Aqil Nəbiyev: “AZAL-ı bu vəziyyətə özümüz salmışıq, özümüz də çıxarmalıyıq”

Aqil Nəbiyev: “AZAL-ı bu vəziyyətə özümüz salmışıq, özümüz də çıxarmalıyıq”
MÜSAHİBƏ 29 Sentyabr 2011 / 18:49 2696
-  A +

AZAL klubunun kapitanı Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi

- AZAL-ın kapitanı kimi VII turdan sonra komandanın çıxışını və turnir cədvəlindəki mövqeyini necə dəyərləndirərdin?

- Mən belə düşünürəm ki, komandanın çıxışını yaxşı dəyərləndirmək olmaz. Çünki AZAL hazırda 8-9-cu pillədə gedir. Açığı, komandanın bu cür oyun göstərəcəyinə inanmırdım. Dörd turdur ki, komanda inamsız çıxış edir.

- Bunun səbəbini nədə görürsən?

- Belə baxanda, elə keçənilki komandadır. Elə də ciddi dəyişiklik olmayıb. Sadəcə, 4-5 nəfər yeni futbolçu gəlib. Hazırda AZAL-da komanda oyunu yoxdur. Halbuki futbolda uğur qazanmaq üçün kollektiv oyun vacibdir. Bu olmasa, nəticə də olmaz. Ancaq bu, bir nəfərin yox, hamının problemidir. AZAL-ı bu vəziyyətə özümüz salmışıq, çalışıb, özümüz də çıxarmalıyıq.

- Az öncə qeyd etdin ki, AZAL-da elə də ciddi dayişiklik olmayıb. Əksəriyyəti ötənilki oyunçulardır. Ancaq nəzərə almaq lazımdır ki, mövsümün əvvəlində komandada baş məşqçi dəyişikliyi oldu. Uğursuzluğun bir səbəbi kimi də bunu göstərmək olarmı?

- Vallah, mən baş məşqçini günahlandırmaq istəmirəm. Meydanda futbolçular mübarizə aparır. Burada baş məşqçilik bir şey yoxdur. Ümumi götürsək, hamımızda günah var. Komanda uduzursa, burada bir-iki futbolçu yox, AZAL məğlub olur. Bunda ancaq həmin 1-2 nəfəri günahlandırmaq olmaz. Yenə deyirəm ki, əsas kollektiv yaxşı olsun. Əks halda heç nə olmaz.

- Ancaq maraqlıdır ki, Elxan Abdullayev artıq ikinci dəfə məğlubiyyəti sırf AZAL-ın müdafiəçilərinin üstünə atdı.

- Mən yenə deyirəm, burada tək bir nəfəri günahlandırmaq düzgün deyil. Səhv hamımızda var. Əlbəttə ki, məğlub olduğumuz oyunlarda uşaq səhvləri etdik. Elə səhvlər buraxırıq ki, sanki birinci dəfədir, meydana çıxırıq.

- Növbəti turda AZAL-ı “Bakı” ilə çətin oyun gözləyir. Hazırda “zolqalılar” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. Həmin qarşılaşma ilə bağlı nə deyə bilərsən?

- Azərbaycanın ən yaxşı klublarından biri də “Bakı”dır. Əlbəttə ki, bizə ancaq qələbə lazımdır. Rəqib 3 turdur ki, qalib gəlir. Bizdə isə tam əksinədir. Komanda yaxşı vəziyyətdə deyil. Sabah bizi çətin oyun gözləyir. Bizə ancaq qələbə lazımdır. “Qarabağ”la oyundan sonra uşaqlarla yığışıb, söhbət eləmişik. Çempionat hələ yeni başlayıb. Çox şey itirməmişik. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Sadəcə bir qədər ciddi fikirləşmək lazımdır. Hamı çox gözəl bilir ki, ilk “altılığ”a düşməsək, bizi nələr gözləyir.

- Uzun müddətdir zədəlisən. “Bakı” ilə oyunda meydana çıxa biləcəksən?

- Demək olar ki, 20 gündən çoxdur, məşq eləmirəm. İki gündür, yüngül məşqlərə başlamışam. Mümkün olsa, meydana çıxaram. Ancaq çox güman ki, oynamayacağam. 15-20 dəqiqə oynaya bilərəm, gücüm çatar. Ağrılarım tam keçməsə də, azalıb.

- Son üç oyunda AZAL-ın müdafiə xəttində ciddi boşluqlar hiss olundu. Bunu sənin yoxluğunla əlaqələndirmək olar?

- Mən bu barədə danışsam, yaxşı çıxmaz. Əgər oxumusunuzsa, baş məşqçimiz bu yaxınlarda müsahibəsində bildirmişdi ki, Aqil zədəlidir, AZAL-da demək olar ki, müdafiə yoxdur. Ancaq bunu mənim deməyim yaxşı alınmaz.

- Mövsümlərarası fasilədə komandaya bir neçə oyunçu alındı. Necə düşünürsən, yeni gələnlər özlərini doğrulda biliblər?

- Yox, onlarına heç biri özünü doğrultmayıb. Qarşıda hələ oyunlar var. Ola bilər ki, hazır deyillər. Amma hamı görür ki, yeni gələn futbolçular özlərini göstərə bilmirlər. Mənim fikrimcə, Azərbaycana elə əcnəbilər gəlməlidir ki, yerli futbolçulardan ikiqat üstün olsunlar. Gənclərimiz də onlara baxıb, nəsə öyrənə bilsinlər. Amma tək bizim yox, mən deyərdim ki, heç barmaqla sayılacaq qədər də yaxşı legioner gəlmir.

- Cari mövsümdə komandanın qarşısına ən azından ötənilki uğuru təkrarlamaq vəzifəsi qoyulub. Səncə, hazırkı AZAL bunu gerçəkləşdirmək iqtidarındadır?

- Ötən mövsüm çempionata uğurlu başladıq. Komanda ardıcıl qələbələr qazandı. Ancaq əfsuslar olsun ki, çempionata yaxşı başlamamışıq. Əsas odur ki, sonluğu yaxşı çatdıraq.

- Qarşıya qoyulan hədəfə gedən yolda ən ciddi rəqiblər kimi, hansı klubları görürsən?

- Cari mövsüm bütün komandalar xeyli güclənib. Ən ciddi rəqiblərimiz isə “Bakı”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “İnter”dir. 5-6 komanda çempionluq uğrunda mübarizə aparır.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır