Bu gün saat 21:00-da Qdansk (Polşa) stadionunda sonuncu Avropa və dünya çempionu İspaniya yığması ilə dördqat dünya, bir dəfə də Avropa çempionu olmuş İtaliya millisi qarşılaşacaq. C qrupunda yer alan Avropanın bu iki nəhəng futbol ölkəsinin adları kimi oyunları da bir-birinə çox bənzəyir. İtalyanların bir az sərt və dağınıq, ispanların isə əksinə, korrekt və kollektiv oyununu nəzərə almasaq təbii... İtaliya futbolu Azərbaycan azarkeşi üçün çox cəlbedicidir. Bilmirəm, bəlkə antropoloji quruluşumuza görə Avropada məhz italyanlara bir az bənzədiyimizdən futbolları da bizi çəkir (kaş futbolumuz da onlara oxşayaydı). Təəssüf ki, İtaliya millisi indi heç də yaxşı günlərini yaşamır. Komandanın ilbəil daha sürətli olan dünya futbolu ilə ayaqlaşmaq üçün yenilənməsinə, təzə qana və bu cür turnirlərdə davam gətirmək üçün, necə deyərlər, C vitamininə ehtiyacı var.
Rusiya ilə yoldaşlıq görüşündə 3:0 uduzan italyanlar mütəxəssislərin rəyinə görə də yaxşı formada deyil (bundan əvvəlki iki yoldaşlıq görüşündə də ABŞ və Uruqvaya məğlub olublar). Hətta bukmeyker kontorlarında belə rəy var ki, İtaliya bu cür oyunla qrup mərhələsindən belə çıxa bilməyəcək.
İspaniya millisinin müdafiəçisi Herard Pike isə bu cür pessimizmi bölüşmür. Pike deyib ki, İtaliya ona heç bir ümid bəslənməyəndə daha təhlükəlidir: “İtaliya Avro-2012-yə çempionluğu qazanmağa gəlib. Bu komanda problemləri olanda maksimim nəticəyə oynayır”.
Pike əlavə edib ki, Balotelli və Pirlo kimi oyunçular istənilən çempionatda komandasına təkbaşına çempionluğu qazandıra bilər. Şübhəsiz, komandanın indi əsas ulduzlarından biri bu il çempionluğu bayram etmiş “Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlodur. Pirlo meydanda dirijordur və əla ötürmələri ilə bərabər cərimə zərbələrinin də mahir ustasıdır.
Komandanın qapıçısı Canluici Buffon, hücum xəttində Antonio Kassano və Mario Balotelli (o da “Mançester Siti”nin heyətində bu mövsüm çempion olub) kimi oyunçular var.
Çezare Prandelli isə cəmi iki ildir ki, İtaliya millisini çalışdırır. Xəbərlər var ki, bu çempionatdan sonra o, Avropanın ad-sanlı klubların birində işləyəcək.
İspaniya yığması böyük turnirlərdə İtaliyaya ilk dəfə Avro-2008-də penaltilər seriyasında qalib gəlib və o turnirdə də çempion olub. İspanlar da slavyan torpaqlarına itkilərlə gəliblər. İspaniya millisinin iki “ikonası” heyətdə yoxdur - Karles Puyol və David Vilya zədə səbəbindən çempionatda oynamayacaqlar.
2008-ci ilədək çox bəxtsiz komanda təsiri bağışlayan İspaniya isə indi C vitamini (hər cür xəstəliklərə davamlı vitamin) olan heyəti ilə “qızıl dövrünü” yaşayır. Hər halda bu çempionatda da ispanların qalib olacağına inananlar daha çoxdur. İki dəfə Avropa çempionluğunu (1964 və 2008) bayram etmiş ispanlar “bu kuboku da alarıq” havasındadır. Heyətində Avropa və dünya çempionu, “Barselona”nın formasında üç dəfə Çempionlar Liqasının, altı dəfə isə milli çempionatın qalibi olmuş Xavi Ernandes kimi futbolçun varsa, üstəlik də qapını İker Kasilyas kimi biri qoruyursa, daha niyə də iddialı olmayasan?!
Andreas İnyesta, Sesk Fabreqas, Fernando Torres... Bu heyətlə adamın başı niyə də gicəllənməsin?! Komandanın baş məşqçisi Visente del Boskenin müqaviləsi bu çempionatdan sonra bitir. Amma o da bu cür komandanı qoyub getmək istəmir. Əgər deyilənlər doğrulsa, İspaniya yenidən çempion olsa, bu, əsl möcüzə olacaq. Möcüzəyə inanan inansın...
Xorvatiya-İrlandiya: rok musiqiçisi italyana qarşı
Xorvatiya üçüncü dəfədir ki, Avropa çempionatında iştirak edir. 1996-cı ildə komanda 1/4 finalda almanlara 1:2 hesabı ilə uduzub. Avro-2004-də isə xorvatlar üçüncü yeri tutub. 2008-ci il çempionatında isə xorvatlar bizi əsl əsəb sınağına çəkdilər. Türkiyə millisi ilə 1/4 finalda qarşılaşan xorvatlar İvan Klasniçin qolu ilə önə çıxmışdı. Oyunun qurtarmasına saniyələr qalmış Semih Şəntürk hesabı bərabərləşdirdi. Sonra isə 11 metrlik zərbələrdə Türkiyə daha sərrast oldu. Avro-2012-nin seçmə turnirində isə Xorvatiya bunun heyfini Türkiyədən çıxdı. Pley-off oyunlarında xorvatlar Türkiyəni iki oyunun nəticəsinə görə 3:0 udaraq final mərhələsinə vəsiqə qazandı. Türkiyənin qapısına qol vurmuş Rusiyanın MOİK klubunun keçmiş hücumçusu İvişa Oliçi isə türklərin ahı tutdu. Yoldaşlıq görüşündə zədə alan futbolçu heyətdən kənarda qaldı.
“Tottenhem”in yarımmüdafiəçisi Luka Modriç Ukrayna “Şaxtyor”unun hücumçusu Dario Srna indi komandanın əsas ümidləridir. Xorvatiyanın baş məşqçisi Sloven Biliç həm də musiqiçidir və neçə ildir ki, rok-qrupda oxuyur. Xorvatiyanı bu qrupda “qara at” hesab edir və onun yaxşı nəticə göstərəcəyinə ümid edirlər.
İrlandiya Avropa çempionatında yalnız bir dəfə - 1988-ci ildə iştirak edib. İrlandlar Avro-2012-yə xorvatlar kimi pley-offdan keçməklə gəliblər. Onlar Estoniyanı pley-off mərhələsində 5:1 (iki oyunun cəminə görə) məğlub etmişdi.
Komandanın əsas ulduzu uzaq Amerikada, “Los-Anceles Qalaksi”nin heyətində Devid Bekhemlə bir klubda oynayan Robi Kindir. O, millinin heyətində ən çox qol vurub - 53. Heyətdə yaşlı olmasına baxmayaraq Qivena və Riçard Dann kimi futbolçular da var.
İrlandiyanın baş məşqçisi, italiyalı mütəxəssis Covanni Trapattoni yetirmələri barədə danışarkən deyib ki, rəhbərlik etdiyi milli komanda daha texnikalıdır: “Biz super texnikalı oynayırıq. Birinci oyunun nə qədər vacib olduğunu da bilirik. İlk 90 dəqiqənin sonunda qələbə qazanmaq turnirin nəticəsinə ciddi təsir edir. Qalib gəlmək vacibdir, amma əsas həm də uduzmamaqdır”.
Trapattoni deyib ki, xorvatlara qalib gələcəkləri təqdirdə İtaliya-İspaniya oyununun heç-heçə bitməsini arzulayır: “Çünki bu, bizim qrupda işimizi yüngülləşdirərdi”.
Çalışdırıcı Xorvatiya millisini tərifləyib: “Onların oyunlarını izləmişəm. Deyim ki, xorvatlarda bizdən daha çox qol vəziyyəti yaratmaq şansı olan futbolçular var. Fiziki və psixoloji hazırlıqda isə onlardan geri qalmırıq”.
Xorvatiya millisinin baş məşqçisi Sloven Biliç də İrlandiya ilə görüş barədə danışıb. O deyib ki, İrlandiyanın təhlükəli və riskli oynamağı bacaran oyunçuları var və rəqiblə oyun asan keçməyəcək.
Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti
QOL.az 16 yaşında
Bakıda tanınmış klubların alyansı yaradıldı - Şəkillər
"İnanıram ki, istəyimizə nail olacağıq" - Fernandu Santuş
"Bu oyunda 3 xal qazanmalıydıq" - Bəhlul Mustafazadə
Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi
"Hər kəsə qarşı çıxaram ki, futbolçularımı qoruyum"
"Real" İspaniya millisindəki təmsilindən narahatdır
"Barselona"nın prezidenti Bakıda
"Azərbaycan" - "Estoniya" - Heyətlər
Fliki boğaza yığıb
Millimiz Yunanıstana məğlub oldu
Azərbaycan yığması İrlandiyaya uduzdu
Ançelotti gedir, o gəlir
PSJ-nin Kvaratsxeliya planı
“Qarabağ”ın futbolçuları COP29-da - Şəkillər
İspaniya millisində 3 itki
İsveç - Azərbaycan oyununun hakimləri açıqlandı
Baş məşqçinin başını yardılar