“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Vestri”yə qarşı İslandiyada keçirilən oyunundan (3:0) sonra QOL.az saytına müsahibə verib.
- Komandanız ilk mərhələdə uğurla çıxış etdi. İkinci mərhələdə rəqibiniz isə Bolqarıstanın SSKA komandasıdır. Bu klub haqda ilkin təəssüratınız necədir? İlk oyunun evdə olmasının üstün və mənfi tərəfi nədir?
- İlk öncə vacib olan mərhələ adlamaq idi. Hər iki matçda istəyirdik ki, intizamlı oynayaq. Bildiyiniz kimi, xeyli dəyişikliyimiz oldu. Ona görə öz oyunumuzun hələ tam qaydasında olması üçün bir az vaxt, bir neçə oyun lazımdır. Çünki futbolçuların hazırlığı fərqli səviyyədədir.
“Vestri” ilə hər iki görüşdə müəyyən texniki səhvlərimiz olsa da, ümumən meydanda yaxşı bir kollektiv, düşünən bir beyin gördüm. Bu da məni sevindirdi. İki oyuna altı qol vurmaq və qol buraxmamaq isə həm əlavə bir inamdır, həm də komandanın nizamını göstərir.
Qarşıda beş-altı günümüz olacaq ki, SSKA-ya qarşı oyuna hazırlaşaq. Düzünü desəm, ilk oyunda bəlkə daha çox SSKA-nın qalib gələcəyini düşünürdüm. Amma ilk qarşılaşmadakı 3:2 hesablı nəticədən sonra ehtimal edirdim ki, İrlandiya komandasının da qalib gəlmək ehtimalı var. SSKA təcrübəli komandadır.
Çalışacağıq ki, ilk olaraq öz səhvlərimizi aradan qaldıraq, sonra yavaş-yavaş rəqibi yaxından tanıyaq. Digər tərəfdən indi futbol elə bir səviyyəyə gəlib çatıb ki, ev və səfər oyunu komandaların oyununa bir o qədər də təsir etmir. Bəlkə ilk matçının səfərdə olması rəqibimizə bir az üstünlük verir. Amma biz buna da öyrəşmişik.
- Qeyd etdiniz ki, oyununuzda müəyyən texniki səhvlər vardı. Bu yaxınlarda da bildirmişdiniz ki, komanda mövsümə yeni başlayıb deyə optimal formasından hələ uzaqdadır. Sizcə, nə qədər vaxt lazımdır ki, hamımızın istədiyi “Qarabağ"ı görə bilək?
- İnanmıram çox vaxt lazım olsun. Çünki komandamızda hər biri təcrübəli oyunçudur. Sadəcə bəzi oyunçularımın fiziki durumunun daha yaxşı olmasını istəyirəm. Yəqin bir neçə matçdan sonra onlar da bu baxımdan özlərini yaxşı hiss edəcəklər ki, oyun quruculuqları da rahat olsun. Çünki orqanizm tam hazır olandan sonra futbolçunun öz düşündüklərini meydanda həyata keçirməsi daha asan olur.
- Ötən mövsüm ən yaxşı oyunçularınızdan biri Joni Montiel idi. Amma onu “Vestri” ilə oyunlar üçün heyətə daxil etmədiniz. Bu da təəccüb doğurdu. Bunun səbəbləri nə idi?
- Elə bir səbəbi yoxdur. Bu elə bir turnirdir ki, hər mərhələ üçün iştirak ərizəsində hansısa oyunçuların adını görməyə bilərsiniz. Çünki limit var. Biz də o limitə uyğun qərar verməliyik. Bu oyuna görə də belə fikirləşdik.
- Yəni qərarınız hər hansı intizam tədbiri deyil?
- Yox. Elə bir ciddi problem yoxdur.
- Sözlərinizdən belə çıxır ki, növbəti mərhələdə də sifariş ərizəsində müəyyən dəyişikliklər ola bilər?
- Ola da bilər, olmaya da. Qarşıdakı günlərdə bu barədə götür-qoy edəcəyik. Hazırda oyunçularımızın sayı tələb olunan limit sayından çoxdur. Odur ki, bir-iki futbolçunun sifariş ərizəsində olmamaq ehtimalı var.
- Bu yay səkkiz legioner almısınız. Yeni qapıçınızdan başqa digərlərini “Vestri” ilə matçlarda meydanda görə bildik. Onlarla bağlı ilkin təəssüratınız necədir? Müsbət və çatışmayan tərəfləri nədir?
- Təəssüratlarım yaxşıdır. Sadəcə qeyd etdiyim kimi, hələ bir neçə oyunçunun idman forması tam qaydasında deyil. Çünki bizə gec qoşulublar. Amma ümumən fikrim müsbətdir.
- Zədəli Bəhlul Mustafazadənin durumu nə yerdədir?
- Bəhlul təzə-təzə komandanın məşqlərinə qoşulmağa başlayır. Düzdür, ağır zədəsinə görə çox oyunu və məşqi buraxdı. Ona görə həm biz məşqçilər, həm həkimlər ehtiyatlı olmalıyıq. Özü çox istəyir ki, kollektivlə olsun. Məncə, tələsmək lazım deyil. Tam özünü bərpa edəndən sonra daha çox yükləmələr verməliyik. Amma ümumən gedişat yaxşıdır. Bir ara Avstriya toplanışına gedəndə problemləri oldu. Onu aramızda daha tez gözləyirdik. Amma yenidən ağrıları başladı və sonra yenidən ölkə xaricinə gedib müalicə olundu/

- Musa Qurbanlı niyə İslandiyaya gələn heyətdə yox idi?
- Musa bizə Bakıda qoşulacaq. Çünki onun da dizində ağrılar üzə çıxmışdı. Ona vaxt lazım idi. Yəni məşqlərdən kənarda qalmayıb. Fərdi qaydada hazırlaşır. Ümumi məşqlərin bəzilərində olurdu, bəzilərində yox..
- Transfer mövzusu hələ də aktuallığını saxlayır. Son vaxtlar “Partizan"da oynayan Bosniya və Herseqovina millisinin müdafiəçisi Nihad Mujakiçin adı klubunuzla hallanır. Komandanıza yenə gəlib-gedənlər olacaqmı?
- Hər şey ola bilər. Oyunçu axtarışı davam edir. Heyətdə say artdıqca hansısa dəyişikliklər də mümkündür. Yəni hər şey gözləniləndir.
- Sonda. “Qarabağ”la yanaşı “Sabah” və "Zirə" də avrokuboklarda mərhələ adladı, qələbələr qazandı. “Neftçi" isə hələ mübarizəyə qoşulmayıb. Bu uğurlu başlanğıc haqqında fikirləriniz necədir? “Sabah” və “Zirə”nin oyunlarını izləmək imkanınız oldumu?
- “Sabah"ın Çempionlar Liqasında debütü idi. Çox yaxşı oyunla gözəl qələbələr qazandılar. Onlara uğurlar arzulayıram. “Zirə"nin də hər iki oyunda qalib gəlməsi futbolumuz üçün gözəl oldu. Onları təbrik edirəm. UEFA reytinqində əmsalımızın çoxalmasının ölkə futboluna çox böyük faydası olacaq. Dediyiniz kimi, “Neftçi” mübarizəyə ikinci mərhələdən qoşulacaq. Onların da uğurlu çıxış edəcəyinə inanıram. Hər bir komandanın liqa mərhələsində oynamaq potensialı var. Bu baş verərsə, Azərbaycan futbolunda yeniliyə, dəyişikliyə şahid olarıq.
Aydın Bağırov
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd