"Qəbələ"nin Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna böyük zərbə olar"

"Qəbələ"nin Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna böyük zərbə olar"
ÖLKƏ FUTBOLU 15 Dekabr 2023 / 16:20 3832
-  A +

“Son 4 turda qələbə qazana bilməmişdik. Ona görə də bizim üçün çox əsəbi oyun idi. İstənilən komanda mövsümün müəyyən hissəsində eniş, tənəzzül yaşayır. Həmin müddətdə 2 şey eləmək lazımdır: ya rotasiya etməlisən, ya da yaxşı funksional hazırlıq keçməlisən. İndiki məqamda isə funksional hazırlıq keçmək qeyri-mümkündür".

QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 17-ci turunda “Qəbələ”yə qarşı keçirilən oyundan sonra deyib. 

O, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib: “Matçın hər saniyəsində futbolçularımızda uduzmaq, qol buraxmaq qorxusu var idi. Bu xofu komanda özündən çıxarmalı idi.  Çox şükür ki, komanda bu gün yaxşı çıxış etdi. Ağıllı oyun sərgiləyərək layiqli qələbə qazandıq. Yolumuz uzundur. Eniş olması da mümkündür. Ona görə də ən yaxşı məqamlara kökləməliyik. Düşünürəm ki, düzgün istiqamət tutmuşuq. Təbii ki, bir qədər də güclənməliyik. Son turlar göstərdi ki, hazırkı heyət rotasiya etməyə imkan vermir. Bugünkü qələbəyə görə şadam. “Qəbələ”yə də uğurlar arzu edirəm. Bu komanda sonuncu olmağa layiq deyil. Çünki yaxşı məşqçiləri, yaxşı futbolçuları var”. 

“Səbail”in çalışdırıcısı “Qəbələ” ilə matçda qapı xəttində dəyişiklik etməsini belə əsaslandırıb: “Mənə görə Səlahət Ağayev bu gün Azərbaycan çempionatında 3 ən yaxşı qapıçıdan biridir. Bu gün heyətdə müəyyən rotasiya etmək üçün qapı xəttində dəyişiklik oldu. Hüseynəli Quliyev hər zaman oynamağa hazır olmalıdır. Mən ona da çox güvənirəm. Komandada 2 güclü qapıçının olması məşqçi üçün müsbət məqamdır. Oyundan oyuna qapı xəttində fərq olacaq”. 

Son turlar zədələnən futbolçuların çoxluğundan əziyyət çəkən “Səbail” bu gün eyni səbəbdən daha bir fubtolçusu - Silvayin Deslandesi də itirdi. Diniyev hazırkı məqamdan çıxış yolu tapmaqda çətinlik çəkdiyini söyləyib: “Bu gün bu baxımdan problemimiz çoxdur. Amma bilmirəm ki, belə vəziyyətdə nə etməliyəm. Kuboku da saysaq, qış fasiləsinə qədər iki oyunumuz qalıb. Deslandesin zədələnməsi təbii ki, mənfi haldır. Bəlkə də günahkar mənəm ki, vaxtında düzgün rotasiya etməmişəm. Bilirsiz ki, maliyyə səbəbindən hər mövqeyə iki eyni səviyyəli futbolçu götürməyimiz mümkün deyil”. 

O, qış fasiləsində mütləq güclənməli olduqlarını vurğulayıb: “Mövsümün əvvəlindən demişəm ki, qış fasiləsində turnir cədvəlindəki mövqeyimizə baxıb hərəkət edəcəyik. Hazırda yerimiz normaldır. Avrokuboklardan çox uzaq deyilik. Ona görə də güclənməyimiz mütləqdir. Fasilədə çalışacağıq ki, 3 mövqeni gücləndirək. Bu yöndə artıq işlərimiz başlayıb. Bugünkü qələbə mənə danışmaq üçün cəsarət verir. Hazırkı mövqeyimizi qorumaq üçün mütləq güclənməliyik”

Mütəxəssis ikinci hissədə şans verdiyi gənc Ayaz Mikayılovun arxasında olduğunu qeyd edib: “Ayaz çox yaxşı futbolçudur. Onun valideynləri avtomobil qəzasında həlak olub. Çıxışını əvəzedici heyətdə izləyirəm. Ayaz bilməlidir ki, o, tək deyil. Onun arxasında “Səbail”, şəxsən mən varam. Yaxşı futbolçu olmaq üçün çox çalışmalıdır. Lakin bu gün ona əsas heyət üzvü kimi baxa bilmərik. Ona ümidim böyükdür. Futbol bu gün var, sabah yoxdur. İnsana etdiyi əməllər qalır”.

“Araz-Naxçıvan” - “Sabah” və “Qarabağ” - “Neftçi” oyunlarında hansı nəticələri arzulayırsız?” sualını Şahin Diniyev belə cavablandırıb: “Baş məşqçi kimi yox, azarkeş kimi deyirəm, “Sabah”a və “Qarabağ”a azarkeşlik edəcəm. Çünki komandamın irəli getmək şansı varsa, bunu arzulamalıyam. Amma kimisə lənətləmək, yaxud hansısa komandaya uğursuzluq arzulamaq fikrində deyiləm. İçimdən gələni deyirəm. Burda gizlətməli heç nə yoxdur. Yalandan, pafosla deyim ki, kim udur-udsun mənim üçün fərqin yoxdur? Elə desəm, yalan olar”.

Diniyev növbəti turda onları çətin Sumqayıt səfərinin gözlədiyini də deyib: “İndiki heyət, indiki itkilərlə “Sumqayıt”a qarşı oynamaq çox çətin olacaq. Bunu bilirəm. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Mənə elə gəlir ki, həmin matçda ustalıq yox, istək, əzmkarlıq, motivasiya hesabına lazımi nəticə qazana bilərik. Çalışacağıq ki, fasiləyə yaxşı əhval-ruhiyyədə gedək. İstəyirəm ki, yeni il öncəsi həm kubokda, həm də çempionatda yaxşı şansımız olsun”.

Diniyev bildirib ki, “Qəbələ”nin Premyer Liqanı tərk etməsi Azərbaycan futbolçuna zərbə olar: “Qəbələdə futbol adına hər şey var – baza, akademiya, infrastruktur əla vəziyyətdədir. Daha əvvəl iki akademiya vardı - “Bakı” və “Qəbələ”. Məhz onlar bu gün bütün Azərbaycan klublarının heyətlərini yerli futbolçularla doldurublar. “Qəbələ”nin turnir cədvəlindəki hazırkı möyqeyi təəccübləndiricidir. İnanmıram bu komanda Premyer Liqa ilə vidalaşsın. Düşünürəm ki, “Qəbələ” tezliklə bu vəziyyətdən çıxacaq. Onlar hazırda müəyyən eniş yaşayırlar. Amma tezliklə vəziyyəti dəyişəcəklər. Oyundan qabaq mənə desəydilər ki, bu gün “Səbail” 3:0 hesabı ilə qalib gələcək, həmin adamın psixologiyasında problem olduğunu düşünərdim. Belə komandanı 3:0 udmaq çətindir. “Qəbələ” 1-ci liqaya düşsə, o meydançalar, o akademiya kimə qalacaq? Mən keçən il deyəndə ki, gəlin əvvəl sistemi quraq, sonra hansısa komanda aşağı düşsün, dedilər ki, “Səbail”ə görə belə danışır. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi yerli futbolçuların yetişməsi baxımından Azərbaycan futboluna zərbə olar”.  

Təcrübəli mütəxəssis milli komandamızın baş məşqçisi məsələsi barədə də sualı cavablandırıb. O, növbəti dəfə qeyd edib ki, problem yığmanın çalışdırıcısıında deyil: “Mən sözümü heç vaxt dəyişməmişəm. Bu gün də eyni fikirdə qalıram. Biz millinin baş məşqçisi vəzifəsinə çox fikir veririk. Problemin kökü o vəzifədə deyil. Mən o postda da çalışmışam, kənarda da oturmuşam. Biz hər il noyabrda, dekabrda eyni məsələni müzakirə edirik. Amma bununla böyük dəyişiklik edə bilməyəcəyik. Sistem olmasa, baş məşqçi vəzifəsində kim olur-olsun, maksimum 10 faiz dəyişiklik görəcəyik. Ya 1 xal toplayacağıq, ya 7 xal. Qrupdan çıxmaq, hansısa xəyallarla yaşamaq - 32 ildir eyni şeyi təkrar edirik. Püşkdən dərhal sonra başlayırıq xalları saymağa, onu uda bilərik, bundan səfərdə 1 xal ala bilərik və s. Ona görə də 32 ildir eyni səhvi edirik. Belə deyim də, hansısa krantda boşluq var, biz onu bərkidirik, amma yenə də su axır. 32 ildir krantdan su axırsa, deməli, problem orda deyil. Problemi başqa yerdə axtarmaq lazımdır. Bir ara Almaniya futbolunda tənəzzül yaşandı. Dərhal müəyyən dəyişikliklər etdilər, 100 futbolçunu bir yerə yığdılar, bir sözlə, vəziyyətdən çıxdılar. Təbii ki, biz Almaniya deyilik. Ən azı futbolu bizə yaxın ölkə, məsələn, Lüksemburq. Bu komanda 10-15 il qabaq Avropanın cırtdanlarından hesab olunurdu. Onlara 8 top vurmayanda rəqiblər sevinmirdilər. Bəs nə oldu, nə baş verdi? Bu gün onları futbolu xeyli irəli gedib. Özümüzdə yoxdursa, utanmaq lazım deyil. Hansısa ölkənin futbol sistemini götürmək lazımdır. Bu, mənim şəxsi fikrimdir. İnanın ki, gələn il dekabrda yenə eyni söhbət olacaq. Yenə deyəcəyik ki, bu məşqçi getsin, başqası gəlsin”.

Daha çox


Son xəbərlər
topaz banner