa, Şehiç ölkə klublarının legionerləri arasında ilk dəfə Mundial həyəcanı yaşayan futbolçu sayılacaq. O, əvvəllər 3 dəfə Bosniya və Herseqovina millisində çıxış edib. 2010-cu il noyabrın 17-də Slovakiya, 2011-ci ilin 10 avqustunda Yunanıstan və 2012-ci ilin 14 noyabrında Əlcəzairlə yoldaşlıq görüşlərində forma geyinib.
  
Amma Şehiç 1 ilə yaxındır yığmaya dəvət almır. Qapıçı Lent.az-a açıqlamasında bunu səbəbini belə izah edib: “Əvvəlki klubum Türkiyəni təmsil edən “Mersin İdman Yurdu” idi. Lakin bu komandada baş məşqçi mənə əsas heyətdə az-az şans verirdi. Digər tərəfdən, ötən mövsümün sonunda klubumuz Superliqada 18-ci yeri tutaraq, I Liqaya endi. Bundan sonra mən azad agent statusu aldım. Məhz oyun praktikamın yoxluğu səbəbindən, milliyə çağırılmadım və 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindən kənarda qaldım”.
 
Ötən ay “Qarabağ”a azad agent kimi keçən Şehiç hələ yeni klubunda əsas heyət oyunçusu kimi meydana çıxmayıb. Lakin o, nəinki Ağdam komandasının ilk “11-liy”inə düşəcəyinə, hətta Braziliyada keçiriləcək dünya çempionatına yollanacağına inanır: “Mundialda iştirak şansım var və bunun üçün “Qarabağ”a keçmişəm. Düzdür, millinin heyətində əsas qapıçıya çevrilməyim çox çətindir. Çünki hazırda yığmamızın Asmir Beqoviç kimi qapıçısı var. O, İngiltərə Premyer Liqasında “Stok Siti”nin şərəfini qoruyur və qışda “Mançester Siti”yə keçə bilər. Mən isə 2-ci və ya 3-cü qapıçı kimi Mundiala yollana bilərəm”.
 
Şehiç “Xəbəriniz varmı ki, klublarımızın legionerləri arasında ilk dəfə Siz Mundial həyəcanı yaşaya bilərsiniz?” sualını isə belə cavablandırıb: “Doğrudan? Bunu bilmirdim. Elə isə ikiqat motivasiya ilə çalışacağam. Dünya çempionatına yollansam, bu, həm özüm, həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün ən yaxşı reklam olar”.

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi