“Bizi “Fehervar”la bağlı informasiya çatışmazlığı narahat edir” - Samir Abasov

“Bizi “Fehervar”la bağlı informasiya çatışmazlığı narahat edir” - Samir Abasov
ÖLKƏ FUTBOLU 3 İyul 2024 / 14:50 2291
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun müsahibəsi

– Ötən mövsüm “Sumqayıt” üçün çox gərgin və yorucu keçdi. Komanda fiziki və psixoloji yorğunluğu üzərindən ata bilib?

– Həqiqətən də, çempionat çox ağır keçdi. Rəqabət yüksək səviyyədə idi. Hər bir komanda göstərdiyi mübarizə ilə çempionata rəng qatmağa çalışdı. Düzdür, ağır mövsüm keçdi, amma sezon bitdikdən sonra futbolçuların dincəlmək üçün yetərincə vaxtları oldu. Ən vacibi psixoloji rahatlıq əldə etmək idi. Düşünürəm ki, istirahət zamanı bunu əldə edə bildilər.

– “Sumqayıt” iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək. Türkiyə toplanışında daha çox hansı məqamlara diqqət yetirəcəksiniz?

– Yeni mövsümöncəsi bütün komandalar təlim-məşq toplanışı keçirirlər, biz də hazırlıq prosesini Türkiyədə davam etdirəcəyik. Bunu etməkdə məqsəd sırf taktiki məşğələlər keçmək və Konfrans Liqasında “Fehervar”la baş tutacaq oyunlara hazırlaşmaqdır. Əsas fikrimizi bunlara yönəldəcəyik.

– “Fehervar”ın hansı üstün tərəfləri sizi qayğılandırır?

– Təhlillərimiz davam edir. “Fehervar” çox güclü rəqibdir. Bizi narahat edən məsələ mövsümlərarası fasilə müddətində klublarda baş verən dəyişikliklərdir. Yəni rəqibin yeni oyunçularını, yeni taktikasını nəzərdə tuturam. Bizi “Fehervar”la bağlı informasiya çatışmazlığı narahat edir. Bunun da səbəbi, dediyim kimi, klubda gedən dəyişikliklərdir.

– İlk oyunun Sumqayıtda keçirilməsi lehinizədir, yoxsa əleyhinizə?

– İndidən nəsə demək çətindir. Bunu oyun göstərər. Qeydə alınacaq nəticə ilk matçın Sumqayıtda keçirilməsinin bizim üçün xeyirli olub-olmadığını üzə çıxaracaq.

– Dörd futbolçu ilə yolları ayırdığınız halda, hələlik yalnız Rəhim Sadıxovu heyətə qatmısınız. Az transfer etməyiniz təklif olunan futbolçuların ürəyinizcə olmaması, yoxsa maddi məsələdə razılaşa bilməməyinizlə bağlıdır?

– Transfer çalışmalarını davam etdiririk. Sadəcə, daha planlı iş görmək istəyirik. Yeni oyunçuları tək Konfrans Liqasını düşünərək götürmürük. Fikrimiz odur ki, transferlərimiz komandamıza uzunmüddətli faydalı olsun. Buna görə də futbolçu seçimində tələsik qərarlar vermək istəmirik.

– İndiki vəziyyətdə daha çox hansı mövqelərin gücləndirilməsini istəyirsiniz?

– Axtarışlarımız davam edir. Daha çox 3 mövqeyə yeni futbolçu gətirmək istəyirik. Sol cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi və hücumçular axtarırıq.

– Növbəti mövsüm Kurban Berdıyev, Roman Qriqorçuk kimi məşqçilər də ölkə çempionatında sizə rəqib olacaqlar. İndidən bəllidir ki, məşqçilər arasında daha maraqlı taktiki mübarizəyə şahidlik edəcəyik. Bu amil məsuliyyətinizi bir qədər də artırırmı?

– Fikirləşirəm ki, bizi, azarkeşləri maraqlı çempionat gözləyir. Növbəti mövsümdə də rəqabət yüksək səviyyədə olacaq. Amma onu deyim ki, adını çəkdiyiniz məşqçilər gəlsə də, gəlməsə də, məndə məsuliyyət həmişə olub, bundan sonra da olacaq.

Mənbə: futbolinfo.az


Son xəbərlər