Elmar Baxşıyev: "Biz də utanc hissi keçirirdik"

Elmar Baxşıyev: "Biz də utanc hissi keçirirdik"
ÖLKƏ FUTBOLU 11 May 2013 / 00:01 3205
-  A +

“Qəbələ” klubunun kapitanı Elmar Baxşıyevin Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın 30-cu turunda “Bakı” ilə qarşılaşdınız və uzun fasilədən sonra qalib gəldiniz. Oyun haqqında fikirlərini bilmək istərdik.

- Neçə oyundur qalib gələ bilmirdik. Bu, “Qəbələ”yə yaraşan nəticə deyil. Biz də utanc hissi keçirirdik. Belə bir infrastruktura malik olan komanda dalbadal səkkizinci oyun idi ki, qələbə qazana bilmirdi. Digər oyunlara nisbətən “Bakı” ilə komanda şəklində yaxşı oynadıq.

- İlk “altılıq”da birinci qələbənizi qazandınız. Qalib gəlməyinizin əsas səbəbi nədə idi? Oyunu “Qəbələ”nin baş məşqçi vəzifəsinə əsas namizəd olan Yuri Syomin də izləyirdi. Ola bilərmi futbolçular özünü yeni gələcək baş məşqçiyə göstərmək üçün daha çox səy göstərib?

- Heyətlə elə bir dəyişiklik yox idi. Dediyiniz kimi futbolçular özünü yeni gələcək baş məşqçiyə göstərmək istəyib. Buna görə də oyuna daha yaxşı motivasiya olublar.

- Sonuncu qələbənizdən iki ay ötür. Bu iki ayda qalib gələ bilməməyinizin səbəbi nə idi?

- “Qəbələ” güclü heyətə  malikdir. Hər bir futbolçumuz fərdi keyfiyyətlərinə görə üstündür. Ancaq komanda şəklində oyunumuz alınmır. Bunun da səbəbini tez-tez baş məşqçi dəyişikliyində görürəm. Hər yeni baş məşqçi gələndə bu futbolçulara təsir edir. Ramiz Məmmədov komandaya gələndə çox yaxşı irəliləyiş oldu. Qış fasiləsindən sonra bir qədər çətinliklər yarandı.

- Bu uğursuzluqları aradan qaldırmaq üçün baş məşqçi dəyişikliyinə ehtiyac duymursan?

- Uğursuzluq hər bir komandada ola bilər. Heç bir komanda daima inkişafda olmur. Məncə, komandada eniş olanda biraz dözmək lazımdır. Tez-tez baş məşqçi dəyişikliyinin tərəfdarı deyiləm. Ola bilər ki, bir müddətdən sonra enişdə olan komanda dirçələr.

- Yuri Syomin çox güman ki, komandanıza yeni baş məşqçi təyin olunacaq. Bu mütəxəssis haqqında nə deyə bilərsən?

- Bilirik ki, adlı-sanlı baş məşqçidir. Rəhbərlik onu məsləhət bilibsə, deməli, nəyəsə görə gətiriblər. Yaxşı mütəxəssis olmasaydı, klub rəhbərliyi onunla danışıqlar aparmazdı.

- “Bakı” ilə oyundan sonra Syomin futbolçularla görüşdü?

- Yox. Sadəcə oyunumuz izlədi.

- Oyundan sonra “Qəbələ”li futbolçular arasında dava düşdüyü bildirilir.

- Dava olmayıb. Sadəcə oyun epizodunda Dodo ilə Diyeqo Kosta oyun epizodunda mübahisə etdi. Söz davası oldu. Başqa bir şey olmadı.

- “Qəbələ” ilə müqavilən nə vaxt bitir?

- Bu mövsümün sonu.

- Nə fikirdəsən, “Qəbələ”də qalacaqsan, başqa klubdan təklif almısan?

- Bu barədə mövsümün axırında danışmaq yaxşı olar. Hələ ki, təklif almamışam. Müqaviləsi olan futbolçunun bu barədə danışmağı düzgün deyil.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi