Vladimir Miçoviç: "Neftçi" "Partizan"la oyunda xal qazana bilər"

Vladimir Miçoviç: "Neftçi" "Partizan"la oyunda xal qazana bilər"
MÜSAHİBƏ 19 Sentyabr 2012 / 00:22 4925
-  A +

"Neftçi" klubunun serbiyalı sabiq qapıçısı Vladimir Miçoviçin Qol.Az saytının Serbiyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Bu gün sabiq klubunla yenidən üz-üzə gəldin. “Neftçi”ni aeroportda qarşılayanlardan biri də sən idin. İndi isə komandanın məşqini izləyirsən... 

- “Neftçi”nin Avroliqanın qrup mərhələsində “Partizan”la eyni qrupa düşməsini eşidəndə çox sevindim. Öz keçmiş klubumu Serbiyada görməkdən çox məmnunam. Neçə vaxtdır bu günü gözləyirdim ki, onlar Belqrada gəlsinlər. Çünki “Neftçi” mənim doğma komandamdır. Mən uzun müddət bu klubun şərəfini qorumuşam. Gözlərimə inanmıram ki, “Neftçi” Belqrada gəlib.

- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladın?

- Sözün düzü, mən bunu gözləyirdim. Hələ “Neftçi”də çıxış edərkən Avroliqaya çıxacağımıza ümid edirdim. Təəssüf ki, o zaman bu alınmadı. İndi isə “Neftçi” üçün doğrudan da çox sevinirəm.
 
- Bəs, püşkatmada “Neftçi”nin “Partizan”la eyni qrupa düşməyini eşidəndə hansı hissləri keçirdin?

- İlk öncə çox sevindim ki, “Neftçi” Belqrada gələcək və mən öz keçmiş komanda yoldaşlarımı yenidən görə biləcəm. Mənim üçün çox xoş oldu.
 
- “Neftçi”nin bu turnirdəki  şanslarını necə qiymətləndirirsən?

- Mən “Neftçi”nin evdə “Rubin” və “Partizan”a qalib gələcəyinə inanıram. Çünki bilirəm ki, komanda həm mənim vaxtımda, həm də indi öz meydanında çox gözəl oyun nümayiş etdirir. Təbii ki, “İnter” də güclü rəqibdir. Amma sizə deyim ki, italyanlar üçün də çətin olacaq. Fikrimcə, “Neftçi”nin böyük şansı var. Əminəm ki, komanda yaxşı nəticə qazanacaq. "Partizan"la oyunda qazanılacaq bir xal belə “Neftçi” üçün böyük uğur olacaq.

- Sabahkı oyunda kimə azarkeşlik edəcəksən?

- Əlbəttə ki, “Neftçi”yə. Hətta matçı “Neftçi” bayrağıyla stadionda izləyə bilərəm. Mənim üçün “Partizan”ın heç bir əhəmiyyəti yoxdur. Çünki mən futbolçu kimi “Srvena Svezda”nın heyətində yetişmişəm. “Neftçi”də isə karyeramın gözəl illəri olub. “Srvena Svezda” ilə “Partizan” düşmən klublardır.

- “Neftçi”nin “Partizan” önündə uğurlu nəticə qazanacağına əminliyini bildirdin. Bunu nəyə əsasən deyirsən? “Partizan”ın zəif cəhətləri nələrdir?

- Ümumiyyətlə, “Partizan” zəif komanda deyil. Amma “Neftçi” də güclüdür və sabahkı oyunda xal qazana bilər.

- Komandaya nə məsləhət görürsən?

- Mən öz tövsiyyələrimi baş məşqçi Böyükağa Hacıyevə deyəcəm (gülür).

- Qapıda həmyerlin Saşa Stamenkoviç duracaq. Səncə, onun üçün bu atmosferdə oynamaq çətin olmayacaqki?

- Yox, buna inanmıram. Çünki Saşa “Srvena Svezda”nın heyətində belə matçlarda çox oynayıb. O, bu stadionda birinci dəfə deyil ki, oynayacaq. Stamenkoviç bu cür ab-havaya öyrəncəlidi. Məncə, onun üçün problem olmayacaq.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu