“Ölüm qrupu”: kəfəni kim yırtacaq?

“Ölüm qrupu”: kəfəni kim yırtacaq?
GÜNDƏM 7 İyun 2012 / 14:12 3636
-  A +

“Ölüm qrupu” ifadəsini dünya futbol tarixinə ilk dəfə kim gətirib, kim işlədib, bilmirəm. Kim fikirləşibsə, ölənlərinə min rəhmət. Çünki bu ifadə futbolun intriqasını artırıb. Hər mundial və Avropa çempionatlarında məşqçilər, futbol şərhçiləri və azarkeşlər belə “ölüm qrupları” tapır, komandaların gücünü təhlil edir, onlarla məqalə yazırlar. Bu da futbolun bir gözəlliyidir. Adında ölüm sözü olsa da...

Avro-2012-nin püşkü atılanda bu dəfə “futbol ölüləri”i (yəqin bu ifadəyə görə azarkeşlər məndən inciməz) yenə “ölüm qrupu” nu tapdı. Amma bu dəfə doğrudan Hollandiya, Danimarka, Almaniya və Portuqaliyanın yer aldığı B qrupu bakılılar demiş, “ölümünə oldu”.


Bu qrupda bu cür nəhəng komandaların bir torbaya düşməsi bəlkə də çempionatın dadını bir az qaçıracaq. Bu komandalar ayrı-ayrılıqda istənilən bir çempionatın, yer aldığı qrupun bəzəyi ola bilər. Portuqaliya topla musiqisiz Braziliya karnavalı (bu məqama bir də qayıdacağıq), Hollandiya narıncı inqilab havalı, Danimarka döyüşkən ruhlu cəngavərlər, nəhayət, futbol maşını Almaniya.

Gözəl futbola azarkeşlik edənlərə yazıq oldu. Təəssüf ki, qrup mərhələsindən sonra bu 4 komandanın ikisi çempionatla vidalaşmalı olacaq. Proqnozlara diqqət yetirsək, görərik ki, UEFA prezidenti Mişel Planitidən tutmuş məhəllə uşaqlarınadək hamı çempionun bu qrupdan olacağını deyir nədənsə.

Almaniyanın adını daha çox çəkirlər. 1992-ci ilin Avropa çempionu olmuş danimarkalıları heç yada salan yoxdur. Yəni onları çempionat başlamamış “dəfn ediblər”. 

Halbuki FİFA reytinqinə görə milli komandalara sırasında Danimarka  ilk 10-luqda yer alır. 1992-ci il danimarkalılar indi qrupda birgə olduğu Hollandiyanı yarımfinalda yarı yolda qoyub, finalda isə Almaniyanın kürəyini yerə vurub. Avro-2012-nin seçmə mərhələsində də keçirdiyi 8 oyundan 6-sını qalibiyyətlə başa vurub. Bu qrupda Portuqaliyanı  geridə qoyaraq birinci yeri tutub. Budur zəif komanda? Avropanın ən tanınmış məşqçisi Martin Osenin komandası heç də zəif bənd deyil məncə bu qrupda. Kəfəni yırtıb qrupdan çıxsalar, kim bilir haradək gedəcəklər. Proqnoz verməyək, futbolu gözləyək.

Əgər heyətində Ronaldo kimi bir futbolçu olmasaydı, bukmeyker kontorları bəlkə Portuqaliyanı da çempionluq yarışından gözardı edərdilər. Maraqlıdır ki, Azərbaycanda Portuqaliyaya azarkeşlik edənlər o qədər də çox deyil. Portuqaliya futbolunda hər şey tapmaq olur: gözəl ötürmələr, hücum, qol.  Amma məni qınamayın, Portuqaliya futbolunun musiqisi yoxdur. Azərbaycanlılar isə musiqidən yaxşı anlayırlar. “Avropanın Braziliyası” hesab edilən Portuqaliyanın futbol karnavalında çatmayan musiqidir, musiqi. Nə qədər haqlı olduğumu bilmək üçün yenə bir neçə gün də gözləməyə məhkumuq. Pepenin müdafiəsini, Ronaldonun və Türkiyə çempionatından yaxşı tanıdığımız Quarejma ilə Almeydanın (hər ikisi “Beşiktaş”) nəyə qadir olduğunu Almaniya ilə iyunun 9-dakı ilk  oyun göstərəcək.

Hollandiya sabit komanda deyil. Qatıldıqları dünya və Avropa çempionatlarının statistikasını nəzərdən keçirsəniz, bunu görərsiniz. Komanda sanki zirvəyə qalxır və enir. Mənim yaşım düşəni deyirəm: 1982 və 1986-ci il dünya çempionatlarında iştirak edə  bilməyən komanda 1990 ildə 1/8, 1994-cü ildə 1/4-dək irəlilədi. 1998-ci ildə də komanda pis oynamadı. Mundialın yarımfinalında Braziliyaya uduzdu. Və sonra yenidən enmə. 2002 çempionatında hollandlar yenə yox idi. 2006-da portuqaliyalılar 1/8 də onun yolunu kəsdi. 2010-da isə final və İspanlar qalib gəldi. 2004-2008-ci illərdə komandanın baş məşqçisi olmuş van Basten yəqin bu qeyri-sabitliyə görə deyir ki, Avro-2012-də  komandanın uğuruna inanmır. Amma onlara nahaqda “uçan hollandlar” demirlər. Bəlkə bu il də onların uçan ilidir. Hər halda, məşhur lətifədəki kimi uçsalar, mütləq görəcəyik.

Nəhayət, zurnanın son dəliyi - Almaniya. Almaniya Foqtsa görə bizim yaralı yerimizdir. Amma onu və “ölüm qrupu”nu bir kənara qoyaq. Əsl Almaniyaya və əsl futbola qayıdaq.  

Kimin üçünsə maraqsız və bəlkə də əhəmiyyətsiz olsa da, Almaniyaya rəğbətimi gizlətməyə çalışmayacağam. Ağlım kəsəndən Almaniya (əvvəl AFR) mənim komandam olub. Uduzanda özümə yer tapmadığım vaxtlar da olub. Yalnız 2002-ci il Cənubi Koreya və Yaponiyada keçirilən mundialında Türkiyə bir az bizi sevindirdi və Almaniya bir də finalda-Braziliyaya uduzanda yada düşdü. Bu çempionatda da Almaniya favoritdir.

Almaniyanın oyununda hər şey var. Portuqallar kimi səssiz yox, onlar xorla oxuyurlar. Almaniya maşındır - bu komanda “xorla oxuyanda” sanki bir möhtəşəm operaya baxırsan. Bu komandanı yaxşı heyətdə meydana çıxanda, sanki oyunu avtopilotda idarə edirlər.

Seçmə mərhələdə keçirdiyi bütün oyunlarda rəqiblərini darmadağın edən (Foqtsun qrupu da daxil) Almaniya Avro-2012 başlamamış çempionluq iddiasını ortaya qoydu. Almaniyanın üstünlüyü bilirsinizmi həm də nədir? Komanda online sistemindəki kimi daima yenilənir, daima axtarışda, daima hərəkətdədir. İndi çempionatın ən cavan komandası da Almaniya millisidir. Heyətə baxırsan Qomez, Kloze, Şvanstayger, Podolski, Müller,  Mesut Özil, İlkay Gundogan, Filip Lam... Hər biri bir parlaq ulduz. Almaniya bu çempionatı uduzmamalıdır. Buna sadəcə haqqı yoxdur. Fəqət Almaniya maşının böyük qüsuru da var. Qırılma. Alman istehsalı olan maşınların həvəskarları yaxşı bilirlər. Bu maşınların bir detalı xarab olsa, avtomatik sönür. Almaniyanın futbol komandası da  belədir. Ya qarşısına çıxanı əzib keçir, ya da...

Pronoz verməyək. Bizi bu qrupda ən gözəl futbollar  gözləyir. Adında ölüm olsa da...

Dünən məşhur “William Hill” bukmeyker kontoru 2012-ci il Avropa çempionatının favoritini açıqlayıb.
Bu mübarizədə İspaniya yığması bütün rəqiblərini qabaqlayıb. Son Avropa və dünya çempionunun qələbəsinə pul qoyuluşu edənlər üçün 3,75 əmsal müəyyənləşdirilib. Almaniyanın şansları 4, Hollandiyanınkı isə 7,50-yə bərabər sayılıb.
Belə...

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


 

Daha çox


Son xəbərlər
16.11.24  16:28

Fliki boğaza yığıb