Murad Dadaşov: “Millimizin oyunçuları futbolçudan daha çox, biznesmenlərə oxşayırlar”

Murad Dadaşov: “Millimizin oyunçuları futbolçudan daha çox, biznesmenlərə oxşayırlar”
MÜSAHİBƏ 28 İyun 2011 / 15:34 4150
-  A +

Tanınmış şoumen Murad Dadaşovun Qol.Az saytına müsahibəsi

- Sizi futbola marağı olan, bu idman növünün çılğın azarkeşlərindən biri kimi tanıyırıq. Futbola marağınız necə yaranıb?

- Futbola maraq məndə uşaqlıqdan olub. Məncə, hər bir normal insanın həyatında futbolun öz rolu var. Futbola sevgi, futbola məhəbbət hər bir insanda ola bilər. Mənim futbolla bağlılığım peşəkar bağlılıq deyil. Futbol mənim haqqımda daha çox bilir, nəinki mən futbol haqqında.

- Futbola baxmağı çox sevirsiniz, yoxsa oynamağı?

- Baxmağı da çox istəyirəm, oynamağı da. Amma məni meydançada görsəniz, deyərsiz ki, daha çox baxmağı sevir.

- Murad Dadaşov hansı komandaya azarkeşlik edir?

-  Azərbaycanda hər bir komandaya xüsusi hörmətim var. Hər bir klubun rəhbəri ilə tanışam. Mənimçün kimisə ayırıb, seçmək çətin olardı. Amma onu deyim ki, oğlum “Bakı”nın aşağı yaş qrupunda oynayır.

- Yəni “Bakı”ya azarkeşlik edirsiniz?

- Hə, belə demək olar.

- Niyə məhz “Bakı”nı seçdiniz?

- Nə bilim. Deməzdim ki, digər klublar xoşuma gəlmədi, pisdir. Yox. Sadəcə, “Bakı” ilə xüsusi münasibətim, əlaqələrim var. Orda işləyənlərin hamısı ilə tanışam. Uşağı birinci dəfə ora klubun bazasına aparanda, ordakı şərait, ab-hava  və münasibətləri bəyəndim. Şəraiti qurmaq indiki zamanda çox asandır. Ancaq onun daxilində komanda ruhu formalaşdırmaq və saxlamaq çox vacib məsələdir.

- Bildiyimizə görə, oğlunuz “Barselona”ya azarkeşlik edir. Hətta bir oyununu belə qaçırmır.

- O, “Barselona”nın “xəstə”sidir. Bütün oyunlarını həvəslə izləyir. Oğlum çox böyük azarkeşdir. Öz aramızdır, oğlumun xəbəri yoxdur, mən “Real”a azarkeşlik edirəm.

- Ata-oğul İspaniyada iki əzəli və barışmaz rəqiblərə azarkeşlik edir. Bu klublar arasındakı gərginlik sizə də sirayət edir?

- Dava düşür, hər gün qırğındayıq. Aylarla danışmırıq (Gülür). Zarafat edirəm. Mən çalışıram ki, uşaqda futbola maraq, həvəs olsun. Hansı komandanın qalib gəlməsinin fərqi yoxdur. Gün o gün olsun ki, bizim klublarımızın formalarını başqaları geyinsin. Bu fikirləri niyə səsləndirdiyimi deyim. Bu yaxınlarda uşağın məşqinə getdim. Görürəm ki, uşaqların 90 faizi müxtəlif klubların – “Real”, “Mançester Yunayted” və başqa güclü komandaların formalarını geyinib. İnşallah, qalib olarıq, vaxt gələr, bizim də formalarımızı başqaları geyinər. Amma hələ ki, bizdə alınmır. Mənim ən çox narahat edən isə yığmanın çıxışlarıdır. Hər dəfə böyük həvəslə, maraqla millimizin oyunlarını gözləyirəm, amma sonda əsəbiləşirəm, pis oluram.

- Millidən söz düşmüşkən, sizcə, yığmamız niyə belə çıxış edir?

- Bilirsiniz, mən də hər bir normal insan kimi yaradıcı qrupun rəhbəriyəm. Qələbə nisbi anlayışdır. Nəticə isə qalıcıdır. Hazırda futbolumuz Avropa ilə ayaqlaşmaq üçün çalışır. Bilirəm, hələ başlanğıçdayıq. Hər şeyi başa düşürəm. Futbola qoyulan pulları və digər məsələləri. Mən hər dəfə millimizin 2000-ci ildə, Bakıda Türkiyə ilə görüşünü yada salıram. Xatırlayırsınızsa, həmin matçda yığmamız türklərə minimal hesabla uduzmuşdu. Yeganə qolu da Hakan Şükür vurmuşdu. Həmin qarşılaşmada futbolçularımız həqiqətən də yaxşı oyun sərgilədilər. Hətta oyundan sonra “Bakılı oğlanlar” olaraq, futbolçulara yaxınlaşıb dedik ki, darıxmayın. Hər şey yaxşı olacaq. Bütün azarkeşlər həmin gün millimizə azarkeşlik edirdi. Komandanın o vaxtkı baş məşqçisi İqor Panamaryov bizə dedi ki, sizi başa düşürük. Ancaq bizə nəticə lazımdır. Çünki tarixdə nəticələr qalır.

- Berti Foqtsun milli komandadakı işinə necə qiymət verərdiniz?

- Mən deyə bilmərəm ki, Foqts yaxşı məşqçi deyil. Bu, ayıb olar. O, həqiqətən də gözəl məşqçidir. Siz bircə şeyi çatdırım ki, yığmanın hazırkı oyunçuları ona görə oynayırlar ki, meydana çıxmışam, nəsə eləməliyəm. Mən onların ürəklə oynadıqlarını görməmişəm. Komandada lider yoxdur. O futbolçunun adını bilmirəm ki, uduzsaq belə, düşünəcək ki, indi meydana çıxacaq və “dağıdacaq”. Bizim millinin oyunçuları futbolçudan daha çox, futbolçu biznesmenlərinə oxşayırlar. Mən o uşaqların hamısını çox istəyirəm. İstəmirəm, aramızda nəsə olsun. Hər biri mənə ayrı-ayrılıqda əzizdir. Amma məni futboldan küsdürürlər axı. Hər dəfə öz-özümə deyirəm ki, baxmayacam, qurtardı. Çünki millinin oyununa baxanda hirslənirəm, təzyiqim qalxır. Demirəm, qələbə qazansınlar, amma məğlub da olmasınlar. Heç-heçə ilə qurtarsınlar. Uduzsalar belə, layiqli oynasınlar. Sona qədər mübarizə aparsınlar.

- Millinin ardıcıl məğlubiyyətlərindən sonra futbolçular barəsində bir çox fikirlər səsləndi. Hətta bəziləri futbolçularımızın qəsdən oynamadıqlarını bildirdilər. Siz bu fikirlərlə razısınız? Futbolçularımız doğrudan oynamırlar, yoxsa bacardıqları budur?

- Bilirsiniz, futbolda nəticə anlayışı var. AFFA-da futbolun inkişafı ilə bağlı plan qurulub. Çoxlu sayda insan bu işdə əziyyət çəkir. Əslində burda bir vacib məqam var. Futbolçuların özləri dəyişməlidir. Bir lətifə da var buna aid. Tam yerinə düşər. Ancaq indi danışmaq istəmirəm. Sonra danışaram. Uduzanda qapıçını yox, qapını dəyişirlər. Məncə, problem bundadır. Futbolçular daxilən dəyişməlidirlər. Milli komandada əsl futbolçular çıxış etməlidirlər. Futbolu sırf pula, əmək haqqına görə oynayanlar yox.

- “Parni iz Baku”dan komanda yoldaşınız Bəhram Bağırzadənin oyunçularla bağlı söylədiklərindən yəqin ki, xəbəriniz var. Bəhram bildirdi ki, milli komandanın üzvləri Qazaxıstana məğlubiyyətdən sonra içki məclisi təşkil ediblər. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

- Mənim bu barədə məlumatım yoxdur. Bilmirəm, onlar içki içiblər, ya neynəyiblər. Bəlkə kədərləndikləri üçün içiblər (Gülür). Bəlkə də başqa məqsədlə. Şəxsi işləridir. Mən onların şəxsi məsələlərinə qarışa bilmərəm. Mən sadəcə istəyirəm ki, 8-9 milyonluq xalqın içindən 22 nəfər futbol oynaya bilən oyunçular çıxsın. Başqa heç nə istəmirəm. Bu işlər isə Berti Foqtsa həvalə olunub. Yenə deyirəm, Bəhramın bunları hardan eşitdiyini bilmirəm. Ancaq mən bu haqda geniş məlumata sahib deyiləm. Ümumiyyətlə isə, mən belə bir hadisənin baş verdiyinə inanmıram.

- Sizi bir neçə dəfə AFFA-nın tədbirlərində görmüşük. Hazırda Azərbaycanda futbolun təbliği, kütləviliyi istənilən səviyyədə deyil. Bunu artırmaq üçün nə etmək olar? Siz bununla bağlı AFFA-ya öz təklifinizi bildirmisiniz?

- Bilirsiniz, “Bakılı oğlanlar” niyə sevilir? Çünki qələbə ilə qayıtmışdıq. Tərkibi yaxşı uşaqlardan təşkil olunduğu üçün yox, qələbə qazandıqları üçün sevilirdilər. Bu gün Azərbaycanda muğam sevilir. Niyə? Yaxşı ifa olunduğu üçün. Futbolun da kütləviliyi, sevilməsi üçün qələbə vacibdir. Qalib gəlmək üçün isə bir neçə vacib şərtlər var. İlk növbədə ölkənin futbolla bağlı müsbət emosiyaları olmalıdır. İkincisi, futbolun uşaqlar arasında təbliği. Valideynlər uşaqlarının “mən futbolçu olacağam” ifadəsinə “qələtini elə, get, özünə əməlli iş tap” cavabını verməməlidirlər. Mən “Bakı” klubunda gördüm ki, valideynlər işlərini necə atıb, uşaqları ilə məşğul olurlar. Nəyə görə? Bu, sərmayədir. Gedib, ona ev almaqdansa, pul verib əsgərlikdən qurtarmaqdan, universitetə qoymaqdansa, uşaqlarının yeməklərinə, orasına-burasına nəzarət edirlər. Başqa yollara düşməsin deyə, futbola qoyurlar və bilirlər ki, bir neçə ildən sonra uşaq evə normal pul gətirəcək. Üçüncüsü və ən vacibi isə uşaqlar futbol oynamaq istəyirlər, amma meydança tapmırlar. Futbol dünyada ən kütləvi idman növüdür. Amma futbolla bağlı heç bir iş görülmür. Demirəm AFFA səviyyəsində. İnsanlar, valideynlər səviyyəsində. Bina tikirsiniz, futbol meydançası da tikin də.

- Milli səviyyəsində futbolumuzun vəziyyətindən danışdıq, bəs klub səviyyəsində necə, bu idman növündə inkişaf hiss olunur?

- Əlbəttə. Maraqlıdır, bir ara İspaniyada da belə idi. Bu ölkənin yığması zəif idi, ancaq klubları at oynadırdı. Bizim futbolda da milli ilə klublar arasında bu təzad var. Mənə elə gəlir ki, klublarımız çox inkişaf edib. “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı”, “İnter” kimi klubların adlarını çəkə bilərəm. Klub səviyyəsində işlər düzgün qurulub.

- Ümumiyyətlə, futbola olan marağınızı bilirik. Stadionlara getməyi, oyunu canlı izləməyi xoşlayırsınız? Biz sizi stadionlarda elə də çox görməmişik.

- Ola bilər, siz görməmisiniz. Amma mən stadionlara tez-tez gedirəm. Millinin əksər oyunlarında olmuşam. Həmişə də evə qanıqara getmişəm.

- Bilirsiniz ki, 4 klubumuz ölkəmizi avrokuboklarda təmsil edəcək. “Neftçi” Çempionlar Liqasında, “Qarabağ”, “Xəzər Lənkəran” və AZAL isə Avrolqada mübarizə aparacaq. Siz bu oyunları izləyəcəksinizmi və hansı komandaya daha çox azarkeşlik edəcəksiniz?

- Hər birinə azarkeşlik edəcəyəm, dördünə də. Sualı verəndə, elə bilirdiniz ki, mən deyəcəm, heç birinə baxmayacağam? (Gülür). Dua edəcəyəm ki, hər dörd klubumuz uğurlu nəticələr əldə edib, Azərbaycanı sevindirsinlər.

- Yəqin ki, məşhur rus futbol şərhçisi Vasili Utkinin ermənilərlə bağlı fikirlərini, onların cavabını necə verdiyini bilirsiniz. Ümumiyyətlə, bu insan xalqımıza qarşı mehriban münasibəti ilə diqqət çəkir. Utkinin “Bakılı oğlanlar”la isti münasibətləri olduğu söylənilir.

- “Bakılı oğlanlar”la bilmirəm, amma mərhum Anar Məmmədxanovla yaxın əlaqələri var idi. Azərbaycanı Utkinə Anar sevdirib. Onun ölkəmizlə bağlı müsbət düşüncələri Anarla dostluğunun nəticəsidir. Anarı o qədər çox istəyirdi ki, Azərbaycanın adı gələndə birinci Anar yadına düşürdü.

- Bəs, sizin onunla şəxsi tanışlığınız var?

- Çox təəssüf ki, yox. Hər dəfə onunla tanış olmaq, söhbət etmək istəmişəm. Amma həmişə müəyyən problemlər çıxıb, görüşmək qismət olmayıb. Anar həmişə onun haqqında yüksək fikirlər səsləndirib.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır