Rəşad Sadıqov: “Əfran, Rahid, Vaqif Almaniya millisinin futbolçularından geri qalmırlar”

MÜSAHİBƏ 7 Sentyabr 2011 / 17:52 4078
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

- Dünən Qazaxıstan millisi üzərində baxımlı oyunla qələbə qazandınız. Komandanın kapitanı kimi həmin qarşılaşma barədə nə deyə bilərsən?

- Başa düşürdük ki, bizi asan oyun gözləmir. Oyunun ağır keçəcəyini və məsulliyyətini yaxşı bilirdik. Buna baxmayaraq, ilk hissədə çox çətin duruma düşdük. Rəqib bir dənə hücum qurdu, o da qolla nəticələndi. Ona görə də qorxurdum ki, ilk hissədən sonra komandamız bir az həyəcanlansın. Qazaxlarla ilk oyundakı məğlubiyyətdən sonra bizə deyilməyən söz qalmamışdı. Başa düşürdük ki, dünənki oyunda da məğlub olsaq, bizi nələr gözləyir. Amma şükürlər olsun ki, hesabda geri olmağımıza və komandamızın gənc olmasına baxmayaraq, mübarizə apardıq və gözəl qələbə qazandıq.

- Necə düşünürsən, qazanılan qələbəni nəyə borclusunuz?

- Açığı, matçdan öncə aramızda danışmışdıq ki, yaxşı oyun göstərək, qələbə qazanaq. Meydana çıxan andan etibarən də ancaq bu barədə düşünürdük. Hamı nəyi varsa, meydanda ortaya qoydu. Ən yaxşı oyunlarımızdan birini oynadıq. Baxmayaraq ki, 3 gün bundan əvvəl yaxşı oyunumuz var idi, qazaxlara qarşı çox ağıllı oynadıq. Fiziki cəhətdən də sona qədər çatdıra bildik. Bu da çox sevindirici haldır. Bəzi amillər var ki, onun sayəsində, ən əsası da Allahın köməkliyi ilə qələbə qazandıq.

- Dünənki oyunla milli komanda sübut elədi ki, istənilən rəqibə qarşı oynamaq olar. Düzdür, Qazaxıstan elə də güclü kollektiv deyil. Ancaq ümumilikdə futbolçularımızın meydançada sonadək oynaması, hesabı öz xeyirlərinə dəyişməsi təqdirəlayiq haldır. Bununla belə, niyə biz hələ də qrupdan çıxmaq haqqında yox, xal ehtiyatımızı artırmaq barədə düşünürük? Komandada nə çatışmır?

- İstədiyimiz vaxt yox, biz həmişə oynamaq istəyirik. Ancaq həmişə alınmır. Çünki bu, futboldur. Hər bir komandanın səfər sindromu var. İstənilən komanda səfərdə evdəki kimi oynamır. Məsələn, götürək Belçika yığmasını. Bizə qarşı evdəki oyunları ilə səfərdəki arasında dağ boyda fərq var. Bizim də başlıca problemlərimiz səfər oyunlarıdır. Bunun səbəbi isə mənə məlum deyil. Bilmirəm, belə oyunlara ikiqatmı hazırlaşmaq lazımdır, yoxsa psixoloji cəhətdənmi hazır olmaq vacibdir. Bunları bilmirəm. Həm klublarımız belədi, həm də yığmamız. Ona görə də səfər oyunlarında daha yaxşı oyun göstərməliyik. Məğlub olsaq belə, bu, böyükhesabla olmamalıdır. Çünki belə hallar komandaya çox pis təsir edir. Səfərdə bir qədər inamlı çıxış etsək, xallar qoparmağa başlasaq, düşünürəm ki, daha yaxşı olar.

- Qazaxlarla oyundan əvvəl həm rəqib komandanın baş məşqçisi, həm də futbolçuları olduqca iddialı açıqlamalar vermişdilər. Yəqin ki, dünənki qələbə onlara yaxşı cavab oldu.

- Mən fikirləşirəm ki, biz qazaxlardan çox üstün oynadıq. Düzdür, ilk oyunda bu kollektivə məğlub olmuşduq. Ancaq dünən biz daha təmiz və daha inamlı qələbə qazandıq. Daha gözəl oynadıq və sübut elədik, futbolumuz Qazaxıstan futbolundan üstündür.

- Hesab arasındakı fərq 2-yə çıxdıqdan sonra komandada sanki bir az arxayınçılıq yarandı.

- Mən belə deməzdim. Sadəcə rəqib təsadüfən uzaqdan zərbə ilə fərqi azaltdı. Ancaq bundan sonra da qol imkanlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Belə oyunlarda gərək fürsət düşdükcə, vurasan. İkinci hissənin ilk 15-20 dəqiqəsində komanda çox mübarizə apardı. Ona görə də bir az yorğunluq olmalı idi. Amma Allaha şükür ki, uşaqlar özlərini itirmədilər və qələbə hesabını sonadək qoruyub saxladılar.

- Milli komandımızın üzvlərinin yaralı yerlərindən biri də fiziki hazırlıqdır. Bununla bağlı çox tənqidlər olub. Ancaq dünən futbolçular göstərdi ki, fiziki cəhətdən heç də pis deyillər.

- Bir şey var ki, millinin təqvimi də uğursuz vaxtlara salınır. Məsələn, Qazaxıstan və Almaniya ilə oyunların toplanışı çempionatın sonunda oldu. Ona görə də komandada çox yorğunçuluq oldu. Eləcə də Belçika ilə səfər oyunu. Təlim-məşq toplanışı ikinci dövrənin əvvəlinə salındı. Oyunçular hələ optimal formalarını yığmamışdılar. Fiki verin, Makedoniya ilə oyunda necə çatdırdıq, bu matçda necə oynadıq. Artıq iki-üç həftə keçib. Uşaqlar praktikasını da artırıblar. Bu dəqiqə futbolçular üçün ən yaxşı vaxtdır. Elə bil ki, bu oyun mövsümün 4-5 həftəsindən sonra futbolçuların ən optimal formada olduğu vaxta düşdü. Bizim futbolçular heç kimdən geri qalmır. Gəlib Əfranın, Rahidin, Vaqifin verdiyi testlərə baxsanız, görərsiniz ki, onlar Almaniya millisinin futbolçularından heç də geri qalmırlar. Bizdə də fiziki cəhətdən yaxşı futbolçular var. Məsələn, dünənki oyundan götürsək, Vaqif artıq optimal formadadır. Belçika ilə oyundan sonra deyirdim ki, hücum xəttində nəsə çatışmır. Ancaq bu gün görürük ki, irəlidə Vaqif də, Əfran da, Rauf da çox artırıb. Mahir də hücumların təşkilində yaxından iştirak edir. Artıq oyun bir nəfərin deyil, bir neçə nəfərin üzərində qurulur. Biri sağdan hücum edir, biri soldan. Belə olan halda biz uğurlu nəticələr əldə edə bilərik. Beynəlxalq oyunlarda hamı oynaya bilir. Sadəcə Belçikadan bir az qorxduq. Əgər ehtiyat etməsəydik, məncə, daha yaxşı oynayıb, qələbə də qazana bilərdik. Amma sadəcə biz həmin görüşə belçikalılarla ilk oyunun təəssüratları altında çıxdıq.

- Bu qələbə qarşıdakı oyunlar üçün futbolçularda özünəinam hissini qaytara bildi?

- Əlbəttə, inam yaratdı. Əsas odur ki, uşaqlarda boşluq yaratmasın. Elə öyük nəticə də əldə etməmişik. Sadəcə üzərimizə düşən vəzifəni yerinə yetirib, qələbə qazanmışıq. Dünən avtobusda da gedəndə, danışırdıq ki, 20-25 günə yığmanın təlim-məşq toplanışıdır. Avstriya ilə oyuna hazırlaşacağıq. Klublarda da hamı özünə fikir versin, oyuna yaxşı hazırlaşsın. Udmaq şansımız var. Bundan maksimum yararlanmaq lazımdır. İnşallah, avstriyalıları da məğlub etməli və və ya heç-heçə oynamalıyıq. Xal ehtiyatımız artırmalıyıq.

- Millimizin tarixi ərzində seçmə mərhələdə ilk dəfə 7 xal topladınız. Bunu futbolumuzun uğuru sayırsan?

- Ümumilikdə götürsək, olmayan bir şeyi edəndə, bu artıq uğurdur. Ancaq mən seçmə mərhələnin əvvəlində demişdim ki, 10-12 xal yığsaq, bizim üçün çox yaxşı olacaq. Hələ qarşıda iki oyunumuz var. Allah qismət eləsə, Avstriyadan da 3 xal götürsək, onda bizim üçün əsl uğur olacaq. Qazaxlarla səfərdə lazımlı 3 xal itirdik. Əgər həmin oyunda qələbə qazana bilsəydik, qrupda durumumuz daha yaxşı olardı. Neynəmək olar.

- Ancaq bəzi futbol adamları qazanılan 7 xalı heç də uğurlu saymırlar.

- Kimdi ki o? Mənə maraqlıdır, o hansı mütəxəssisdir? Görəsən bundan artıq nəticə verib yığmada?

- Biri Ağasəlim Mircavadov.

- Ağasəlim müəllim bizim tanınmış məşqçilərimizdən biridir. Ancaq olar bilər ki, o, bu sözləri deyərkən, bəzi xırda detalları nəzərdə tutub. Bəli, komandada problemlər var. Potensialımız bundan çoxunu tələb edir. Daha çox xal toplamağa qadirik. Yenə deyirəm, səfər oyunlarından xallarla qayıtmaq lazımdır. Əlbəttə, bütün səfər qarşılaşmalarında məğlub olanda, bu, uğursuzluqdur. Amma ümumiyyətlə götürsək, indiyə qədər olmayan xalı topladıq. Bu mərhələni keçə, 5 xaldan çox yığa bilmirdik. Bu sindromu qırdıq. İnşallah, bundan sonra daha çox xal toplayıb, Azərbaycan xalqını daha çox sevindirəcəyik.

 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır