"Ludoqorets"lə oyuna istədiyimiz kimi hazırlaşa bilmədik" - Qurban Qurbanov

"Ludoqorets"lə oyuna istədiyimiz kimi hazırlaşa bilmədik" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 5 Avqust 2024 / 18:30 11169
-  A +

"Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Ludoqorets"lə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Bolqarıstan klubu ilə oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini qeyd edib: "Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq".

Q.Qurbanov qeyd edib ki, "Ludoqorets"in bu mövsüm səfər matçlarında uduzması hələ heç nə demək deyil: "Mərhələ iki matçdan ibarətdir. "Ludoqorets"in oyununa baxanda, futbolçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar".

Baş məşqçi futbolçusu Elvin Cəfərquliyevin kobud oyuna meyilli olması ilə bağlı sualı da cavablandırıb: "Onun qırmızı vərəqəsini çox da müzakirə etməyə ehtiyac yoxdur. Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu, çox vacibdir. Çünki futbol kollektiv oyundur. Hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin detallar təsir edir. Mənə Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün də yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir biz oyunçuları qoruyuruq. Amma deyirəm ki, komandanı qorumuruq axı. Biri var dirsəklə vurmaq, biri var açıq ayaqla vurmaq. İstənilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, vərəqə versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. Çempionlar Liqasında görürük ki, hakim oyunun əvvəlində sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın".

Q.Qurbanov pley-off mərhələsində "Qarabağ" - "Ludoqorets" cütünün qalibi olacaq komandanın rəqibi "Dinamo" (Zaqreb) haqda indidən danışmağın tez olduğunu bildirib: "Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan "Ludoqorets"dir. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq".

Q.Qurbanov zədəli olan hücumçu Musa Qurbanlının durumu ilə bağlı da danışıb: "Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər".

"Qarabağ"ın çalışdırıcısı öz oyunu ilə diqqət çəkən braziliyalı hücumçu Juninyonu başqa kluba mümkün keçidi ilə bağlı da fikir bildirib: "Bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, onu zaman göstərəcək".

Q.Qurbanov "Qarabağ"a yeni oyunçu gələcəkmi" sualını isə belə cavablandırıb: "Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar ki. sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb".

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
09.09.24  10:55

Ronaldodan yeni rekord