Kaşuk "Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə

Kaşuk "Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
ÖLKƏ FUTBOLU 13 Noyabr 2026 / 12:36 285
-  A +

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk ilk dəfə olaraq Ukraynanın əsas millisinı dəvət almasında və Ağdam klubundakı durumundan danışıb.

QOL.az xəbər verir ki, 26 yaşlı vinger "Ukrainskiy futbol" nəşrinə müsahibəsində bir sıra maraqlı məqama toxunub.

- “Qarabağ”ın “Dinamo” Kiyev üzərində qələbəsindən sonra sosial şəbəkələrdə “Həmişə inanın” sözləri ilə paylaşım etmişdiniz. Bu sözləri milli komandaya çoxdan gözlədiyiniz dəvətlə də əlaqələndirmək olarmı?

- Yüz faiz! Milli komandaya düşmək futbol həyatımda qarşıma qoyduğum məqsədlərdən biridir. Gördüyünüz kimi, özünü göstərmək üçün həmişə şans var. Bilirəm ki, Azərbaycan çempionatından Ukrayna millisinə dəvət almaq çoxlarına ağlasığmaz görünür. Amma komandan yaxşı çıxış edirsə, sən də qolların və məhsuldar ötürmələrinlə qələbələrə töhfə verirsənsə, səni izləyirlər. Deməli, oradan da milliyə düşmək mümkündür.

- Həmin paylaşımı hansı hisslərlə etmişdiniz? Məhz “Dinamo”ya qalib gəlmək sizin üçün prinsipial idi?

- Bunun mənim üçün xüsusi prinsipial məsələ olduğunu deməzdim. Ukrayna komandası ilə oynayacağımızı biləndə sevindim. Başa düşürdüm ki, məşqçilər korpusu bütün ukraynalı futbolçuları izləyəcək və bu, özümü göstərmək üçün əla fürsətdir. İlk oyunda 0:1 hesabı ilə uduzduq, sonra isə kiçik bir geridönüş etdik. Demək olar ki, bizi növbəti mərhələyə çıxaran qolu vuranda çox sevindim. Həmin paylaşım da bu sevincin nəticəsi idi. Əsas odur ki, inanasan – onda hər şey alınacaq!

- “Dinamo”ya qarşı iki oyun keçirdikdən sonra Kiyev klubunun o dövrdəki problemlərinin səbəbini nədə gördünüz? Onların inamsız oyunu sizin üçün gözlənilməz oldu?

- Başqa klubun daxili işlərinə qarışmaq istəməzdim. “Dinamo” futbolumuzun nəhəng klublarından biridir və komandanın əhəmiyyətli dərəcədə zəiflədiyini deməzdim. Çətin oyun gözləyirdim və elə də oldu. Sadəcə, həmin vaxt biz daha güclü idik. “Dinamo” mübarizədən kənarlaşdı və hamı onları tənqid etməyə başladı. Düşünürəm ki, onlar hələ yaxşı formaya düşəcəklər. Ümumiyyətlə, istəyirəm ki, mümkün qədər çox Ukrayna komandası avrokuboklarda çıxış etsin.

- “Dinamo” üzərində qələbəyə baxmayaraq, cari mövsüm “Qarabağ” üçün o qədər də uğurlu keçmir. Komanda çempionatda mövqeyini itirib, avrokuboklarda isə uzun illərdən sonra ilk dəfə əsas mərhələyə vəsiqə qazana bilməyib…

- Həqiqətən də, avrokuboklara düşə bilməmək hamımız üçün xoşagəlməz oldu. Çünki bunu çox istəyirdik. Təəssüf doğurur, çünki bu, həm “Qarabağ”, həm də bütün Azərbaycan üçün çox vacibdir. Üstəlik, məhz “Qarabağ” sayəsində Azərbaycan dünyada daha geniş tanınıb.

Hazırda komandada çoxlu dəyişiklik baş verib. Yeni futbolçuların uyğunlaşmağa ehtiyacı var idi və bu proses məhz avrokubokların təsnifat mərhələsinə təsadüf etdi. Tədricən formamızı bərpa edirik, amma vəziyyət hələ də istədiyimiz kimi deyil. Çünki “Qarabağ” həmişə qalib gəlməli, azarkeşlərini sevindirməli və ən yüksək yerləri tutmalıdır. Amma bu, çempionatın yalnız başlanğıcıdır. Bir qədər geri qalırıq, lakin necə deyərlər, yaxşı at özünü finişdə göstərər.

- Yayda “Qarabağ”da baş verən dəyişikliklərin bir hissəsi sizin gedişiniz də ola bilərdi? “Polesye”nin sizinlə maraqlanması barədə məlumatları nəzərdə tuturam.

- Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm. “Qarabağ”la danışıqlarımız oldu, amma konkret nəticəyə gəlmədik. Bununla belə, karyeramda növbəti addımı atmağa açıq idim.

Ancaq sonradan vəziyyət dəyişdi və indi baş məşqçinin mənə daha çox güvəndiyini hiss edirəm. Mən də öz növbəmdə meydandakı oyunumla bu etimadı doğrultmağa, onun bacarığıma şübhə etməməsinə çalışıram. Hələlik “Qarabağ”da xoşbəxtəm. Bundan sonra nə olacağını isə yalnız Tanrı bilir.

- Leandro Andrade “Polesye”yə sizin əvəzinizə keçdi, yoxsa bunlar bir-biri ilə əlaqəsi olmayan məsələlərdir?

- Düşünmürəm ki, bunların əlaqəsi var. Bu barədə onunla danışmışdıq. O, “Polesye”nin marağından söz açdı, mən də bildiklərimi ona danışdım. Hələlik əvvəlki statistik göstəricilərini nümayiş etdirmir, amma uyğunlaşma dövrü davam edir. Vaxtaşırı əlaqə saxlayırıq. O, düzgün seçim etməsinə kömək edən məsləhətlərimə görə təşəkkür edir. Ukraynanı da, komandanı da bəyənir.

- Ruslan Rotanla əməkdaşlıqdan da razıdır?

- Əlbəttə. Leandro onu yaxşı futbol oynadan, müasir düşüncəli gənc məşqçi kimi xarakterizə edir. Andradeyə Ruslan Petroviçin komandaya aşıladığı oyun üslubu xoş gəlir. Əbəs yerə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmayıblar.

- Bəs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında nə deyə bilərsiniz? Onun Azərbaycanda əfsanə olduğu hiss olunur?

- Bəli, həm futbolçu, həm də məşqçi kimi. O, uzun illərdir klubun strukturunda çalışır. Dünya futbolunda çox az mütəxəssis bir komandada bu qədər uzun müddət qalır. Ona görə də yalnız güc və sağlamlıq arzulaya bilərəm ki, bu baxımdan yeni rekordlar müəyyənləşdirsin. Qurbanov həm Azərbaycan, həm də klub üçün çox böyük işlər görüb. O, sözün yaxşı mənasında əsl rəhbərdir. Böyük zəhməti sayəsində “Qarabağ”ı tamamilə başqa səviyyəyə qaldırıb. Əgər insan bu qədər il bir klubda çalışırsa, deməli, hər şeyi düzgün edir. Nəticələr də bunu təsdiqləyir.

“Qarabağ” on ildən çox ardıcıl olaraq avrokubokların qrup mərhələsində oynayıb. Bu, artıq adi və asan bir iş kimi görünməyə başlamışdı. Amma əslində, hesablayın görək, komanda bunun üçün neçə təsnifat mərhələsindən keçməli olub. Bu, çox çətindir və böyük zəhmət tələb edir.

- Yeri gəlmişkən, klubun köhnə futbolçuları avrokuboklarda Ukrayna komandaları ilə görüşləri xatırlayırdılar?

- Bəli, vaxtaşırı “Dnepr” və “Vorskla” ilə oyunları yada salırdılar. Klubun bazasındakı stenddə bu komandaların da vımpelləri var. Fürsət düşəndə həmin mövzulara toxunur, müzakirələr aparır, zarafatlaşırıq.

- Siz də 2025/26 mövsümündə Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda “Benfika”ya qələbə qolunu vuraraq “Qarabağ”ın tarixinə düşdünüz. Üstəlik, həmyerliləriniz Trubin və Sudakovu da məyus etdiniz…

- Həm mənim, həm də bütün klub üçün çox əlamətdar gün idi. Heyətimizdə yalnız bir futbolçu əvvəllər Çempionlar Liqasında oynamışdı. Digərləri üçün bu, debüt idi. Oyuna çox ciddi köklənmişdik. Bilirdik ki, bizi ciddi qəbul etmirlər və bu da üstünlüklərimizdən biri idi. Oyunun başlanğıcı uğursuz alındı, amma geridönüş edə bildik. Həmin matç bizə çoxlu müsbət emosiyalar və xatirələr bəxş etdi. Əvəzetmədən meydana çıxanda komandaya kömək etməyi çox istəyirdim. Hər şey sanki duman içində baş verirdi. O qolu vuranda ağzına qədər dolu stadionda tam sükut yarandı. Hətta özümü itirdim.

Oyundan sonra, əlbəttə, Trubin və Sudakovla söhbət etdik. Bir-birimizə uğurlar arzuladıq və formalarımızı dəyişdik. Onlar zarafatla hey soruşurdular: “Niyə məhz sən?!” Nə deyim, deməli, belə olmalı imiş (gülür).

– “Qarabağ”a keçidinizlə bağlı bəzi xəbərlərdə niyə sizin haqqınızda “dikbaş” kimi ifadələr işlədilirdi?

– Doğrudan? Belə başlıqları heç görməmişəm…

– (İnternetdəki axtarış nəticələrini göstərirəm).

– Bunun doğru olduğunu düşünmürəm. Biz “Şaxtyor”la yaxşı münasibətlərlə ayrılmışıq. Sadəcə, karyeramın müəyyən mərhələsində yollarımız ayrıldı. Onları izləyirəm, azarkeşlik edirəm. Çünki orada çoxlu dostum oynayır. Ukrayna çempionatında və avrokuboklarda onlara qələbələr arzulayıram.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner