Ramin Musayev: "Milli komandanı nəzərə almalıyıq"

Ramin Musayev: "Milli komandanı nəzərə almalıyıq"
MÜSAHİBƏ 4 Fevral 2011 / 17:42 4944
-  A +

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev qurumun rəsmi saytına müsahibə verib. PFL-in prezidenti müsahibəsində bir sıra suallara aydınlıq gətirib.

- Ölkə çempionatında yaranmış fasilə zamanı Antalyaya səfər etdiniz. Səfəriniz hansı məqsəd daşıyırdı?

- Antalyaya getməyimizin əsas məqsədi komadalarımızın və hakimlərimizin hazırlığında yaxından iştirak etmək idi. Bir sıra KİV əməkdaşlarını da bu səfərə apardıq ki, onlar da hakimlərimizin və klublarımızın qış toplanışlarını öz gözləri ilə görüb ətraflı işıqlandıra bilsinlər. Qeyd etmək istərdim ki, səfərdən çox gözəl təəssüratlarla geri qayıtdıq. Bildiyiniz kimi, Unibank Premyer Liqasında çıxış edən 12 klubumuzdan 8-i Antalyada təlim-məşq toplanışında idi. Sevindirici haldır ki, I divizionun lideri "Abşeron" komandası da təlim-məşq toplanışını Antalyada təşkil etmişdi. Səfər zamanı klub rəhbərləri, futbolçularla ayrı-ayrılıqda görüşlərimiz oldu, fikir mübadiləsi apardıq, bir sıra məqamlara və çatışmamazlıqlara aydınlıq gətirdik. "İnter" komandasının "Birlik kuboku"ndakı uğurlu çıxışını, Ermənistanın "Mika" klubu üzərindəki möhtəşəm qələbəsini hamımız birlikdə izlədik və sevinc dolu xoş anlar yaşadıq. Artıq komandalarımız qarşısında böyük tələblər qoyulur, ümid edirəm ki, qarşıdan gələn Premyer Liqa və Avrokubok oyunlarında bu təlim-məşq toplanışlarının çox faydası olacaq.

- Antalyada olarkən hakimlərimizin də təlim-məşq toplanışını yaxından izləmək imkanına malik oldunuz. Bu toplanışdan razı qaldınızmı?

- Hakimlərimizin toplanışı çox ciddi rejimdə keçirilirdi. Səhər saat 7-dən axşam saat 12-yə kimi məşqlər, oyunlar və oyunların təhlili baş tuturdu. Havanın necə olmasından asılı olmayaraq hakimlərimiz çalışmalarını davam etdirirdilər. Hətta onların fiziki cəhətdən futbolçular qədər yüklənməsinin şahidi olurduq.

- Toplanış zamanı hansı komandanın oyunu və yeni transfer olunan oyunçulardan hansı Sizin rəğbətinizi daha çox qazandı?

- AZAL, "Turan", "Neftçi", "Qəbələ" və "Bakı"nın oyunlarını canlı izləyə bildim. Hər bir komandamız toplanışda çox gözəl oyun göstərdi. "Turan" komandasında baş məşqçinin dəyişməsi, bir neçə yeni oyunçunun kluba dəvət olunması artıq öz bəhrəsini verir. "Turan"ın Almaniya komandasına qarşı oyununu izləyə bildim. Rəqib komandanın oyunçularının fiziki göstəriciləri yüksək olsa da, "Turan" rəqibindən heç də geri qalmadı, hətta müəyyən epizodlarda rəqibini üstələyirdi. Bu komanda Unibank Premyer Liqasının oyunlarında gözəl oyun göstərəcək, çox komandalar üçün arzu olunmaz komandaya çevriləcək. Əgər belə davam edərsə, məncə, "Turan" gələn mövsüm Avrokuboklar uğrunda mübarizə aparacaq. Mənə xoş gələn məqamlardan biri Flavinyonun uzun zədədən sonra meydana dönməsidir. O, öz oyununu itirməyib, çempionatımızda belə oyunçuların çox olması yaxşı hal olardı. AZAL komandasının yeni oyunçusu Gennadi Bliznyukun da xoş təsir bağışladığını qeyd etmək istərdim. Ümumilikdə yeni futbolçuların oyunlarını Premyer Liqada daha aydın görəcəyik. Təlim-məşq toplanışında komandanın qalib və ya məğlub olmasının elə bir önəmi yoxdur. Əsas odur ki, futbolçular məşqçinin verdiyi tapşırıqları layiqincə yerinə yetirsinlər və Premyer Liqada uğurlu çıxış etsinlər. "Qarabağ" komandası ilə də səmimi görüşümüz oldu, jurnalistlərimiz istədikləri suallara cavab tapa bildilər.

- Qış fasiləsindən sonra hər hansı yeniliklər gözlənilirmi?

- AZAL klubunun yeni stadionunun açılışı olacaq. Artıq UEFA-nın nümayəndələri də stadionda olublar. Əgər AZAL Avrokuboklara vəsiqə qazanarsa, oyunlarını öz stadionunda keçirə bilər. Antalyaya getməzdən öncə mən də həmin stadionda oldum. Artıq işlərin böyük bir qismi yekunlaşıb. Hələ ki, klub tərəfindən bizə rəsmi müraciət daxil olmayıb. Ümid edirəm ki, artıq altılıq oyunları başlayan zaman AZAL öz rəqiblərini bu stadionda qəbul edəcək. "Muğan" klubu da öz stadionunun təmirinə başlayıb və mövsümün sonuna kimi ev oyunlarını "Şəfa" stadionunda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionu mart ayının əvvəlində təmirə bağlanacaq. İnanıram ki, yaxın zamanlarda stadionlarla bağlı problemimiz olmayacaq. Bundan əlavə oyunlarda PFL-in operatorlarının da sayını artırmağı düşünürük. Çempionat oyunları nə qədər çox kamera ilə çəkilsə, oyunların təhlili bir o qədər asan olar.

- "Böyük oyun"un Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi sual altındadır. Ardıcıl olaraq iki gün oyun oynanılması stadionun ot örtüyünə mənfi təsir edə bilər. "Bakı" - "Muğan" və "Neftçi" - "Xəzər Lənkəran" oyunlarından hansınınsa keçirilmə vaxtı dəyişdirilə bilərmi?

- Premyer Liqamızın bütün oyunları maraqlı olur, ancaq azarkeşlərin ən çox izlədiyi oyun "Neftçi" – "Xəzər Lənkəran" oyunudur. Bütün azarkeşlər bu oyunu mövsüm boyu gözləyir. Biz azarkeşlərimizi intizarda saxlaya bilmərik. Əgər hava şəraiti normal olsa heç bir təxirə salınmadan söhbət gedə bilməz. Bu oyun canlı yayımlanacaq və 13 fevralda saat 18:00-da keçiriləcək.

- NBC Bank Azərbaycan kubokunun finalı 28 may müstəqillik günündə keçirilməli idi. Final oyununun mayın 24-nə keçirilməsinə səbəb nə oldu?

- Təqvimin dəyişməsi, təəssüf ki, böyük hay-küyə səbəb olur. Unutmayaq ki, biz milli komandamızın da maraqlarını nəzərə almalıyıq. Milli komandamızın oyunlara yaxşı hazırlaşması üçün şərait yaratmaq hər birimizin borcudur. Təqvimdəki dəyişikliklərin edilməsi milli komandaya təlim-məşq üçün daha çox vaxt qazandırmaq, futbolçularının oyunlara daha yaxşı hazırlaşmaları və gözəl oyun göstərmələri üçündür. Kubokun final oyununun vaxtının dəyişdirilməsinin səbəbi, eyni zamanda, AFFA rəhbərliyinin həmin vaxt Bakıda olmamasıdır.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır