Türkiyənin Antalya şəhərində hazırlıq prosesində olan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Vaqif Cavadovun yenidən komandalarına qayıtması, Roşanın “Qarabağ”dan uzaqlaşdırılması və son vaxtlar Rauf Əliyevin adı ətrafında yaranmış durumla bağlı Qol.Az saytına müsahibə verib.
- İlk sualımız Vaqif Cavadovun transferi ilə əlaqədardır. Onun “Qarabağ”a qaytarılması hansı zərurətdən irəli gəldi?
- Vaqif “Qarabağ”a doğma oyunçudur. Mən bu komandaya yeni gələndə o, Azərbaycan çempionatına uyğunlaşır, yaxşı oyun göstərməyə başlayırdı. Sonradan bəzi klublara keçdi, zədə aldı və oyununda geriləmə baş verdi. Mən həmişə düsünmüşəm ki, Vaqif potensialı olan bir futbolçudur. Biz həmişə komandamızda yerli futbolçuların daha çox çıxış etməsini istəmişik. Əlimizə Vaqiflə bağlı belə bir şans düşdü, biz də bundan maksimum istifadə etməyə çalışdıq.
- Vaqifi sırf “Qarabağ”ın ansamblına uyğun bir futbolçu hesab etmək olarmı? Nəzərə alaq ki, bu futbolçu məhz “Qarabağ”da futbolçu və məşqçilərlə daha yaxşı dil tapa bilir.
- Ümümiyyətlə, onun oyun üslubu komandamıza yaxındır. Dediyim kimi, potensialı var və biz də bundan istifadə etməliyik. Düşünürəm ki, Vaqif “Tvente”də zədə aldıqdan sonra karyerasının ən yaxşı dövründə itirdi. Futbolçu kimi geriləməyə başladı. Sonra Azərbaycan çempionatına qayıtdı, amma istədiyi oyunu tapa bilmədi. Son vaxtlar isə mili komandada yaxşıya doğru addımladı. Vaqifin bəzi üstünlükləri var ki, istifadə etmək, zəif tərəfləri də var ki, bunları aradan qaldırmaq lazımdır. Bir sözlə, Vaqifi yaxşı tanıdığımıza görə komandaya çağırdıq.
- Vaqif Cavadovu ilk gündən “Qarabağ”ın əsas heyətində görə biləcəyik?
- Biz bunu istəyirik. Amma hər şey Vaqifin özündən asılıdır. Vaqif əvvəlki oyununu nümayiş etdirməlidir. Çalışmalıdır ki, komandaya faydası dəysin. Vaqif Cavadov öz üzərində çox calışmalıdır. Çünki son iki ildə sabit oynamayıb. İlk vaxtlar komandaya uyğunlaşmasında problem yarana bilər. Komanda yoldaşlarının da çətinliklə üzləşməsi mümkündür. Çünki qış fasiləsinin bitməsinə cox vaxt qalmayıb.
- Sizcə, Vaqifin əvvəlki formasına qayıtması üçün nə qədər vaxt lazımdır?
- Futbol elədir ki, konkret vaxt təyin etmək olmur. İstənilən halda vaxtımız yoxdu: həm Vaqifin, həm də bizim. Vaqif başını aşağı salıb tez bir zamanda futbolunu oynamalıdır.
- Onunla müqavilə hansı müddətə nəzərdə tutulub?
- 2.5 illiyə. O, artıq “Qarabağ”ın düşərgəsindədir və bu gündən məşqlərə başlayacaq.
- Bizdə olan məlumata görə, Vaqiflə danışıqlar Yeni il ərəfəsində başlayıbmış. Ümumiyyətlə, onun “Qarabağ”a qayıtmasıyla bağlı təşəbbüs klubdan, yoxsa futbolçunun özündən gəldi?
- İstər-istəməz futbolçuyla görüşəndə onun durumuyla maraqlanırsan. Biz də bir dəfə söhbət əsnasında Vaqifdən “Qarabağ”a gəlməsinin mümkünlüyü haqda soruşduq. O zamandan danışıqlar başladı və artıq həllini tapdı.
- Bir qədər də braziliyalı futbolçunuz Roşadan danışaq. Mən bildiyimə görə, “Qarabağ”da sizin rəhbərliyiniz altında birinci dəfədir ki, futbolçu müqaviləsi sona çatmamış komandanı özbaşına tərk edir və geri qayıtmır. Hər halda, Roşayla bağlı problem nədəydi?
- O, həqiqətən də potensialı yüksək olan bir oyunçudur. Onu həmişə qiymətləndirmişəm və elə buna görə də “Qarabağ”a dəvət etdim. Roşa “Qarabağ”ın bütün məşqlərində səylə çalışırdı. Onun zəif hazırlaşdığı, nədənsə çəkindiyini görmədim. Amma o şıltaq uşaq xasiyyətli idi.
- Onda özündən razılıq vardı?
- Razılıq deməzdim. Sadəcə, dediyim kimi, şıltaq xasiyyətli idi.
- Roşanı “Qarabağ”a gətirməklə yanılmadınız ki?
- Belə deyək, futbolçuların hamısı həm oyununa, həm də insani keyfiyyətlərinə görə bərabər ola bilməz. Hər bir komandaya yaxşı legioner lazımdır. Elə legionerlər var ki, onlarla bağlı yanıla bilərik. Qarşılıqlı danışdıq və dedim ki, əgər belə olacaqsa, komandada qalmaya bilər.
- “Qarabağ” qış fasiləsində transferini Vaqif Cavadovla yekunlaşdırır, yoxsa komandaya daha kimlərinsə gələcəyi gözlənilir?
- Açığı, istəyirəm ki, daha bir futbolçu alaq. Buna görə də bir neçə futbolçu baxışa gələcək. Komandaya bir yarımmüdafiəçi götürmək fikrindəyəm. Vaqifin də potensialından istifadə etməliyik. O, artıq “Volqa” ilə problemlərini yoluna qoyub. Alacağımız yeni futbolçunun yerli olmasını çox istəyirəm. Düzdür, çoxlarının komandalarıyla müqaviləsi var. Ona görə də heç olmasa, icarə qaydasında komandamıza gəlmələrinə çalışacağam.
- Bəs, “Qarabağ”dan qış fasiləsində kiminsə gedəcəyi gözlənilir?
- Yox, hamı qalacaq. Bu futbolçularla neçə ildir ki, bir yerdəyik. İstəyirəm, əksinə, komandamızda yeni futbolçular olsun. Çünki buna ehtiyacımız var.
- Bundan öncəki sualı təsadüfən vermədik. Son vaxtlar Rauf Əliyevin “Qarabağ”dan ayrılacağı ilə bağlı müxtəlif xəbərlər dolaşır. Bu mənada, “Qarabağ” yayda futbolçusunu əcnəbi kluba sata bilər?
- Raufun sohbəti son vaxtlar çox şişirdilib. Mənim də belə şeylərdən xoşum gəlmir. Rauf yaxşı mövsüm keçirdi. Mən hamıdan əvvəl istəyirəm ki, Rauf yaxşı bir komandada, yaxşı bir çempionatda oynasın. Əgər belə bir şey olsa, heç nəyə baxmadan, hətta “Qarabağ”ın ziyanına olsa belə, Raufu buraxaram. Çünki bizim futbolun xaricdə tanınmasına çox ehtiyac var. Buna görə də futbolçular orada oynamalıdırlar. Rauf Əliyev ilin futbolçusu olduqdan sonra ona menecerlər tərəfdən marağın yaranması təbiidir. Menecerlər Almaniyanın birinci bundesliqa klublarına da təklif etmişdilər. Məlumatlar yayıldı ki, Raufa müxtəlif ölkələrdən dəvətlər var. Amma biləsiniz ki, Türkiyənin Bank Asya liqasında oynayan “Göztəpə” klubundan başqa yüzfaizli təklif olmayıb. Almanlardan konkret təklif olsaydı, Raufun orada oynamasına razılaşardım. Çünki həqiqətən də oranın səviyyəsi yüksəkdir. Real təklif yoxdu, amma bu qədər söhbət dolaşır. Bu da futbolçunun psixoloji durumuna təsir edir. Bilirsiniz, belə xəbərlərin yayılması yaxşı hal deyil. Sabah da deyə bilərlər ki, futbolçu getmək istəyirdi, amma Qurban mane oldu. Dediyim kimi, getmələrini istəyirəm, amma səviyyəli çempionatlara.
- Hər halda, Rauf yayda gedəcək, ya qalacaq?
- Əgər real təklif olsa, qarşısını almayacağıq.
- Rauf özü Türkiyə birinci liqasında oynamasına etiraz etməyib. Ümümiyyətlə, Azərbaycanın ən güclü futbolçusunun belə bir liqada oynaması onun karyerasına ziyan vura bilərmi?
- Bilirsiniz, komandaların səviyyəsindən də çox şey asılıdr. Elə klub var ki, Türkiyə superliqasında oynamaq şansı yüksəkdir. Mən futbolçularımızın məhz elə klublarda oynamasına pis baxmıram.
- Bəs, “Göztəpə” kimi aşağı yerlərdə olan komandalarda çıxışlarına necə yanaşırsınız?
- Belə komandalarda oynamalarının isə tərəfdarı deyiləm.
Aydın BAĞIROV,
Antalya
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."