“Hər şey sabah həll olunmalıdır” - “Tvente”nin baş məşqçisi

“Hər şey sabah həll olunmalıdır” - “Tvente”nin baş məşqçisi
KONFRANS LİQASI 26 Avqust 2026 / 18:21 951
-  A +

“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, baş məşqçi ilk oyunda 0:1 hesabı ilə uduzduqlarını xatırladaraq sabahkı qarşılaşmanın komanda üçün önəmli olduğunu deyib:

“Sabah bizim son şansımızdır və hər şey həmin oyunda həll olunmalıdır. Artıq heç bir bəhanə keçərli deyil. Səfərə bir gün tez çıxmağımız yaxşı oldu. Dünən axşam bura gəldik. İki saatlıq vaxt fərqi var və iqlimə uyğunlaşmaq imkanımız oldu. Yaxşı şəraitdə səfər etdik. Sakit bir gün keçirdik, gəzintiyə çıxdıq. Bu gün üçün ən vacib məqam isə axşamkı məşqimizdir”.

Van den Brom ilk görüşü bir neçə dəfə təhlil etdiklərini bildirib:

“Həmin oyuna bir neçə dəfə yenidən baxmışıq. Ən yaxşı oyunumuzu keçirmədik, amma kifayət qədər yaxşı alınan məqamlar da var idi. "Qarabağ" kimi bir komandaya qalib gəlmək üçün hər kəs özünün ən yaxşı oyununu nümayiş etdirməlidir. Sabahkı qarşılaşmanın əsas çətinliyi də bundadır. Bir həftə ərzində bu oyuna hazırlaşmaq imkanımız oldu və buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlarımız oldu və rəqibə nisbətən az fürsət verdik. Sabah son şansımız uğrunda bütün gücümüzlə mübarizə aparmaq üçün kifayət qədər əsasımız var”.

Komandanın heyəti barədə danışan 58 yaşlı mütəxəssis bildirib ki, Stav Lemkin, Sem Lammers və Kristian Hlynsson zədə səbəbindən Bakı səfərinə çıxmayıblar:

“Kris ötən həftə meydana sonradan daxil olduğu oyunda baldırından zədə alıb. Semdə də eyni vəziyyətdir, onun budun arxa əzələsində problemi var. Onlar səfərə çıxacaq qədər hazır deyildilər. Evdə bazar gününə hazırlaşırlar. Krisin vəziyyəti Semlə müqayisədə daha mürəkkəbdir, amma gözləməliyik”.

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner