Azərbaycan Peşəkar Boks Federasiyasına yeni prezident seçildi

Azərbaycan Peşəkar Boks Federasiyasına yeni prezident seçildi
BOKS 12 Oktyabr 2026 / 19:22 390
-  A +

Azərbaycan Peşəkar Boks Federasiyanın yeni prezidenti bəlli olub.

QOL.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, qurumun prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.

Vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.

Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.

Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Əsas prioritetlər sırasında dünyanın nüfuzlu boks təşkilatları və promouterləri ilə əməkdaşlığın genişləndirilməsi, perspektivli idmançıların dəstəklənməsi və onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması xüsusi yer tutur.

Bununla yanaşı, Azərbaycanda dünya səviyyəli peşəkar boks turnirlərinin təşkili, tanınmış idmançıların iştirakı ilə irimiqyaslı tədbirlərin keçirilməsi və ölkəmizin beynəlxalq boks mərkəzlərindən birinə çevrilməsi hədəflənir.

Federasiya gənc istedadların üzə çıxarılması, onların peşəkar karyeraya hazırlanması, həmçinin özəl sektor və sponsorlarla əməkdaşlığın qurulması istiqamətində də yeni layihələr həyata keçirməyi planlaşdırır.

Yeni rəhbərlik federasiyanın fəaliyyətini dayanıqlı əsaslar üzərində qurmaqla Azərbaycan peşəkar boksunun inkişafında yeni mərhələnin başlanmasını və ölkəmizin dünya boks arenasında daha fəal təmsil olunmasını qarşıya əsas hədəf qoyur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner