Mehman Allahverdiyev: “O maliyyənin 50 faizi bizdə olsaydı, çempionluğa oynayardıq”

Mehman Allahverdiyev: “O maliyyənin 50 faizi bizdə olsaydı, çempionluğa oynayardıq”
MÜSAHİBƏ 12 Sentyabr 2011 / 15:18 3805
-  A +

“Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyevin Qol.Az saytına müsahibəsi


- İlk öncə doğma meydanda AZAL-a qalib gəldiyiniz görüş haqda fikirlərinizi bilmək istərdik.

- Məqsədimiz qalib gələrək üç xal götürmək idi. Çox xoşdur ki, buna gözəl oyun nümayiş etdirərək nail olduq. Həmin oyunda çox erkən qol vurmağımız bizim işimizi daha da asanlaşdırdı. Birinci dəqiqədə erkən qol imza ataraq, rəqibi şoka saldıq. Bundan fürsətdən istifadə edərək ikinci qolu da AZAL-ın qapısından keçirməyə müəssər olduq. Bundan sonra oyun demək olar ki, bərabər səviyyədə keçdi. Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə qonaqlar qollardan birinin əvəzini çıxmağı bacardı. Deməzdim ki,meydanda daim hücum edən tərəf “Kəpəz” oldu. Onlar da qol vurmaq üçün xeyli imkandan istifadə edə bilmədilər. Bir neçə zərbəsi dirəkdən döndü. Çox təəssüf ki, komandam bir çox təkbətək epizodları lazımınca dəyərləndirə bilmədi. Ancaq, bütün bunlara rəğmən, futbolçular verdiyim tapşırıqların öhtəsindən gəlməyi bacardı. Komandanın oyunundan razı qaldım. Azərkeşlərə də bizə möhtəşəm dəstək göstərdiyi üçün təşəkkür edirəm. Həmin gün onlar dayanmadan 90 dəqiqə bizi dəstəklədilər.

- Yəqin ki, iddialı klublardan sayılan “Bakı”nı səfərdə böyük hesabla məğlub etdikdən sonra AZAL üzərində də qələbə qazanacağınıza böyük inamınız yaranmışdı.

- Əvvəla, bu futboldur və burada hər şey ola bilər. Şərt deyil ki, böyükhesablı qələbə qazanasan. Əsas odur ki, keçirdiyin görüşdən sonra meydandan maksimum nəticəylə - üç xalla ayrılasan. Bəlkə də bundan əvvəlki turda heç AZAL da inanmazdı ki, “Neftçi”ni udar. Dediyim odur ki, futbolda belə nəticələr gözləməyə dəyər. Biz keçən turlar “Bakı” və “Qarabağ”a qarşı da əla oyun sərgilədik. Həmin görüşdə ağdamlılara 1:2 hesabı ilə məğlub olsaq da, komandamız çox yaxşı təsir bağışladı. Eyni sözkər “Turan”la oyuna da aiddir. Həmin matçda bir az bəxtimizin gətirmədi.
AZAL-la oyun öncəsi bütün komanda, azarkeşlər, hər kəs “Kəpəz”in qalib gələcəyinə inanırdı. Hətta bir çox mütəxəssis də bu görüşdən sonra üç xalın “Kəpəz”in olacağını söyləmişdilər. Bütün bunlar o demək deyil ki, biz asan qələbə qazandıq. Asan oyun yoxdur.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, futbolçularınızın nümayiş etdirdiyi oyundan razısınız?

- Bəli. Bunu əminliklə söyləyə bilərəm. Komanda oyundan-oyuna artırır. Buna qazandığımız qələbələrlə yanaşı vurduğumuz qollar da sübutdur. Dünən sponsorumuz da bizə zənğ vuraraq qələbə münasibəti ilə təbrik etdi. Bilirsiniz, digər imkanlı klublardakı maliyyənin çox yox, 50 faizi bizdə olsaydı, daha hazırlıqlı və güclü komanda yaradardıq. İnanıram ki, gələcəkdə bunun da öhdəsindən gələrək arzularımızı reallaşdıracağıq.

- Sponsordan söz düşmüşkən, yaxşı olmazdımı ki, Gəncənin imkanlı, sanbalı iş adamları “Kəpəz” klubuna güclü maliyyə dəstəyi göstərsin və komanda daha yüksək yerlər uğrunda mübarizə aparsın?

- Əlbəttə, çox yaxşı olardı ki, Gəncənin adlı-sanlı iş adamları Premyer Liqada yeganə təmsilçisi olan “Kəpəz”ə güclü yatırım etsinlər. Digər güclü klubların sponsorlarını, Allaha şükür, yaxşı tanıyırsınız ki, kimlərdi. Onlara göstərilən maliyyə dəstəyinin yarısı bizdə olsaydı, komandamız yalnız çempionluğa oynayardı. Şükür Allaha indi də, pis deyil, sponsurlarımız komandanı yaşatmaq üçün əllərindən gələni edirlər. Bizə verdikləri mükafatlardan da xeyli razıyıq.

- Keçən mövsüm də Gəncə təmsilçisi çempionatın əvvələrində yaxşı təsir bağışlayırdı. Sonradan isə komanda nədənsə, yalnız Premyer Liqada qalmaq uğrunda mübarizə apardı. Sizcə niyə?

- Keçən mövsümün əvvəlində nə vardı ki - beş oyundan beş heç-heçə. Ancaq indi komandanın beş oyundan sonra aktivində üç qələbəsi var. Hesabımızda doqquz xal olmaqla bərabər, çempionatda ən çox qol vuran (11 qol – red.) komandayıq. Bütün bunlar keçən mövsümdəki çıxışımızdan qat-qat artıqdır. Artıq beş tur geridə qalıb, “Kəpəz” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Keçən illə müqayisədə aralarında çox böyük fərq var. Özü də oyundan-oyuna komandamız xeyli artırır. Mən düşünürəm ki, bundan sonra ”Kəpəz”in çıxışları daha uğurlu olacaq.

- Bu mövsüm “Kəpəz”in qarşısına hansı məqsəd qoyulub. Premyer Liqada qalmaq,yoxsa avrokuboklara vəsiqə qaazanmaq?

- Birincisi Premyer Liqada qalmaq haqda söhbət belə gedə bilməz. Məqsədimiz ilk “altılıq”a düşüb, Avroliqaya vəsiqə qazanmaqdır. Əlbəttə ki, avrokuboklara vəsiqə qazanmaq üçün əvvəlcə gərək “altılığ”a düşə biləsən. Bundan sonra Avropada yarışlara qoşulmaq üçün əlimizdən gələni edəcəyik.

- Komandanızda “altılığ”a düşərək Avropaya vəsiqə qazana biləcəyi potensialı görürsünüz?

- Əlbəttə ki, görürəm. Kim deyə bilərdi ki, biz səfərdə “Bakı” kimi güclü bir kluba böyük hesabla qalib gələrdik? Və ya keçən mövsüm “altılığ”a düşərək Avroliqaya vəsiqə qazanan komandanı – AZAL-ı məğlub edərdik. Hər kəs yaxşı bilir ki, bu çempionatda “Kəpəz”in məğlub etdiyi klublar elə-belə komandalar deyil. İçlərində bir az zəif hesab olunan “Rəvan”da kifayət qədər güclü və mübariz komanda sayılır. Nəzərə alsaq ki, “Rəvan”ın heyətində keçən il “Muğan”da çıxış edən futbolçular oynayır. Sadəcə adları dəyişib.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır