“Suraxanıda baza tikilməsi “Qarabağ”ın birdəfəlik Bakıya köçməsi demək deyil”

“Suraxanıda baza tikilməsi “Qarabağ”ın birdəfəlik Bakıya köçməsi demək deyil”
MÜSAHİBƏ 24 Fevral 2011 / 13:05 3421
-  A +

Premyer liqanın son turunu da qələbə ilə başa vurub ardıcıl 6 qələbə qazanmaqla özünə məxsus rekord qıran “Qarabağ” əbəs yerə adından söz etdirmədiyini bir daha göstərdi. Biz də bununla əlaqədar Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb həm bu və həm də digər mövzular barədə söhbətləşmək qərarına gəldik.
- Əvvəlcə sizi ardıcıl 6-cı qələbə qazanmağınız münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun. Buna görə sevinirik. Bildiyiniz kimi hər komanda səfərdə “Gəncə”yə qarşı oynaya bilmir. Biz 3 xalın çətin əldə olunacağını gözləyirdik. Çox şükür ki, çətin də olsa biz bu işin öhdəsindən gəldik. Ancaq stadionun ot örtüyü çox bərbad vəziyyətdə idi. Buna rəğmən maksimum nəticə üçün getdiyimiz oyunda qələbə qazandıq.
- Ardıcıl 6 oyundur qələbə qazanırsınız. Digər tərəfdən nəzərə alaq ki, Premyer Liqada güclü komandalar kifayət qədərdi. Belə vəziyyətdə belə bir uğura nəcə nail oldunuz?
- Bu cür seriya hər bir komandada ola bilər. Xatırlayırsınızsa, 1-ci dövrənin ortalarında “Qarabağ” 5 oyunun 4-də məğlub oldu. O vaxt problemlərimiz bir az çox idi. Bizə turnir cədvəlindəki vəziyyətimizi sabitləşdirmək lazim idi. Ancaq sonradan komanda toparlana bildi, bəzi zədəli oyunçular bərpa olub sıralarımıza döndü. Bundan sonra hamı anladı ki, növbəti turlarda bizi ancaq qələbə qane edir. Ardıcıl 4 oyun qələbə qazanaraq ilk dövrəni uğurla başa vurub ilk “altılıq”da qərar tutduq. Bundan sonra qış fasiləsində kifayət qədər yaxşı hazırlıq keçdik. Məhz bundan sonra ikinci dövrənin başlanğıcında “Qəbələ” və “Gəncə” ilə oyunda çox önəmli xallar qazanaraq “altllıqlıq”dakı yerimizi kifayət qədər gücləndirmiş olduq. Mən bunu sırf güclü məşqlərin və yaxşı toparlanmanın nəticəsi sayıram.
- Komandanıza yeni gələn oyunçular səviyyəcə sizi qane edir?
- Onların burdakı stadionlara uygunlaşması ücün zamana ehtiyac var. Bu səbəbdən təzə legionerlərimizi az-az oynatmağa üstünlük verirəm. Uyğunlaşmadan sonra onları da daimi heyətdə oynada bilərik.
- “Gəncə” ilə oyunda yeni legioner Nedim Necipinin əvəzlənməsi onun zəif oyununun göstəricisi idi?
- Yox, mən elə deməzdim. Bu, 3 xala hesablanmş taktiki dəyişiklik idi. Çox şükür ki, bu əvəzetmə də  öz nəticəsini verdi. Həm də belə meydançalarda onlardan istənilən oyunu tələb etmək olmur.
- Yeni qapıçınız Boyan Pavloviç boşluğu doldura bildi?
- O, burda ilk matçına çıxsa da, yaxşı oyun sərgilədi. Düzdü, o özünü hələ Antalyadakı toplanışda da göstərmişdi. Ancaq burda debüt oyununda da mənim yanılmadığımı sübut etdi.
- Pavloviçi start heyətini daxil etməyinizi həm də Fərhad Vəliyevə mesaj kimi dəyərləndirmək olarmı?
- Xeyr, mən elə deməzdim. Hər ikisi eyni səviyyəli qapıçıdı. İlk turda çərçivəni Fərhad qorudu. Çox gözəl də oyun göstərdi. Hətta ikinci turda bəzilərinə Vəliyevin qapıda olmaması qəribə gəldi. Yəni demək istəyirəm ki, o da yaxşı qapıçıdı. Çalışıb hər ikisinə şans verəcəyəm. Çünki hər ikisi kifayət qədər hazırlıqlıdı. İstədiyim odur ki, bu iki qapıçı arasında güclü rəqabət yaransın və ən güclüsü heyətdə yer alsın.
- Digər transferiniz İlqar Qurbanov necə, “Qarabağ”da oynaya biləcəkmi? Bildiyimiz qədər onun oynamasında bəzi problemlər orta çıxıb.
- Bəli, bu, Qurbanovla əvvəlki klubu arasında olan problemdi. Yəni onun məxsus olduğu “Mersin idman yurdu” müqavilədəki şərtlərinə əməl etmədiyi üçün məsələ bir az uzanıb. Ancaq İlqarın işini AFFA ilə həll etdi və Qurbanov müqaviləni birtərəfli qaydada pozaraq azad oyunçu statusu aldı. Bütün prosedurlar həll olunub. Bircə qalır ona UEFA-dan icazə kağızının gəlməsi. Yaxın bir-iki gündə problem tam həll olunacaq və İlqar yaşıl meydana dönəcək.
- Onun hazırkı forması necə qənaətbəxşdi?
- Bilirsiniz, o demək olar ki, bir ildi əsas heyətdə çıxış etmir. Ona görə də əvvəlki formasından uzaqdı. Oyun təcrübəsi lazımi səviyyədə deyil. Ancaq bura döndüyünə görə çox həvəslidi. Öz formasını bərpa etmək üçün çalışır. Ümid edirəm ki, əvvəlki formasına qayıdacaq.
- Artıq Əfran İsmayılov da sıraya dönüb. Sizcə o, əvvəlki Əfrandı, yoxsa?.. Biz yenə uğurlu Əfran-Rauf tandemini görə biləciyik?
- Əfranın sıralarımıza dönməsi sevindirici haldır. Çempionatın başlanğıcında onun ciddi zədə alması müəyyən mənada onun geriləməsinə səbəb oldu. Artıq cərgəmizə qoşulub və yavaş-yavaş əvvəlki formasını qaytarmağa çalışır. İnşallah, bir müddət sonra əvvəki oyunun bərpa edib “Qarabağ”ı sevindirər.
- Bəs, Maksim Medvedyev nə vaxt oynaya biləcək? Bildiyimimizə görə, türkiyəli həkimlər ona səhv diaqnoz qoyublar. Bu üzdən müalicəsi uzanıb.
- Yox, əslində onun əzələ limfasında şiş əmələ gəlib ki, bu da soyuqdan olub. Elə də ciddi deyil. Ona müalicə yazılıb. Bir müddət onları qəbul etdikdən sonra tam sağalacaq.
- Yenidən komandaya qayıdan Rəşad Sadıqov necə, əvvəlki kimi yaxşı təsir bağışlayır? Çünki Macarəstanla oyundan sonra Rəşad meydanda özünü tanımadığını bildirmişdi. Baş məşqçi kimi siz necə düşünürsüz?
- Deməzdim ki, onun oyun təcrübəsi azdı. Mən onun oyunların izləyirdim. Türkiyəyə gedəndən sonra o bir neçə oyunda çıxış etdi. Sonra millidə oyun keçirdi. Yenidən qardaş ölkəyə qayıdanda “Şalke” və səhv etmirəmsə, “Verder”lə yoldaşlıq oyununda əsas heyətdə forma geydi. Azərbaycan onun sabit çıxış etdiyi yerdi. Bu mənada, onun hazırlıqlı olduğunu düşünürəm. Bu keçid bizim işimizə çox yaradı. Çünki həmin mövqəyə yaxşı oyunçu axtarırdıq. Ona görə də Sadıqovun qayıdışı ilə bəxtimiz də gətirdi, onun adaptasiya üçün vaxta ehtiyac olmadı. Çünki bura onun tanıdığıi yerdi.
- “Azərsun” şirkəti Suraxanı qəsəbə stadionunu 20 illik icarəyə götürmək üzrədir. Amma ağdamlı fanatlar klubun daha çox Quzanlıda oyun keçirməsini istəyir.
- Haqlısız. Bunu mən də qəbul edirəm. Ancaq oradakı stadionun ot örtüyünün pis vəziyyətdə olması, işlərimizin gərginliyi və yolun uzaqlığı bizi bir qədər çətinə salır. Eyni zamanda UEFA turnirlərindəki və milli səviyyəsindəki oyunlar bu işdə önəmli rol oynayır. Suraxanıda baza tikilməsi o demək deyil ki, “Qarabağ” birdəfəlik Bakıya köçür. Bildiyiniz kimi, 5-6 komanda Bakıda oynayır. Ona görə də bəzi oyunlarımızı burada, digərlərini isə Ağdamda keçirməyi düşünürük.
- Bununla bağlı, klub rəhbərliyinin konkret addım atmaq fikri var?
- Bəli. “Azərsun” həmişə qarabağlılara töhfə verməyə çalışır. Bu məsələ tam ölçülüb-biçiləndən sonra Ağdam stadionuna da müəyyən sərmayə yatırılacaq. Klub rəhbərliyi çalışır ki, stadionun durumunu düzəltsinlər və biz Quzanlıda oynamaqla yerli camaatı sevindirək.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır