«Mən etikanı gözlədiyim üçün o futbolçuları şərəfsiz adlandırmışam, gözləməsəydim, daha ağır sözlər deyərdim»

«Mən etikanı gözlədiyim üçün o futbolçuları şərəfsiz adlandırmışam, gözləməsəydim, daha ağır sözlər deyərdim»
MÜSAHİBƏ 26 May 2009 / 18:54 4611
-  A +

«Azad Azərbaycan» Telekanalının (ATV) Xəbərlər Departamentinin direktor müavini, telekanalın idman şöbəsinin redaktoru İlkin Fikrətoğlunun Qol.Az saytına müsahibəsi

- İlkin, sən Azərbaycan futbolunun ən sərt tənqidçilərindən hesab olunursan. Doğrudan hesab edirsən ki, bizim futbolda hər şey qara rəngdədi?
- Belə deməzdim. Yaxşı, təqdirəlayiq işlər də var... Amma ümumi götürəndə təəssüf doğuran hallar daha çoxdur. Sizin təbirinizcə desək, futbolumuzda qara rəng üstünlük təşkil edir.
- Təqdirəlayiq işlər və qara rəngdə gördüklərin hansıdı?
- Çempionatın səviyyəsinin artması, Futbol Akademiyasının açılışı, Qəbələdə və Lənkəranda uşaq futbolunun inkişafı üçün görülən işlər, çempionatımızda oynayan səviyyəli legionerlərin sayının artması - bunlar fərəh doğuran məqamlardır. O ki qaldı təəssüfləndirici hallara, milli komanda FİFA reytinqində hər ay geriləyirsə, klublarımız hələ də Avropada maksimum iki mərhələ oynayırsa, ən güclü legionerimiz Türkiyə çempionatının ən zəif klubunda çıxış edirsə, biz nəyə sevinə bilərik? Dərd orasındadır ki, yeni gələn nəsil də hes bir ümid vermir... Doğma meydanda Özbəkistana uduzan gənclər millisindən, heyətinin yarısı rus legionerləri olan yeniyetmələr yığmasından yaxşı nə gözləyə bilərik? Bu qədər ürək ağrıdan faktın qarşısında hələ deyirsən, bir nikbin də olaq?
- Demirəm ki, hər şey idealdır, amma sənin qədər pessimist də deyiləm… Çox uzağa getməyək, indi Avropa futbolunda söz sahibi sayılan Türkiyə də bir zamanlar bizim vəziyyətdə olub.
- Son vaxtlar bu müqayisəni tez-tez aparıb təsəlli verirlər. Amma mən razı deyiləm. Türkiyə futbolunun ən pis vaxtlarında belə onların millisi bizimki kimi BMT-nin komandasına oxşamayıb. Stadionları hər zaman dolu olub. Bizim onlarla əsas fərqimiz düşüncə tərzində, təfəkkürdədir. Turkiyədə futbol gündəlik həyatın bir hissəsidir. Türk insanı futbolla yaşayır, türk futbolçusu öz üzərində çalışır, səviyyəsini artırmaq, Avropa səhnəsinə çıxmaq barədə düşünür. Bizim futbolçuları isə yalnız pul maraqlandırır. Samir Əliyev, İlqar Qurbanov və digərləri xaricdəki karyeralarını Azərbaycanda ödənilən külli miqdarda pula qurban vermədimi? Bunu sonradan özləri də müsahibələrində etiraf etdilər. Ona görə, məncə, futbola münasibətimiz, düşüncəmiz dəyişməyincə, çətin ki, biz Türkiyə səviyyəsinə qalxaq.
- Sənin sözlərindən belə çıxır ki, bizim futbolçular türkiyəlilər kimi futbolla yox, pulla yaşayırlar?
- Belə çıxır.. Bu, həm də o deməkdir ki, bizimkilərdə peşəkarlıq ya aşağı səviyyədədir, ya da ümumiyyətlə, heç yoxdur.
- Bəzən səndən narazılıqlar edirlər ki, İlkin efirdə futbolçuları təkcə tənqid yox, həm də təhqir edir...
- Mən yalnız milli komandanın ağır məğlubiyyətləri zamanı belə emosional oluram. Heç bir klubumuzun məğlubiyyəti mənə o dərəcədə təsir gostərmir. Amma milli komanda başqadır. Milli oynayanda tam fərqli hisslərin təsiri altında oluram. Oyunu təkcə gözlərimlə yox, həm də qəlbimlə izləyirəm. Ona görə oyundan sonra yalandan tərif demirəm, içimdən gələn sözləri deyirəm. Əgər 2-3 futbolçu və 5-6 tamaşaçı narazı qalırsa, əvəzində bundan dəfələrlə çox insandan razılıq mesajları alıram. Çünki mən onların da ürəyindən keçəni deyirəm. Tamaşaçının sözünü deyəndə isə o razı qalır. Bir də ki, yaxşı at qamçı götürməz. Vüqar Ələkbərovun Afina olimpiadasındakı o biabırçılığının adı nə idi? Və yaxud hansısa məşqçini qovdurmaq üçün meydandakı 3-4 futbolçunun əlbir olub milli komandanı rüsvayçı məğlubiyyətə sürükləməsinin adı şərəfsizlik deyil, bəs nədi? Axı, söhbət Azərbaycanın adından gedir. Öz şəxsi prinsipləri naminə ölkənin adını biabir etməyə kimin haqqı var?
- Məsələ burasındadır ki, futbolçuların mediada aşağılanması, tez-tez təhqir olunması adi hala çevrilib. Axı, futbolçu da insandı, o da sənin və mənim kimi kimdənsə güclü, kimdənsə gücsüz ola bilər. Məgər, kimsə zəifdi deyə, onun şəxsiyyəti alçaldılmalıdır?
- Jurnalistikanın qızıl prinsipi - düzü düz, əyrini əyri demək, yazmaqdır. Mən çalışıram hər kəsə layiq olduğu qiyməti verim. O ki qaldı zəif-güclü məsələsinə, bir var, kişi kimi döyüşüb, mübarizə aparıb uduzmaq - bu, idmanın qaydasıdır, biri udar, biri uduzar, biri də var qəsdən uduzmaq, oyun satmaq. Kiməsə quyu qazmaq üçün ölkənin adını ləkələmək! Mən etikanı gözlədiyim üçün elələrini şərəfsiz adlandırmışam, gözləməsəydim, daha ağır sözlər deyərdim.
- Futbolçulara şərəfsiz dedikdən sonra Emin Quliyevin səni hədələməsi barədə deyilənlər doğrudur?
- Bəli. Məsələ bundadır ki, Emin Quliyev məni o sözə görə hədələsəydi, az-çox ona hörmətim olardı. Təəssüf ki, o mənə «Emin Quliyev Messinin maşınından da bahalı -120 min dollarlıq maşın sürür» cümləsinə görə qəzəblənmişdi. Məncə, Eminlə əlavə şərhə ehtiyac yoxdur…
Məni vaxtilə boksçu Vüqar Ələkbərov da hədələmişdi. Amma sonda Vuqarın axırını hamı gördü. Onun ulduz xəstəliyinə tutulduğunu, ona göstərilən dövlət qayğısından sui-istifadə etdiyini deyəndə bəziləri az qala məni xalq düşməni çıxaracaqdı. Amma məhz həmin adamlar Vüqar həbs olunanda az qala onu tanıdıqlarını da danırdı..
- Gəl, mövzunu bir az dəyişək. Səncə, Azərbaycan futbolu nə vaxt düzələcək?
- Düşüncəmiz, təfəkkürümüz, cəmiyyətimiz dəyişəndə. Təfəkkürümüz dəyişsə, futbola münasibət də dəyişəcək. Məsələn, ingilislər futbolu azarkeşlər üçün oynayır. Onlara nə qədər pul versən, boş tibunalar önündə oynamazlar, özlərini alçalmış sayarlar. Və yaxud dünya ulduzları öz müsahibələrində deyir ki, onlar futbol oynamaqdan zövq alırlar. Amma Azərbaycan futbolçusu deyir ki, istədiyim pulu ver, illərlə ehtiyatda oturub, meydana çıxmayım. Avropalı ilə bizimkinin fərqini görürsünüzmü?
- Jurnalist kimi AFFA-nın üç rəhbərliyinin fəaliyyətini görmüsən. Onlardan hansının dövründə milli komandamız, Azərbaycan futbolu daha yaxşı olub?
- Dərinə getsək, bu sualın cavabı siyasətə gedib cıxacaq. Mən isə başımı ağrıtmaq istəmirəm. Fuad Musayevin dövründə niyə çox şey alınmırdı, indi niyə bəzi müsbət dəyişiklik var? Azərbaycan futbolunun içində olanların çoxu bunu yaxşı bilir. Belədə özümü çoxbilmiş kimi göstərmək istəmirəm. Necə deyərlər, görünən dağa nə bələdçi…
- Biz jurnalistlər futbolumuzu çox təqnid edirik, bizi haqlı ya haqsız yerə tənqid edənlər də az deyil. Səncə, səviyyə baxımından hansı daha üstündür: Azərbaycanın idman jurnalistikası, yoxsa futbolu?
- Məncə, futbolumuzla jurnalistikamız təxminən eyni səviyyədə - pis gündədir. Bəlkə bir az jurnalistikanı yaxşı mənada fərqləndirmək olar. Amma siz verilən qiymətə baxın - futbolçu maddi baxımdan layiq olduğundan dəfələrlə çox, jurnalist isə çəkdiyi əziyyətin müqabilində qat-qat az qazanır. Əlbəttə söhbət vicdanlı, təmiz jurnalistlərdən gedir.
- Deyiləsi başqa bir sözün qaldı?
- Azərbaycan futboluyla bağlı ta bundan artıq nə deyim…

ALVİN

Daha çox


Son xəbərlər