Qurban Qurbanov: “Banqa” zəif deyil, sadəcə biz yaxşı oynadıq”

Qurban Qurbanov: “Banqa” zəif deyil, sadəcə biz yaxşı oynadıq”
MÜSAHİBƏ 2 İyul 2011 / 18:53 3549
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- Heç kimin gözləmədiyi halda “Qarabağ” səfərdə “Banqa”nın qapısından 4 cavabsız top keçirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldınız?

- Pis deyildi. Demək olar ki, hardasa alındı. İlk oyun idi. Çoxdandır komanda bir yerdə oynamırdı. Təlim-məşq toplanışı zamanı normal hazırlıq oyunu da keçirə bilməmişdik. Buna baxmayaraq, hamısı tapşırıqları yerinə yetirmək üçün maksimum çalışdılar. Ancaq yenə də boşluqlar oldu.

- Oyundan əvvəl verdiyiniz açıqlamalarda tez-tez “Banqa”dan ehtiyatlandığınızı, rəqibin yaxşı komanda olduğunu deyirdiniz. Maraqlıdır, böyükhesablı nəticədən sonra Litva klubu haqda yenə də eyni fikirdəsiniz?

- Yenə deyirəm ki, avrokuboklarda zəif komanda olmur. Hər bir komanda düşünülməyən nəticəni verə bilər. Ona görə də biz bütün rəqiblərə qarşı ehtiyat etməli və ciddi hazırlaşmalı, eyni zamanda nəticə çıxarmalıyıq. Heç bir rəqibə qarşı arxayınlaşmaq olmaz. Çünki futbolda çox şeylər görmüş və gözlənilməz nəticələrin şahidi olmuşuq. Hazırda “Banqa”nı da zəif saymaq olmaz. “Ekranas” və “Jalqris” kimi komandalara qarşı layiqli oynayıb. Hətta səfərdə “Ekranas”a qalib gəliblər. Sadəcə biz yaxşı oynadıq. Matça fəal başladıq və dərhal oyunu öz əlimizə aldıq. Topa daha çox nəzarət edən tərəf də biz olduq. Allahın izni ilə yaxşı nəticə əldə etdik. Evdəki cavab oyununa isə daha ciddi hazırlaşacağıq. Hətta sabahdan məşqlərə başlayırıq.

- Yeni mövsümdə ilk oyununuz idi. Özünüz də vurğuladınız ki, təlim-məşq toplanışı zamanı normal yoxlama matçı keçirə bilmədiniz. “Banqa” ilə ilk oyunu yoxlama görüşü kimi dəyərləndirsək, komandada nə kimi çatışmazlıqlar nəzərə çarpdı?

- Çatışmazlıq hər mövqedə görünür. Çünki komanda bu gün fiziki cəhətdən yüz faiz hazır deyil. Proqram üzrə onları hazırlamağa bizim zamanımız olmadı. Bundan başqa, oyun praktikamız da azdır. Türkiyədə baş tutan təlim-məşq toplanışındakı yükləmələrdən sonra biz oyunçulardan maksimum oyun gözləyə bilmərik. Komanda oyunu oynamağa tam hazır deyilik. Amma inşallah məşqdən-məşqə, oyundan-oyuna onların hamısını aradan qaldıracağıq.

- Hazırkı heyət həm avrokubok oyunları, həm də daxili çempionat üçün kifayət edir? Yoxsa yeni oyunçulara ehtiyac var?

- Yox, yeni futbolçular transfer etmək barədə düşünmürük. Komandada yetərincə legioner var və çalışırıq ki, heyətdə yerli oyunçulara daha çox yer verək. İmkan olduqca isə düşündüyümüz yerli oyunçuları “Qarabağ”a gətirməyə çalışacağıq.

- Bəxtiyar Soltanov debüt oyunundaca fərqləndi. Düzdür, az vaxt ərzində meydanda oldu. Bu futbolçunun çıxışı sizi qane etdi?

- Əlbəttə, futbolçu ilk oyunda etimadı doğruldursa, buna biz ancaq şad ola bilərik. Bəxtiyar son 15 dəqiqədə meydana çıxdı və qolunu vurdu. Ancaq bu, o demək deyil ki, futbolçu bu gün tam hazırdır. Təkcə Bəxtiyar yox, meydana çıxan digər gənc futbolçularımızda da çatışmayan cəhətlər çoxdur. Üzərilərində çox işləməlidirlər. Daha çox individual məşqlərə üstünlük verməliyik. Əsas odur ki, potensialı və istəyi var. Biz də onların bu üstünlüklərindən istifadə edib, oyunlarını daha da yaxşılaşdırmaq istəyirik.

- Zədəli futbolçuların vəziyyəti necədir. Rauf Əliyevlə Əfran İsmayılovu Bakıdakı cavab oyununda meydanda görə biləcəyik?

- Hər ikisi tam məşqlərə başlayıb. Raufun ağrıları keçib, yoxdur. Sadəcə olaraq, uzun müddət məşq etmədiyi üçün müəyyən çatışmazlıqları var. Ancaq hər ikisi yaxşıya doğru gedir. Hər birinin cavab oyununda oynamaq imkanı var.

- Bəxtiyarın da gəlişi ilə “Qarabağ”da hücumçu və hücumameylli futbolçuların sayı artdı. Komandada rəqabət güclənəcək. Maraqlıdır, qarşıdakı oyunlarda Qurban Qurbanov daha çox hansı oyunçulara güvənəcək?

- Biz hansısa oyunçunu yüz faiz həmişə əsas heyətdə oynadacağımızı düşünmürük. Hər bir rəqibə uyğun futbolçuları meydançaya buraxacağıq. Hər bir futbolçudan istifadə edəcəyik. Kim yaxşı təsir bağışlayırsa, daha çox ona üstünlük verəcəyik. Ancaq digərlərini də yaddan çıxarmayacağıq. Çünki bununla onnların qarşısını kəsmiş olarıq.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır