Ağasəlim Mircavadov: “Belçika ilə heç-heçə qazaxlarla oyunda əlavə stimul olacaq”
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Milli komandamızın Belçika seçməsi ilə oyununu izlədiniz?
- Hə, görüşü stadiondan canlı izlədim.
- Həmin oyun barədə nə deyə bilərsiniz? Futbolçularımız belçikalılara qarşı necə təsir bağışladılar?
- Bir xal qazandıq. Bu, çox alqışlanmalı haldır.Ancaq oyunun gedişatı mənim xoşuma gəlmədi. Oyun sarıdan çox kasadıq. Mən belə başa düşürəm ki, bu, orta xətdə quruculuğun olmamasından asılıdır.
- Bu gün millidə pleymeyker funksiyasını yerinə yetirən futbolçu yoxdur. Hücum xəttinin də zəif təsir bağışlaması bununla əlqadar ola bilər?
- Uzun müddətdir, dünya futbolunda pleymeyker anlayışı yoxdur. İndi orta xətt oyunçuları həm top alır, həm də oyun qururlar. Yaxud da 3 nəfər ortada oynayırsa, onlardan ikisi müdafiəyə kömək edir, digəri isə hücumların qurulmasında iştirak edir. Bu gün Avropada yarımmüdafiə xəttində yer alan futbolçuların hamısı topla yaxşı işləməlidirlər. Belçika ilə görüşdə Əfran, Vaqif, Rauf geriyə gəlib, top alırdılar. Bu isə istər-istəməz əlavə güc tələb edir. Ona görə də orta xətt ikinci və üçüncü zonaya gətirməlidir ki, hücumçuların üzərinə çox yük düşməsin. Biz yarımmüdafiəyə ikinci zona, hücum xəttinə isə üçüncü zona deyirik. Millimizin Belçikanın qapısına vurduğu qolda Mahir cərimə meydançasına asma etməmişdi. O, sadəcə dəqiq pas verdi, Rauf da vurdu. İndi təsəvvür edin ki, oyun ərzində çox demirəm, beş-altı dənə belə epizod olsa, gör hara gedib çıxır.
- Qeyd etdiniz ki, orta xətdə futbolçu çatışmır. Siz Azərbaycanda elə bir oyunçu tanıyırsınız, həmin mövqedə çıxış edə bilsin?
- Bilirsiniz, burada tanımıram söhbəti getmir. Baş məşqçi neçə ildir, həmin oyunçuları dəvət edir. İstər Çertoqanov olsun, istərsə də Rahid olsun. Bir də görürsən, Foqts Ruslanın yerini dəyişir. O da axtarışdadır. Amma mən deyərdim ki, Azərbaycan çempionatında belə ounçular var. Ancaq yaş həddinə fikir vermək lazımdır. Birinin 30, birinin 20 yaşı var. Yığmada cavan oyunçular çıxış edirsə, niyə onlardan istifadə etməyək? Kim layiqdirsə, özünü doğrulda bilrisə o oynamalıdır. Məsələn Klozenin neçə yaşı var? Səhv eləmirəmsə, yaşı 32-dir. Ancaq hələ də oynayır. Almaniyada cavan oyunçu yoxdur? Var. Lakin baş məqşçi görür ki, Kloze bütün standartlara cavab verir. Buna görə də ondan istifadə edir.
- Sizin bununla bağlı hər hansı təklifiniz var?
- Əgər bilsəm ki, həyata keçəcək, yalnız onda mən öz təkliflərimi verə bilərəm. Biz də həmişə demişik, siz də demisiniz.
- Belçikalılara qarşı oyunun ilk hissəsində Rauf Əliyev tək hücumçu kimi çıxış etdi. Ancaq ikinci yarının irəliləyən dəqiqələrində Foqts ikinci mərkəz hücumçusu – Branimir Subaşiçi meydana buraxdı. Qol da məhz bundan sonra vuruldu. Necə düşünürsünüz, millimiz bu gün iki hücumçuyla oynasa yaxşıdır, yoxsa tək forvardla?
- Subaşiç Əfranı əvəz etdi və keçdi ortaya. Sağ tərəfdə Mahir gedib-gəldi. Ümumiyyətlə Azərbaycan futbolu cainahlardan qurulub. Bunu yaddan çıxarmayın. İndiki halda bizdə cinah hücumçuları – Əfran, Vaqif, Vüqar var. Ancaq burada söhbət hücumçunun irəlidə tək və ya cüt olmasından getmir. Yarımmüdafiə xətti hücumçuya kömək etməlidir. Əlbəttə, Vaqiflə Əfran Raufdan aralı oynasalar, heç nə alınmayacaq. Onlar da bir az sıxılmalı və mərkəzəmeylli oynamalıdılar. Hücum hansı tərəfdən qurulursa, onlar da orada olmalıdılar. Bunlarla baş məşqçi məşğul olmalıdır.
- Sabah millimiz Qazaxıstan kollektivi ilə qarşılaşacaq. Bu görüş barədə nə düşünürsünüz?
- Mən Belçika ilə oyunu stadiondan izlədim. İnanın mənə, azarkeşlər millini çox istəyirlər. Uşaqdan tutmuş, böyüyə qədər hamı komandamızı sevir. Ona görə də həmin azarkeşləri sevindirmək lazımdır. Açığı, futbolçular da bunu bilir və qələbə qazanmaq istəyirlər. İndiki halda komandada ruh yüksəkliyi olmalıdır. Belçika ilə bərabərlikdən sonra futbolçularımızda özünəinam yarandı. İndi bunu inkişaf etdirmək lazımdır. Futbolçularımız özlərindən yaxşı oyun tələb etməlidirlər. Meydana gülə-gülə çıxıb, sevinclə oynasınlar. Onlar ruh yüksəkliyi olacaq. Hər hansı səhvə yol verəndə, onu tez düzəldəcəklər. Əhval-ruhiyyə pis olanda, adam sıxılır və çox səhv edir.
- Sabahkı görüşdə millidən necə oyun gözləyirsiniz?
- Qazaxıstanla Türkiyənin oyununu görməmişəm. Çünki stadiondan çıxıb, bağa getdim. Evə çatanda qarşılaşma başa çatmışdı. Amma görənlər deyirlər ki, qazaxlar çox əla oynayıblar. Fikrimiz daim hücumda olsa da, müdafiəni də yaddan çıxarmamalıyıq. Hücum və müdafiədə balans olmalıdır. Onları təzyiq altında saxlamaqla, səhv etmələrinə çalışmalıyıq. Qazaxıstanın oyunu mənə “Alma-Atı”nı xatırladır. SSRİ dönəmində “Neftçi” onlarla ağır oynayırdı. Mən bunu açıq deyirəm. Bircə dəfə onları böyük fərqlə məğlub etdik. Qalan matçlarda bir top fərqi ilə udurduq. Amma həmişə qalib gəlmişik. Bu, əsas amillərdən biridir.
- Səfərdə məğlub olduğumuz Qazaxıstan millisini sabahkı oyunda məğlub edə bilərik? Komandada həmin gücü hiss edirsiniz?
- Əlbəttə, komandanın rəqibi məğlub etməyə gücü çatar. Yenə deyirəm, Belçika ilə heç-heçə qazaxlarla oyunda əlavə stimul olacaq. Onlara inam verdi ki, udmaq olar. Ona görə də mən belə düşünürəm ki, hər şey oyunçularımızın öz əllərindədir.