Rəşad Abdullayev: "Qəbələ" avrokuboklara iddialıdır"

Rəşad Abdullayev: "Qəbələ" avrokuboklara iddialıdır"
MÜSAHİBƏ 11 Yanvar 2013 / 13:18 2381
-  A +

“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi


- Bildiyimizə görə, komandanın Mingəçevirdəki təlim-məşq toplanışına yeni qoşulmusan. Uzun fasilədən sonra məşqlər ağır gəlmir ki?
 
- Bəli, mən komandanın heyətinə yeni qoşuldum. Artıq hər kəs, legionerlər də daxil olmaqla komandaya qoşulublar. Bu təlim-məşq toplanışında əsasən fiziki hazırlıqlara üstünlük verilib. Məşqlərimiz iki mərhələdən ibarət olacaq. Birincisi Mingəçevirdədirsə, digəri Türkiyədə baş tutacaq. Komandadakı atmosfer çox yüksək səviyyədədir. Düzdü, istirahətdən sonra istər-istəməz məşqlər bir az ağır gəlir. Lakin iki-üç gündən sonra hər şey qaydasına düşür. Bu, normal bir haldır. Bunu həm məşqçilər, həm də futbolçular yaxşı başa düşürlər.

- Artıq "Qəbələ" qış fasiləsində ilk transferini edib. Təcrübəli  Ceyhun Sultanov komandanın heyətinə cəlb olundu. Amit Quluzadənin keçidi də istisna olunmur. Bir kapitan kimi bu futbolçular barəsində nə deyə bilərsən?

- Mən Ceyhun Sultanovu çoxdan tanıyıram. Onunla birlikdə “Xəzər Lənkəran” və milli komandada birgə çıxış etmişəm. Çox təcrübəli bir futbolçudur. Düşünürəm ki, bizim də mərkəzdə belə bir təcrübəli pleymeykerə ehtiyacımız vardı. Digər futbolçu Amit Quluzadəni isə “Neftçi”dən yaxşı tanıyıram. Gənc və potensialı yüksək olan bir futbolçudur. Həm “Neftçi”də nümayiş etdirdiyi oyunu da görmüşəm. Bir də ki, baş məşqçimiz Ramiz müəllim daha yaxşı bilir ki, komandaya hansı mövqeyə və necə bir futbolçu lazımdır. Fikrimcə, Ramiz müəllimin seçimi çox düzgündür. Gənc və təcrübəli futbolçuların sintezini yaradır. İnşallah, bunun xeyrini görərik.

- Çempionat oyunlarında rəqiblərinizin qapısı qarşısında xeyli sayda qol epizodları yaratsanız da, hücumçularınız bu imkanlardan yararlana bilmirdilər. Necə düşünürsən,”Qəbələ”nin yeni səviyyəli hücumçulara ehtiyacı varmı?

- Bunu daha yaxşı baş məşqçimiz Ramiz müəllim bilər. Düzdü, hücum xəttində bizə futbolçular mütləq lazımdır. Çünki bizim komanda hücum futboluna üstünlük verir. Həmçinin, Ramiz müəllimin “Qəbələ”yə gəlişindən sonra demək olar ki, hər qarşılaşmada 8-9 real qol epizodlarımız olurdu. Çox təəssüflər olsun ki, bunlardan maksimum yararlana bilmirdik. Hətta məğlub olduğumuz oyunlarda da əlimizə düşən imkanlardan yararlana bilsəydik, bəlkə də 3-4 top fərqiylə qələbə qazanardıq.

- Bu mövsüm “Qəbələ”nin ən azı Avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsən?

- İlk növbədə komandamız altı iddialı klub arasında yer almalıdır. Sonra isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Bilirsiniz, Avrokuboklara düşmək həm rəhbərliyin, həm də azarkeşlərimizin çoxdankı arzusudur. Düşünürəm ki, bu mövsüm bunu həyata keçirmək üçün iddialıyıq.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki