Azərbaycanın idman teleşərhçiləri arasında Altay Əliyevin xüsusi yeri var. Özünəməxsus aparıcılıq tərzilə seçilən A.Əliyev bu gün televiziya sahəsində fəaliyyət göstərməsə də, azarkeşlərin qəlbində özünə yer tapa bilib. Təsadüfi deyil ki, uzun müddətdir, televiziya sahəsindən ayrı qalsa da, hələ də onun haqqında müsbət fikirlər səsləndirilir. Qeyd edək ki, Altay Əliyev jurnalistikaya «525-ci qəzet»də başlayıb. 1996-cı ildən fəaliyyətini AzTV-də davam etdirib. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Əliyev bir sıra tarixi oyunların, o cümlədən “Neftçi”nin 2006-cı ildə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nun finalında Litva “Kaunas”ını 4:2, həmin il Çempionlar Liqasında Belçika “Anderlext”ini 1:0, “Qarabağ”ın ötən yay Avropa Liqasında Norveç “Rusenborq”u və Finlandiya “Honka”sı üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü (matçın videosuna burada baxmaq olar http://affavideo.az/?lang=az&menu=video&id=14)televiziya vasitəsilə canlı şərh edib. Xatırladaq ki, Altay Əliyev bu ilin aprel ayının 8-də öz ərizəsi ilə AzTV-dən ayrılıb.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyir ki, Altay Əliyevin televiziyada yeri görünməkdədir: «Allah Altaya can sağlığı versin. Mən deyərdim ki, o, Azərbaycan idman teleşərhçiliyinin Vladimir Maslaçenkosudur. Altay öz şərhçiliyi ilə hətta futbolu sevməyən insanlarda da bu idman növünə məhəbbət yaradırdı. Bütün şərhçilərimizə hörmətlə yanaşıram. Amma qeyd etmək istəyirəm ki, şəxsən mən son 10 ildə Azərbaycanda onun kimi aparıcı görməmişəm». «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl: «Hamıya məlumdur ki, Altay öz tərzi ilə çox sönük keçən bir oyunda belə tamaşaçıları ekran başına toplamağı bacarırdı. Onun haqqında qısaca olaraq deyə bilərəm ki, «Qarabağ»ın «Rusenborq»la oyununu stadiondan izlədiyimdən ertəsi Altayın şərh etdiyi bu matçın videoyazısına baxdım. Onun şərhini dinləyərkən «Rusenborq» üzərindəki qələbəmizin həyacanını bir daha yaşadım. Məncə, belə bir mütəxəssisin öz peşəsindən ayrı qalması bizlər üçün böyük itkidir». «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov: «Altay həm bizim yaxın dostumuz, həm də futbol sahəsində fəaliyyət göstərmiş bir insandır. Onun bizim teleşərhçiliyimizdə özünəməxsus yeri, dəsti-xətti var. Onun bizim futbolun təbliğində xüsusi əməyi olub. Altayın yeri görsənir. Onun televiziya sahəsindən ayrı qalması məni çox təəssüfləndirir». «Neftçi» klubunu vitse-prezidenti Tahir Süleymanov: «İstənilən sahədə, o cümlədən futbol və telejurnalistikada əsl mütəxəssisin yetişdirilməsi üçün uzun illər lazım olur. Bu mənada, yetişdirilmiş kadrlara diqqət və önəm ermək lazımdır. Sırf bu sahəyə gəldikdə isə, Azərbaycanda Valid Sənanidən tutmuş üzü bəri yaxşı bir məktəb olub və bunun davamını gətirmək üçün təbii ki, təcrübə toplamış insanların potensialından istifadə etmək lazımdır. Həmin şəxslərdən biri də Altay Əliyevdir. Birdən-birə nəsil dəyişməsinə yol vermək olmaz. Hesab edirəm ki, Altay Əliyev, Elnur Əşrəfoğlu, Rövşən Binnətli kimi kifayət qədər təcrübəsi olan teleşərhçilərə dəyər vermək lazımdır». «İnter» klubunun direktor müavini Səbuhi Səfiyarlı: «Vladimir Maslacenkonun vəfatından sonra rus telekanallarında, mətbuatında onun haqqında yazılanları, deyilənləri görub bir şərhçinin öz ölkəsi üçün nə qədər vacib olduğunu anladım. Çünki belə şərhçilər insanı məcbur edir ki, sən futbola məhz onun şərhçilik etdiyi kanalda baxasan. Təəssüf ki, indi Azərbaycanda belə şərhçi demək olar ki, yoxdur. Yalnız Altay Əliyevin adını çəkmək olardı, amma o da hazırda şərhçilikdən uzaq düşüb. Və əminəm ki, bununla bəlkə də neçə-neçə azarkeşi futbolları başqa kanallarda axtarmağa "məcbur edib". Altayın şərhində millinin oyunları daha cəlbedici, Avropadakı qələbələrimiz daha şirin olur. Çünki azarkeşlik edəndə qarşındakının, yanındakının da səninlə eyni azarda olmasını, sənin kimi düşünməli olduğunu fikirləşirsən. Altay məhz hər bir tamaşaçı üçün belə həmsöhbət olmağı bacarır. Ən azı azarkeşləri doğma ekrana qaytarmaq üçün Altay da bu gün şərhçilikdə olmalıdır». Azərbaycan millisinin və «Neftçi»nin sabiq baş məşqçisi Vaqif Sadıqov: «Mən Altayı təkcə telejurnalist deyil, həm də insani keyfiyyətləri çox yüksək olan bir insan kimi dəyərləndirirəm. Bizim Altayla əməkdaşlığımız çox olub. Mənə inanaraq, dəfələrlə verilişlərinə dəvət edib. Mən Altay haqda çox danışa bilərəm. O, ən xoş sözlərə layiq olan bir insandır. Çox gənc yaşında televiziyaya gələn Altay yeniliklər etməyi bacardı ki, bu da böyük istedadından xəbər verir. Mən onu həmişə öncüllərdən dəstəkləmişəm, öncüllərdən saymışam. Təəssüf ki, bu gün o, efirdən uzaq düşüb. Mən səmimi şəkildə çox istərdim ki, Altay ən qısa bir vaxtda öz işini bərpa eləsin və təkcə jurnalistikamıza deyil, eyni zamanda futbolumuza da layiqli xidmətini davam etdirsin». AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov: «Altay Əliyevin məstəqil Azərbaycan futbolunun təbliğindəki xidmətləri danılmazdır. Gözəl şərhçiliyi ilə yanaşı, Altayın baxımlı verilişləri də çox olub. «Premyer liqa» verilişi onun beyninin məhsuludur. Hər halda onun ifasında şərhlər və verilişlər çox uğurlu alınırdı. Hesab edirəm ki, Altayın yeri çox görsənir». Telejurnalist İlkin Fikrətoğlu: «Altayı həm yaxşı dost, həm də istedadlı telejurnalist kimi xarakterizə edərdim. Mənim TV-yə gəlməyimdə onun xüsusi əməyi olduğu üçün telejurnalistikanın əlifbasını Altaydan öyrənmişəm. O, teleşərhçiliyə yeni nəfəs gətirib. Hazırda efirdə onun yeri görünür. İnanıram ki, tezliklə Altayın səsi yenidən mavi ekrandan gələcək». Azerisport.com saytının redaktoru Vüqar Zeynalov: «Altay yaxşı jurnalistdir, reportajları hamının yadında qalıb. Ölkəmizdə futbolun populyarlaşmasında çox iş görüb. Heyf ki, indi TV-dən ayrı düşüb. Onun yeri görsənir. Ümid edirəm, tezliklə yenidən televiziya sahəsinə qayıdacaq». «Qarabağ»ın və millinin qapıçımı Fərhad Vəliyev: «Mən futbol izləyəndə yerli şərhçilərimizin səsi ilə qulaq asmıram. Ən güclü şərhçimiz Altay Əliyev idi. İndi isə o televziya sahəsində yoxdur. Şərhçilərimiz çox zəifdilər. Futbol şərh edirlər, futbolçunun adını bilmirlər. Həm də ki, hamısı obyektiv də olmurlar. Altay Əliyevi tezliklə televiziyada görmək istərdim».