Böyükağa Hacıyev: “Rednik gərək ağzına gələni danışmayaydı”

Böyükağa Hacıyev: “Rednik gərək ağzına gələni danışmayaydı”
MÜSAHİBƏ 7 Noyabr 2011 / 14:50 5336
-  A +

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev dünən “Xəzər Lənkəran”a 5:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı Qol.Az saytına müsahibə verib


- “Neftçi” 3 illik fasilədən sonra “Xəzər Lənkəran”ı məğlub etdi. Həm də belə böyük hesabla. İlk öncə bu görüş haqda fikirlərinizi öyrənmək istəyirəm.

- Bilirsiniz ki, “Xəzər Lənkəran”la keçirdiyimiz oyun Premyer Liqanın ən vacib qarşılaşmalarından biri hesab olunurdu. Oyunun hansı hesabla başa çatdığı artıq hər kəsə məlumdur. Görüşün ilk dəqiqələrində hər iki komanda bir qədər kəşfiyyat xarakterli oyun nümayiş etdirirdi. Onsuz da bizim rəqib haqqında lazımınca məlumatımız vardı. Çünki mən artıq üç oyundur, “Xəzər Lənkəran”ın keçirdiyi görüşləri dərindən analiz edirdim. Həmişə digər komandalarla qarşılaşmadan öncə rəqibin oyunun videoyazısını futbolçulara nümayiş etdirirdim. Lakin bu dəfə rəqibimizin keçirdiyi oyunları futbolçulara göstərməyərək, təkcə özüm analiz etdim. Futbolçularımla birgə rəqibimizin videoyazısını izləməməkdə məqsədim, ”Xəzər Lənkəran”ı onların gözündə böyütməmək idi. Və bundan başqa onları inandırmağa çalışdım ki, bu gün Azərbaycanda “Neftçi”dən güclü klub yoxdur. Məncə, psixoloji cəhətdən komandamı belə ağır oyuna hazırlamağı bacardım. Düşünürəm ki, ”Neftçi” “Xəzər Lənkəran”la matçda çempionatdakı ən yaxşı oyunlarından birini sərgilədi.

- Əzəli və heç vaxt qalib gələ bilmədiyiniz rəqiblə oyunda belə böyük hesablı qələbə yəqin sizin üçün də gözlənilməz oldu.

- Sizə bir şey deyim ki, ümumiyyətlə, mənim həyatım çox macəralı və keşməkeşli olub. Mən heç vaxt məqsədimə asanlıqla nail olmamışam.  Nəyəsə nail olmaq üçün hər zaman çətinliklərlə rastlaşmışam və bacardığım qədər də çətinliklərdən çıxaraq onları dəf etməyə çalışmışam. Biz birinci oyunda “Xəzər Lənkəran”a uduzsaq da, növbəti qarşılaşmada qalib gələcəyimizə əmin idim. Yaxşı bir atalar sözü var: iştah diş altındadır. Dünən oyunda hesab 3:0 olanda köməkçi məşqçilərim Tərlan Əhmədov və Bəxtiyara Musayevə dedim ki, indi dördüncü, onun dalınca da beşinci qolu vuracağıq. Məncə, bir az da vaxt olsaydı, “Xəzər Lənkəran” 6-7-ci qolları da vurardıq.
Ümumiyyətlə, dünən biz bütün göstəricilərdə rəqibdən üstün idik. İlk hissədə “Xəzər Lənkəran” qapımız qarşısında yalnız bir təhlükəli epizod yaratdı ki, onu da qapıçımız Saşa Stamenkoviç dəf etməyi bacardı. Bu, epizoddan başqa rəqib qapımız önündə elə bir təhlükəli real qol imkanı əldə etmədi. Ancaq bununla belə, çox baxımlı futbol alındı. Bu qarşılaşmadan sonra həm özümün, həm də komandanın istirahət etməsini istədim. Çünki bu 3 ayda özümlə bərabər, komandanı da yormuşam. Ona görə də onlara beş günlük istirahət vermək qərarına gəldim. Bir müddət çalışacağam ki, futboldan uzaq durum və başqa işlərlə məşğul olum. Daha doğrusu, ailə işlərimlə məşğul olacağam.

Derbi oyunda böyük hesabla qalib gəlməyimiz təsadüfi deyildi. Hər bir komandanın bir tənəzzül dövrü var. Ola bilər ki, bu, artıq “Xəzər Lənkəran”da da özünü göstərməyə başlayıb. Məsələn, bildiyimə görə, komandanın lider futbolçularından olan Kamran Ağayev artıq “Xəzər Lənkəran”ı tərk edib. Mirça Rednik kimi təcrübəli məşqçi yaxşı bilir ki, yaxşı qapıçı komandanın yarısı deməkdir.

- Yeri gəlmişkən, ola bilərmi ki, böyükhesabla qələbə qazanmağınıza Kamranın meydanda olmaması çox təsir etdi?

- Kamranın yoxluğu futbolçulara psixoloji təsir göstərə bilərdi. Ancaq unutmaq lazım deyil ki, Kamran Ağayev oynamırdısa, onun yerinə Kamal Bayramov çərçivəni qoruyurdu. Yəni onların qapısı boş deyildi. Kamal Bayramov özü də yaxşı qapıçılardan biri hesab edilir. Hər şeyi bir futbolçunun yoxluğuna yazmaq da düzgün deyil. Öz aramızdır, Flavinyonun vurduğu ilk qol, qapının elə bir küncünə yuvarlanmışdı ki, heç bir qapıçı onu çıxara bilməzdi. Eləcə də, ikinci qolu da vurğulamaq olar. Bahadırın başla ötürməsindən sonra Flavinyo topu yaxın məsafədən qapıdan keçirdi. Mənim fikrimcə , belə böyükhesablı məğlubiyyəti “Xəzər Lənkəran” müdafiəsindəki böşluqlar səbəbindən aldı. Mən onları analiz edərkən gördüm ki, rəqibin sağ kənar müdafiəçisi Eder hücuma tez-tez qoşulur. Bu halda isə həmin mövqedə hər zaman açıq zona yaranır. Belə incə nüanslar məşqçinin gözündən qaçmaz.

- Oyunun ilk dəqiqələrində “Neftçi”nin əsas oyunçularından Rəşad Abdullayev rəqibin futbolçusuna əli ilə zərbə vurdu. Çoxları hesab edir ki, bu epizodda Rəşada qırmızı vərəqə göstərilməliydi. Siz necə düşünürsünüz?

- Açığı, mən həmin epizodu dəqiq görməmişəm, ona görə də yalan danışmaq istəməzdim. Oyunun təkrar videoyazısına baxanda nə baş verdiyini açıq-aydın görəcəyik. Lakin mən inanmıram ki, Rəşad heç bir səbəb olmadan belə hərəkət etsin. Yəqin onların futbolçusu nə isə edib ki, cavabını alıb. Mən Rəşadı təmkinli insan, əla futbolçu kimi tanıyıram. Bununla belə, əgər Rəşadın səhvi varsa, onunla söhbət edəcəyik.

- Mətbuatda Sizinlə Rednik arasında hər zaman söz atışmaları baş verir. O, sizə tez-tez atmacalar atırdı.

- Yenə də atalar sözündən istifadə edərək deyəcəyəm ki, “ağac nə qədər bar versə, başını bir o qədər aşağı əyər”. İndi mənim Rednik haqda danışmağım bir az yersiz olar. Azərbaycanın mentalitetində var ki, biz yıxılanı vurmuruq, əlimizi uzadıb ayağa qaldırarıq. Rednikə Azərbaycansayağı məşqçi işləməsi üçün zaman lazımdır. Xüsusən, o, elə bir yerdə işləyir ki, həmin regionun camaatı həm namuslu, qeyrətlidir və milli mentalitetimizə də cox həssasdır. Ona görə də Rednik gərək mətbuatda ağzına gələni danışmayaydı. O, bir az təmkinli və etik normalara riayət etməklə həmkarlarına hörmətlə yanaşmalıdır. Özü də Rednik məndən cavandır.

- Rednik mətbuat konfransını qəfil tərk etdi. Bunu özünüzə və jurnalistlərə hörmətsizlik kimi qəbul etmirsiniz?

- Hər kəs öz hərəkətinə cavabdehdir. Mənə elə gəlir ki, onu qınamaq olmaz. Çünki Rednik həmin anda çox əsəbi idi. Həm də, elə bildi ki, mətbuat işçiləri onun üzərinə gedərək təzyiqlər edəcək, ona görə də konfransı vaxtından qabaq tərk etdi. Birdə də, nə açıqlama verirsən ver, zamanı gələndə bunun hesabını səndən soruşacaqlar. Ona görə də, oyundan yüz gün qabaq” mən belə sökəcəyəm, belə dağıdacağam” kimi ifadələrdən qaçmaq lazımdır. Çünki sonda hər şeyi nəticə deyir. Biz də, inamlı qələbə qazanmaqla sübut etdik ki, hər şey matçın sonunda məlum olur.
Fürsətdən istifadə edərək qazandığımız böyük hesablı qələbəni Həcc ziyarətində olan klubumuzun prezidenti Sadıq Sadıqova həsr etmək istədiyimi bildirirəm.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi