Vaqif Sadıqov: “Qarabağ”da taktiki dəyişikliklərə, yeni nəfəsə ehtiyac vardı”

Vaqif Sadıqov: “Qarabağ”da taktiki dəyişikliklərə, yeni nəfəsə ehtiyac vardı”
MÜSAHİBƏ 15 May 2012 / 13:26 3304
-  A +

AZAl komandasının baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Artıq çempionat başa çatıb. Komandanızda nə dəyişikliklər gözlənilir?

- Dəyişikliklər olacaq. Lakin hansı formada, hələ ki, deyə bilmərəm. İlk növbədə əcnəbi futbolçuları AZAL-a dəvət etmək fikrindəyik.

- Komandanız artıq yeni bir qapıçı Ruslan Məcidovu transfer edib...

- Bəli. Ruslan “Sumqayıt” komandasının əvəzedici heyətində çıxış edirdi. Bu qapıçı zədəli olduğundan əsas komandada çıxış edə bilmirdi. Ona görə də onu əvəzedici heyətin qapıçısı adlandırmaq düzgün olmazdı. Ruslan Məcidov Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Toresin vaxtında yığmanın şərəfini qoruyub. Həmçinin də, 21 yaşlılardan ibarət milli komandanın qapıçılarından biridir.

- Bəs, AZAL-ın əsas qapıçısı Cahangir Həsənzadənin taleyi necə olacaq?

- Hazırda komandamızda dörd qapıçı var: Cahangir Həsənzadə, Amil Ağacanov, Ruslan Məcidov və Xəyal Həsənov. Gələcəyə ümidlə baxmaq üçün rəqabətli bir komanda yaratmaq istəyirik. Hər mövqedə ən azı 2-3 futbolçu rəqabət aparmalıdır. Bu dörd futbolçu yaxşı tanıdığım bir qapıçılardır. Güclü olan isə əsas heyətdə yer alacaq.

- Belə məlumat yayılıb ki, AZAL-ın aparıcı futbolçularından olan Nuqzar Kvirtiyanı komandadan qovmusunuz. Bu, doğrudur?

- Əvvəla, qovmaq ifadəsi doğru deyil. Nuqzar elə futbolçulardan idi ki, mən komandaya gəldiyim gündən onu AZAL-da saxlamaq istəyirdim. Kvirtiyanın müqaviləsinin müddəti başa çatmaq üzrəydi. Biz də, ona iki illik müqavilə təklif etdik. Demək olar ki, o, müqaviləni imzalamışdı. Lakin “Sumqayıt”la qarşılaşmaların birində idmançıya yaraşmayan hərəkətə yol verdi. Etdiyi hərəkətinə görə komandadan kənarlaşdırıldı.

- Söhbət sizə qarşı hörmətsizlikdən gedir?

- Onun hörmətsizliyinin mənə, azarkeşlərə və ya rəhbərliyə qarşı etməyinin fərqi yoxdur. Əgər hesab edirsinizsə ki, mənə qarşı hörmətsizlik edib, mən də qərarımı vermişəm. Mən komandaya gələn gündən futbolçulardan bir şeyi xahiş etmişəm. Demişəm ki, biz işimizə peşəkarcasına yanaşmalıyıq. Yəni, siz oyunçular da başa düşməlisiniz ki, nə etməlisiniz. Çünki birtərəfli peşəkarlıq olmur.  Baxmayaraq ki, Nuqzar Kvirtiyanı AZAL-ın xeyri üçün komandada saxlamaq istəyirdim. Ancaq bir futbolçuya görə mən komandanın nizam-intizamını poza bilmərəm.
 
- Komandanı tərk edən digər futbolçular varmı?

- Müqaviləsi başa çataraq komandanı tərk edən futbolçu Hüseyn Axundov olub. Mövsümün sonuna iki tur qalmış komandanı tərk edərək “Rəvan”a keçmək istədiyini bildirdi. Biz də son oyundan sonra bir-birimizin əllərini sıxaraq, uğurlar diləyərək, dostcasına ayrıldıq. Digər aparıçı futbolçumuz Tales Şützun taleyinə hələ aydınlıq gəlməyib. Onun komandada qalıb-qalmaması hələ qaranlıqdır. Baxmayaraq ki, özü mətbuata bildirib ki, şifahi olaraq “İnter”ə məxsusdur. Ancaq rəsmi olaraq müqavilə bağlamayıb.

- Deyilənə görə, Aqil Nəbiyev də AZAL-ı tərk etmək istəyir.

- Aqil bunu Rafiq Mirzəyevin dövründə deyibsə, artıq üstündən xeyli vaxt keçib.  Mən deyə bilərəm ki, hazırda Aqil Nəbiyev rəhbərliym altında komandanın kapitanıdır. O, hazırda mənə kömək edən və yaxın olan insanlardan biridir.  Ancaq mən hər zaman demişəm ki, mənim üçün bütün futbolçular eynidir. Kim komandanı tərk etmək istəyirsə, onu məcbur saxlayan deyilik.  Lakin istərdim ki, Aqil Nəbiyev komandamızda qalsın.

- Bu mövsüm çempionatın səviyyəsi bir mütəxəssis kimi sizi qane etdi?

- Bəli. Görünürdü ki, çempionatın səviyyəsi qalxıb. Bəlkə, futbolçuların səviyyəsi bundan artığına imkan vermir. Ancaq hətta çox rəqabətli ikinci “altılıq” oyunlarının şahidi ola bildik.

- Sizcə, avrokuboklara vəsiqə qazanan dörd komandanın hamısı buna layiq idi?

- Fikrimcə, ədalətli bir yarışmada daha güclü olan vəsiqə qazana bildi. Baxmayaraq ki, hər birimiz istəyirdik ki, “Qarabağ” da Avroliqaya getsin. Hesab edirəm ki, “Qarabağ” buraxılan səhvləri gələcəkdə təkrarlamayacaq. Onlara və Avroliqada çıxış edən komandalara uğurlar diləyirəm. Azərbaycan klubları Avropada öz sözünü deyə biləcək komandalara çevrilməlidir.

- Sizcə, “Qarabağ”ın Avroliqaya vəsiqə qazana biməməsinə əsas səbəb nə idi?

- Mən hardasa 2-3 ay əvvəl “Qarabağ” haqda bir fikir  səsləndirdim. Hazırda bütün klublarımız “Qarabağ”ın oyun üslubuna, taktikasına bələddirlər. Gərək komandaya hansısa bir yenilik gətirəsən. Hesab edirəm ki, bu məqamı Qurban Qurbanov əldən buraxıb. Komandada taktiki dəyişikliklərə, bəlkə də, yeni bir nəfəsə ehtiyac vardı. Çünki eyni heyət xeyli vaxdır, bir yerdə cəmləşib. Əgər ilk illərdə bu özünü doğruldurdusa, get-gedə bunu əksi oldu. “Qarabağ”ın rəqibləri demək olar ki, tam olaraq bu komandanı analiz ediblər. Ona görə də, “Qarabağ” hansısa dəyişiklik etməliydi. İnanıram ki, komanda növbəti mövsümdə öz mövqeyini qaytaracaq və gələcəkdə ən azı  Avroliqadakı nəticələrini təzələyə biləcək.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər