Son illərdə “Qarabağ” avrokuboklardakı inamlı çıxışı ilə azarkeşlərin könlündə taxt qurub. Dünən “Park Bulvar”da Ağdam klubunun fan-şopu önündə təşkil edilən azarkeşlərlə görüş və ya forma imzalama mərasimi də bunu bir daha təsdiqlədi.

"Park Bulvar” tarixinin ən izdihamlı gününü yaşadı. Məncə, heç ticarət mərkəzinin özünün, yaxud “Qarabağ”ın burada yerləşən fan-şopunun açılışına bu qədər azarkeş toplaşmamışdı. Acı da olsa, deməliyik ki, heç “Qarabağ”ın ölkə çempionatındakı hər oyununa da bu qədər azarkeş gəlmir. Təxminən iki minə yaxın şəxs sevimli klubunun futbolçularını görmək, forma imzalatdırmaq, şəkil çəkdirmək üçün tədbirə yığışmışdı.

Tədbirin 18:30-da başlayacağı bildirilsə də, artıq 17:00-dan fanatlar fan-şopun önünə yığışmışdılar. 18:00-da hadisə yerində cəmləşən “Qarabağ”lı fanatların sayı mini keçmişdi. Az sonra növbəti ilə Bəhlul Mustafazadə, Musa Qurbanlı və Abdullah Zubir tədbirdəki yerini aldı. Kevin Medina və Juninyo sonradan komanda yoldaşlarına qoşuldu. Bu cür tədbirlərin 1 nömrəli aparıcısı olan Sənan Şəfizadə yenə də stadionda olduğu kimi, azarkeşləri coşdururdu. Onu da deyək ki, fanatlar tədbirə qatılan hər 5 futbolçuya sevgilərini bildirdilər, onları alqışlarla qarşıladılar. Lakin komandanın “vuran ayağı” Juninyonun qarşılanması daha coşqulu idi. Braziliyalının gəlişi zamanı “Park Bulvar” sözün yaxşı mənasında dağılırdı, Juninyo, Juninyo sədaları qulaq batırırdı.

Təəssüf ki, tədbir yekunlaşmadı. İnsan selinin qarşısını almaq heç cür mümkün olmadı. İki dəfə fasilələrlə futbolçular forma imzalasalar da, izdihamın qarşısını almaq mümkünsüz idi. Bu səbəbdən də tədbir yarımçıq dayandırıldı. Buna görə kimisə qınamaq da olmaz. Hər halda “Qarabağ” sevgisi artıq hansısa ticarət mərkəzinə sığmayacaq qədər böyüyüb. Odur ki, növbəti dəfə bu cür tədbir üçün daha böyük məkan seçilməlidi. Bu, stadion da ola bilər...

Dünən böyük ehtimalla, “Qarabağ”ın fan-şopu da rekorda imza atdı. İmzalanma mərasimi üçün satışa çıxarılan formalar qısa zamanda satıldı. Futbolçuların məkanı tərk etməsindən yarım saatdan çox vaxt keçsə də, azarkeşlər hadisə yerindən ayrılmaq bilmirdilər. Hətta fan-şopun önündə forma gözləyənlər də vardı. “Futbolçular qayıdacaqlar?”, “Gələn dəfə yenə belə tədbir olacaq?”, “Bəs mən formamı necə imzalatdırım?” kimi suallarla azarkeşlər gah tədbirin aparıcısı Sənan Şəfizadəni, gah da “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevi əhatəyə alırdılar...

Dünən həm də özüm üçün “Qarabağ”ın direktoru Əmrah Çəlikəli kəşf etdim. Bu günə qədər haqqında kifayət qədər müsbət fikir eşitsəm də, Əmrah bəylə heç vaxt yaxından tanışlığımız olmayıb. İlk diqqəti çəkən o oldu ki, Çəlikəl o izdihamda kənarda durmadı, sıravi işçi kimi önə atıldı, son ana qədər tədbirin yekunlaşması üçün çalışdı. Fiziki qüsurlu bir azarkeşə jesti isə sadəcə alqışalayiq idi. İnsan selinin içərisində həmin azarkeş üçün futbolçulara forma imzalatdırmaq, şəkil çəkdirmək şəraiti yaratdı. Bu, kiməsə adi görünə bilər. Amma tədbirdə eyni hərəkəti edə biləcək N qədər şəxs olsa da, həmin azarkeşi görən, ona diqqət ayıran məhz Əmrah Çəlikəl oldu...
İbrahim Cəfərov, Futbolxeber.az

“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu