AFFA-nın yeni Texniki Direktoru Edmond Klausun qurumun mətbuat xidmətinə müsahibəsi verib.
- Əvvəlcə karyeranızla bağlı məlumat verərdiniz...
- 56 yaşım var və artıq 35 ildən çoxdur ki, peşəkar səviyyədə kişi futbolu, eləcə də elit gənclər futbolu sahəsində fəaliyyət göstərirəm. Karyeram ərzində gənclər üzrə məşqçi, texniki koordinator, akademiya direktoru, qapıçılar üzrə məşqçi, skaut və baş məşqçi kimi müxtəlif vəzifələrdə çalışmışam. “Ayaks”, “Ajax Cape Town” və “HFC Haarlem” kimi klublarda fəaliyyət göstərmişəm.
Çin Futbol Assosiasiyasında (CFA) və Niderland Kral Futbol Assosiasiyasında (KNVB) da çalışmışam. Bu ölkələrin müxtəlif yaş qrupları üzrə milli komandalarında köməkçi məşqçi kimi fəaliyyət göstərmişəm. Bundan əlavə, Akademiya Direktorları Kursunun və qapıçılar üzrə “Pro” kateqoriyalı məşqçi kursunun proqramlarının hazırlanmasında iştirak etmiş, həmin kursların əsas təlimatçısı olmuşam.
ABŞ-də fəaliyyət göstərən “Double Pass” şirkətində məsləhətçi kimi çalışaraq, əsasən MLS akademiyaları ilə əməkdaşlıq etmişəm.
Bu qədər müxtəlif sahələrdə qazandığım iş təcrübəsi mənə futbolun müxtəlif istiqamətlərini kompleks şəkildə öyrənmək imkanı verib. Əsas təhsilimi Amsterdam İdman Universitetində almışam. Bədən tərbiyəsi müəllimliyi ixtisasına yiyələnmiş və idman menecmenti üzrə ixtisaslaşmışam. 23 ildən çox “Ayaks”da həm futbolçu, həm də əməkdaş kimi fəaliyyət göstərməyim peşəkar inkişafımın əsasını formalaşdırıb.
Ötən illər ərzində qazandığım bilik və təcrübəni Azərbaycan futbolunda çalışan insanlarla bölüşmək imkanına malik olduğum üçün böyük məmnunluq hissi keçirirəm.
- AFFA tərəfindən qarşınıza qoyulan məqsəd və vəzifələr hansılardır?
- İlk növbədə qeyd etmək istəyirəm ki, AFFA tərəfindən yeni Texniki Direktor vəzifəsinə təyin olunmağımı və Azərbaycan futbolunun inkişafı istiqamətində həyata keçiriləcək bu genişmiqyaslı layihəyə rəhbərlik etmək üçün mənə etimad göstərilməsini böyük şərəf hesab edirəm.
Qarşıdakı üç il ərzində əsas məqsədimiz Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək, gənclərdən ibarət milli komandaların nəticələrini yaxşılaşdırmaq və onların daha uğurlu çıxış etmələrinə nail olmaqdır.
Mənə bu mühüm vəzifəni etibar etdiklərinə görə AFFA prezidenti cənab Rövşən Nəcəfə, İcraiyyə Komitəsinin üzvlərinə, baş katib cənab Cahangir Fərəcullayevə və onun müavinlərinə təşəkkürümü bildirirəm.
FİFA-nın rəsmi internet səhifəsində AFFA prezidentinin gənclərin inkişafına, futbol akademiyalarına və kütləvi futbola investisiya qoyuluşunun vacibliyi barədə fikirlərini oxumaq məni çox sevindirdi. O qeyd edirdi ki, diqqətimizi yalnız nəticələrə yönəltməməli, Azərbaycan futbolunun inkişafına daha geniş prizmadan yanaşmalı, eyni zamanda azarkeşləri komandalarımızı dəstəkləməyə və stadionlara gəlməyə təşviq etməliyik.
Qarşıma qoyduğum əsas məqsədlərdən biri uzun fasilədən sonra yaxın gələcəkdə oğlanlardan ibarət gənclər milli komandaların UEFA turnirlərinin A Liqasında mübarizə aparmaları və beynəlxalq arenada daha rəqabətədavamlı olmalarıdır. Həm toplanışlar zamanı, həm də toplanışlardan kənarda millinin bütün futbolçuları üçün fərdi inkişaf proqramlarının hazırlanması, oğlan və qızlardan ibarət millilərin vahid futbol fəlsəfəsinə əsaslanan cəlbedici oyun üslubunda çıxış etmələri, akademiyaların qiymətləndirilməsi, istedadların müəyyənləşdirilməsi sisteminin yaradılması, texniki fəaliyyətlə məşğul olan AFFA departamentləri arasında daha sıx əməkdaşlığın və səmərəli iş prinsipinin formalaşdırılması prioritetlərimizdir.
- Futbolun bir ölkədə inkişafı üçün nədən başlamaq lazımdır?
- İlk növbədə qeyd etmək lazımdır ki, ölkədə futbolun ümumi inkişafı bütün peşəkar klublar, akademiyalar, AFFA, maraqlı tərəflər, xüsusilə də, futbolçular üçün faydalı olacaq. Əlbəttə ki, oyunçular arzularını həyata keçirmək, həm futbolda, həm də həyatda böyük uğurlar qazanmaq istəyirlər.
Hər şey aydın dəyərlərin, missiyanın, baxışın və ambisiyanın müəyyən edilməsindən başlayır. Bu prinsiplər Azərbaycan futbolunun bütün iştirakçılarına çatdırılmalıdır. Yalnız bundan sonra futbol fəlsəfəsini formalaşdırmaq mümkündür. Bu fəlsəfə oyun dəyərləri, oyun üslubu, oyun prinsipləri və taktiki sxemlərdən ibarət deyil. Bura futbolçuların necə məşq etdirilməsi, necə istiqamətləndirilməsi, inkişaf etmələri üçün hansı mühitin yaradılması və nəhayət, azərbaycanlı uşaqların ən səmərəli öyrənmə üsullarına dair ümumi baxışımız da daxildir. Bu fəlsəfə klublarda, futbol məktəblərində, futbol layihələrində, məşqçi təhsilində, assosiasiyada və milli komandalarda görülən bütün işlərin başlanğıc nöqtəsidir.
Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın üzərinə düşən məsuliyyət deyil. Bu, ölkə üzrə hamının paylaşdığı ümumi məsuliyyətdir. İnkişaf istəyən hər kəs öz töhfəsini verməlidir ki, mərhələli şəkildə bütün səviyyələrdə rəqabət apara bilən və xalqın, eləcə də ölkə rəhbərliyinin qürur duyacağı nüfuzlu futbol ölkəsinə çevrilsin. Məhz buna görə də gələcəkdə qarşılıqlı əməkdaşlığı gücləndirmək məqsədilə akademiyalar və klublarla sıx əlaqələr qurmağa, onlara dəstək göstərməyə, birlikdə inkişaf etməyə vaxt və səy sərf etməyi planlaşdırıram.
- Məqsədlərinizə nail olmaq üçün hansı iş metodundan istifadə edəcəksiniz?
- Küçə futbolundan kütləvi futbola, elit futbolun inkişafından gənclər akademiyalarına, yarış sistemlərindən infrastrukturun idarə olunmasına, məşqçi təhsilindən klub idarəçiliyinə, istedadların müəyyənləşdirilməsindən kişi və qadın milli komandalarına qədər futbol infrastrukturunun bütün istiqamətlərinə təsir göstərə bilmək üçün öz effektivliyini sübut etmiş FAD metodologiyasından istifadə edirəm. Bu metod 8 əsas uğur amili üzərində qurulub.
İlk addım mövcud vəziyyətin təhlil edilməsi, Azərbaycanın futbol mədəniyyəti, futbol infrastrukturu və AFFA-nın departamentləri ilə yaxından tanış olmaqdır. AFFA-da artıq yaxşı təşkil olunmuş və strukturlaşdırılmış idarəetmə sisteminin mövcud olduğunu görmək məni sevindirdi. Əsas vəzifələrimdən biri texniki fəaliyyətlə məşğul olan bütün departamentlərin işini əlaqələndirmək, onların fəaliyyətini daha da peşəkarlaşdırmaq və layihələrinin icrasını təkmilləşdirməkdir.
Qeyd etdiyim kimi, gələcək əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə ölkənin peşəkar klublarının gənclər akademiyalarını ziyarət etməyi planlaşdırıram. Milli komandalara futbolçu axını məhz həmin akademiyalarda həyata keçirilən hazırlıq və inkişaf prosesindən asılıdır. Akademiyalar milli komandalar üçün vacib istedad mənbəyidir.
Bununla yanaşı, futbolçu bazasını daha da genişləndirməliyik. Bu baxımdan kütləvi futbol, məktəb futbolu layihələri və elit küçə futbolu proqramları xüsusi əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə hazırda klubların və akademiyaların diqqətindən kənarda qalan istedadlı futbolçuları müəyyən etmək mümkündür.
Azərbaycan heç bir istedadlı futbolçusunu itirməməlidir. Buna görə də istedadların müəyyənləşdirilməsi və izlənilməsi həm akademiyalar, həm də assosiasiya üçün əsas inkişaf istiqamətlərindən biri olmalıdır.
- İlk həftələrdə əsas prioritetiniz nə olacaq?
- Hazırda AFFA üçün əsas prioritet qarşıdakı mövsümdə gənclərdən ibarət milli komandaları hazırlayacaq baş məşqçilərin və texniki heyətin düzgün seçilməsi və təyin edilməsidir. Bu məqsədlə AFFA-nın rəsmi internet səhifəsində müvafiq vakansiyalar elan olunub. Ölkədə UEFA A və ya UEFA “Pro” kateqoriyalı məşqçilik lisenziyasına malik olan bütün məşqçilər bu vəzifələrə müraciət edə bilərlər.
Qarşıdakı yol səbir, fədakarlıq və əməkdaşlıq tələb edir. İnanıram ki, Azərbaycan futbolunun əhəmiyyətli dərəcədə inkişafı üçün lazım olan insan potensialı, istedad və futbol sevgisi mövcuddur. Gəlin birlikdə gələcək nəsillərə ilham verəcək və bütün ölkənin qürur duyacağı futbol gələcəyini quraq.
Təkbaşına daha sürətli gedə bilərsən, lakin birlikdə daha uzağa çata bilərsən.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi