"Turan"ın prezidenti: "Məgər, onlar oynamasa, komanda dağılacaq?"

"Turan"ın prezidenti: "Məgər, onlar oynamasa, komanda dağılacaq?"
GÜNDƏM 12 Noyabr 2011 / 22:38 2939
-  A +

“Turan” klubunun prezidenti Musa Süleymanov komandada hökm sürən maliyyə problemləri haqda danışıb.

Qol.Az-ın müxbiri ilə söhbətində Süleymanov deyib ki, “Turan”da maliyyə problemi hələ də davam edir: “Komandamızda maliyyə problemləri var. Amma bu o demək deyil ki, “Turan” dağılır. “Turan”da beş-altı nəfər futbolçu var ki, pulları gecikib.

Həmin oyunçular klubda çıxış etmək istəmirlər. Oynamaq istəmirlər, oynamasınlar. Mən onlara yaxşı yol arzulayıram. Problem yoxdu. Məgər, onlar oynamasa, komanda  dağılacaq? Tovuzda “Turan”ın şərəfini qorumağa hazır lazımi qədər gənc futbolçular var. Çıxıb oynayacaqlar. Görəcəksiniz, həmin oyunçulardan daha yaxşı futbol nümayiş etdirəcəklər”.

Klub prezidenti komandanın gələcəyi haqda nikbin fikirdə deyil: “Komandanın perspektivini yaxşı görmürük. Maddi durum düzəlməyəcəyi təqdirdə çətin olacaq. Bilirsiniz, məsələ yalnız “Turan”ı maliyyələşdirməkdən getmir. Tovuzda 500-ə yaxın futbolçu məşq edir. Altı yaşından tutmuş daha yuxarı yaş təbəqələrinə qədər hazırlaşan uşaqlar var.

Onların hamısının xərclərini qarşılamaq lazımdır. Stadionun təminatına da pul xərclənməlidir. Çox çətindir. Tək “Turan”ın özünü maliyyələşdirmək olsaydı, nə var idi. Mən bunu təkcə bacarmıram. Kimsə kömək etməlidir. Tovuzdan bəzi insanlar bu işlərə yardımçı olmalıdır. Azərbaycanda futbol pul gətirmir. Nə biletdən, nə də ki, reklamdan pul qazanmaq mümkündür”.

Süleymanov bütün bunlara baxmayaraq, heç bir halda “Turan”ın dağılmayacağını bildirib: “Turan”ın dağılmasından söhbət belə gedə bilməz. Mən olsam da, olmasam da “Turan” dağılmayacaq. Beş-altı nəfər futbolçunun komandadan getməyi ilə “Turan” dağılan deyil. Onlar “Turan”ı qurmayıblar ki, dağıdalar. Həmin adamlar cəmi iki ay komandada olublar. Hələ gərək “Turan”a minnətdar olalar. İtib-batmışdılar. “Turan” onlara futbol oynamaqları üçün imkan yaratdı. Komandanın sayəsində adları mətbuatda hallandı, tanınmağa başladılar”.

Daha çox


Son xəbərlər