Vaqif Cavadov: "Bütün komandalar "Qarabağ"dan ehtiyat edir"
“Qarabağ”ın hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
-“Qəbələ” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda yarımfinala keçən tərəf olsanız da, yenə qalib gələ bilmədiniz.
- “Həmişə “Qəbələ” ilə oyunumuz çətin alınır. Qol olmasa da, yaxşı oyun alındı. Nəticə də bizə sərf edən oldu. O ki qaldı qalib gələ bilməməyimizə, “Qəbələ”nin güclü hücum xətti var. Onlara qarşı hardasa ehtiyatlı oynayırıq. Həmişə bu komanda ilə oyunumuz çox vacib olub. Ona görə də bizə sərf edən xalla kifayətlənmişik. Demək olar ki, etdiyimiz heç-heçələrin çoxu bizə sərf edib. Futbolda belə bir şey var ki, hər bir kondanın çətin rəqibi olur, o komanda ilə oyunu alınmır. “Qəbələ” də bizə belə rəqibdir.
- Oyunda Vüqar Nadirovla yerini dəyişmişdin. Bu taktiki gediş idi, yoxsa başqa səbəbi var?
- Bu baş məşqçinin planı idi. Komandamızda istər hücumçu, istərsə də yarımmüdafiəçi hər an yerini dəyişə bilir. Yəni ön xətdə istənilən müvqedə oynaya bilirik. Bizim üçün fərqi yoxdur. Ona görə də “Qarabağ”da hansısa futbolçu sırf hücumçu funksiyasını daşımır. Bu da hələ ki, işimizə yarayır.
- Sənin üçün hücumun sivri ucunda oynamaq rahatdır, yoxsa yarımmüdafiənin sol cinahı?
- Mən son vaxtlar sol cinahda oynayıram. Əgər bu mövqedə komandama xeyir verirəmsə, məşqçi bunu görürsə, mənim üçün fərqi yoxdur. Əsas komandamızın qol vurması, qalib gəlməsidir.
- Bu sualı bütün hücumçulara veririk. Bu gün Premyer Liqanın bombardirlər siyahısında ancaq əcnəbilərdir. Səncə, niyə bu siyahıda bir nəfər belə yerli futbolçu yoxdur?
- Səbəbi odur ki, “Qarabağ”dan başqa heç bir klubda demək olar ki, yerli hücumçulara çans vermir. Belə olan halda onlar necə bombardir ola bilər?
- Bəs “Qarabağ”ın yerli futbolçuları niyə bu siyahıya düşə bilmir?
- Bu gün bizim oyun sistemimiz elədir ki, qolu ancaq hücumçular vurmur. Bir gün Vüqar, bir gün mən, bir gün də müdafiəçilərdən biri qol vurur. Ona görə də Riçard Almeydadan başqa qol sayına görə irəli çıxan futbolçu yoxdur. Həm də bütün komandalar “Qarabağ”a qarşı ehtiyatlı oynayır. Müdafiəyə çox diqqət ayırır.
- Azərbaycan kubokunun yarımfinalında “Nefçi” ilə qarşılaşacaqsınız. Yarımfinalda bu komanda ilə üzləşmək istərdiniz?
- Yarımfinala çıxan komandanın hamısı güclü olur. Rəqibimizin “Simurq” və ya “Neftçi” olmağının fərqi yoxdur. “Neftçi” çətinliklə də olsa “Simurq”u keçə bildi və bizə rəqib oldu. Bu komanda da çətin rəqiblərdəndir. Ancaq bizi rəqib yox, öz oyunumuz düşündürür. İnşallah qalib gələcəyimizə inamımız var.
- Qarşıdan milli komandamızın dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya ilə oyunları gəlir. Bu görüşlərdən nə gözləyirsən?
- Hələ ki, məşqlərə başlamamışıq. Bu oyunda ancaq qələbə qazanmalıyıq. Üç xal qazanmağı çox istəyirik. Portuqaliya ilə oyun öncəsi bizə qələbə çox lazımdır. Çalışacağıq ki, səfərdə ən yaxşı oyunlarımızdan birini göstərək.
Ramiq AĞAMƏMMƏDOV