Kamran Ağayev: “Gah şərlədilər ki, oyun satmışam, gah dedilər ki, bilərəkdən meydana çıxmamışam”

Kamran Ağayev: “Gah şərlədilər ki, oyun satmışam, gah dedilər ki, bilərəkdən meydana çıxmamışam”
MÜSAHİBƏ 14 May 2012 / 16:06 4145
-  A +

“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin Qol.az saytına müsahibəsi

- Unibank Premyer Liqanın son turunda dogma meydanda “Qarabağ”ı 4:1 hesabi ilə məğlubiyyətə uratdınız. Bu oyun barədə nə deyə bilərsən?

- Bu qarşılaşmanın bizim üçün nə qədər önəmli olduğunu yaxşı bilirdik. Ona görə də oyuna ciddi hazırlaşmışdıq. “Qarabağ” da Lənkərana yorğun gəlmişdi. Heç kim gözləmirdi ki, “Qarabağ” qapısından dörd top buraxaraq məğlub olacaq. Belə götürəndə rəqibimiz yaxşı futbol oynadı. Bu komanda özünəməxsus  oyun stilinə malikdir. Heç bir zaman görməmişəm ki, “Qarabağ” antifutbol nümayiş etdirsin.  Sadəcə, yaratdığımız real qol epizodlarından biz rəqibə nisbətən maksimum istifadə etməyi bacardıq.

- Bəs, sən özün necə, çox vaxt sizə başağrısı olan “Qarabağ”ı bu hesabla udacağınızı gözləyirdin?

- Bunu heç kəs qabaqcadan söyləyə bilməzdi. Ancaq komandada qələbə qazanacağına böyük inam var idi. Bütün bunları göstərdiyimiz oyunla sübut etdik.

- Erkən qol vurmaq baş məşqçinin tapşırığı idi?

- Yox. Sadəcə, məşqçi bizə bildirdi ki, heç-heçə komandanı qane etməsinə baxmayaraq, bu gün meydana qələbə üçün çıxmalısınız və nəyin bahasna olursa-olsun ilk qolu biz vurmalıyıq. Əgər komandamız “Qarabağ”la qarşılaşmaya heç-heçə üçün çıxacaqdısa, nəticə ürəkaçan olmaya da bilərdi. Bir şeyə üzülürəm ki, “Qarabağ” Avroliqaya vəsiqə qazana bilmədi. Hər bir azərbaycanlı istəyərdi ki, Avropada ölkəmizi təmsil edənlərdən biri də “Qarabağ”olsun. Çünki Azərbaycan xalqının ən yaralı bölgəsinin adını daşıyır.

- Necə düşünürsən, ola bilərmi ki, rəqibiniz qol buraxdıqdan sonar açıq futbola üstünlük verdiyi üçün belə vəziyyətlə üzləşdi?

- İlk hissədə istənilən komanda qol buraxsa da, oyun üslubunu pozmur. Mən deməzdim ki, “Qarabağ” açıq futbol oynadı. Düzdü, onların da yaxşı qol imkanları oldu. Sadəcə, biz yaratdığımız qol epizodlarından dəqiq yararlanmağı bacardıq. Demək olmaz ki, ilk erkən buraxılan qoldan sonra rəqibdə çaşqınlıq yaşandı, xeyr. “Qarabağ” Avropa təcrübəsi olan komandadır. Bu komandanı belə şeylərlə və ya böyük azarkeş kütləsiylə çaş-baş salmaq çətindir. Deyirlər ki, Qarabağ” Lənkəranda zəif oynadı. Mən bununla razı deyiləm. İkinci hissədə rəqibimiz bütün gücüylə mübarizə apardı. Biz isə nəticəni qorumaq üçün necə deyərlər, daha çox özümüzdə top saxlamağa çalışırdıq.  Bu amil də, istər-istəməz rəqib komandaya psixoloji təsir göstərir.

- Baş məşqçiniz Yunis Hüseynovun gəlişindən sonra “Xəzər Lənkəran”ın oyununda az da olsa, irəlləyiş hiss olunur. Komandanızın məhz belə bir məşqçiyə ehtiyac olduğunu söyləmək olar?

- Bütün məşqçilərə böyük hörmətimiz var. Yunis müəllim yaxşı bir insan və gözəl məşqçidir. Sadəcə, “Xəzər Lənkəran” fanatları da onu yaxından tanımalı və bilməlidir ki, necə bir mütəxəssisdir. Mən futbolçuyam, baş məşqçi nə göstəriş verirsə, onu da edirəm.

- “Xəzər Lənkəran”la müqavilənin müddəti başa çatmaq üzrədir. Klubunla müqavilənin müddətini üzatmaq haqda düşünürsən? Yerli və ya Avropa klublarından təkliflər almısanmı?

- Avropa klublarının bir neçəsindən təkliflər almışam. İnşallah, düzəlsə, ola bilər ki, gələcəkdə Avropa klublarından birində oynayım. Altı il oynadığım yerli klubla isə hələ razılığa gəlməmişik. Əgər “Xəzər Lənkəran”la orta məxrəcə gələ bilməsək, istənilən komandaya keçə bilərəm. Bu istənilən futbolçunun hüququdur. “Xəzər Lənkəran” rəhbərliyi mənə çox gözəl təkli göndərib. Sadəcə, məni 1-2 şey qorxuzur.

- Konkret nə?

-  “Xəzər Lənkəran”ın bəzi fanatlarıyla münasibətlər yaxşı deyil. Çünki vaxtında o fanatlardan elə şeylər gördüm ki, mənə çox pis təsir etdi. Biz bəziləri kimi kimlərəsə “maşınka” alıb və ya 10 manat verməmişik. Altı ildi ki, komanda üçün canımızı veririk. Heç olmasa, bizə şər atmasınlar. Gah şərlədilər ki, oyun satmışam, gah dedilər ki, bilərəkdən meydana çıxmamışam. Belə şeylərlə məni ləkələməyə çalışdılar. Ona görə də, çox qorxuram. Mən təbii ki, hamını yox, azarkeşlərdən bəzilərini nəzərdə tuturam. Lənkəran camaatı məni çox istəyir, mən də onları. Sadəcə olaraq, aralarında 1-2 nəfər var ki, ayrıseçkilik edir.

- Təklif aldığın Avropa klubları konkret hansı ölkə təmsilçiləridir?

- Türkiyədən təklif olsa da, onlarla o qədər də ciddi danışıqlar getmir. Daha ciddi olan ölkələr İngiltərə və Almaniyadır. Hər iki ölkədən təklif göndərən klublar ölkəsinin yüksək liqasənda çıxış edir. Hələ ki, onlarla danışıqlar gedir. İnşallah, milli komandanın təlim-məşq toplantısından sonra danışıq masasına yollanmaq üçün həmin ölkələrə səfər edəcəyəm. Bəlkə, ola bilsin, mən getməyim. Bu işi görən adam özü getsin. Hər ehtimala qarşı özüm getməyə çalışacağam.

- Fikrincə, Çempionlar Liqası və Avroliqaya vəsiqə qazanan klublarımız buna layiq idi?

- “Bakı”nı götürsək yaxşı şəraitə malikdir. Lakin yaınız çempionatın sonlarında bir az toparlanmağı bacardılar. Çempionata çox pis başlamışdı. Bu o demək deyil ki, ölkəsini Avropada yaxşı təmsil edə bilməyəcək. Hər birimizin ürəyi Azərbaycanımızı Avropada təmsil edən klublarladır.  Düşünürəm ki, kim çempion olubsa, Avroliqaya vəsiqə əldə edibsə, deməli, öz zəhməti bahasına qazanıb. Avroliqaya vəsiqə qazanan klublarımız indidən gözləməsinlər ki, püşkdə bizə Lixtenşteyin, nə bilim, başqa zəif klublardan biri düşsün. 2-3 klubu məğlub edərək indidən mərhələ adlamağı söyləməklə çamaatın başını aldatmamalıyıq. Bu yaxşı hal deyil.  Mən öz komandam haqda da danışıram ki, “Xəzər Lənkəran”dan fanatlar belə şeylər gözləməsin. Biz  qarşıdakı yarışa var gücümüzlə hazırlaşmalıyıq. Əgər nəticə vermək istəyirsənsə, güclü klubları da məğlub etmək lazımdır.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər