Vaqif Sadıqov: “O, bütün oyunları yaxşı səviyyədə keçirə bilməz”

Vaqif Sadıqov: “O, bütün oyunları yaxşı səviyyədə keçirə bilməz”
MÜSAHİBƏ 18 Noyabr 2010 / 14:03 3181
-  A +

Azərbaycan milli komandasının və “Nefçi” klubunun sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Millimizin dünən Çernoqoriya ilə keçirdiyi yoldaşlıq qarşılaşmasındakı oyununu necə qiymətləndirirsiniz?
- Bu, millinin 2010-cu il ərzində sonuncu qarşılaşması oldu. Ona görə də, futbolçularımız istər-istəməz uğurlu nəticə ilə meydandan ayrılmaq istəyirdilər. Baxmayaraq ki, Azərbaycan yığma komandası tarixində ilk dəfədir, FİFA-nın reytinq cədvəlində 90-cı pilləyə yüksəlib, futbolçularımız bununla kifayətlənmədiklərini göstərdilər. Sevindirici haldır ki, millinin formalaşmış heyəti var. Hər matç optimal bir heyətlə oynamaq çox vacibdir. Əsas heyətdə yeganə itki komandanın kapitanı Rəşad Sadıqov idi. Rəşad meydanda olanda komanda tam fərqli bir ruhla, inamla oynayır. Ümumilikdə isə deyə bilərəm ki, dünən biz rəqibin səviyyəsinin üstünlüyünə uduzduq. Çernoqoriya ikinci hissədə ələ düşən fürsətlərdən yararlandı və qələbə qazandı.
- Birinci hissədə futbolçularımız rəqibinə nisbətən daha yaxşı təsir bağışlayırdı, lakin ikinci hissədə meydan sahibləri üstünlüyü ələ aldı. Bunun səbəbini nədə görürsünüz?
- İlk hissədə millimiz doğrudan da, yaxşı futbol oynadı. Rəqibinə nəinki uduzmadı, əksər epizodlarda üstün tərəf məhz həmyerlilərimiz oldu. Ancaq ikinci hissədə Çernoqoriyadakı dəyişikliklər öz sözünü dedi. Meydana sonradan daxil olan futbolçular rəqibin gücünə güc qatdı. Ən vacib amil isə odur ki, futbolçularımız güclü rəqibə qarşı, səfər meydanında çəkinmədən, aqressiv və mübariz bir oyun sərgilədi.
- Foqts dünənki mətbuat konfransında matçın son 15 dəqiqəsinə kimi futbolçulardan razı qaldığını, ancaq səhvlərin cəzasını çəkdiklərini bildirdi. Buna münasibətiniz necədir?
- Vallah inanın ki, matçın ilk dəqiqələrindəki oyun məndə belə bir fikir yaratdı ki, hazırda Çernoqoriya yığması AÇ-2012-nin təsnifat mərhələsində qrup lideri olursa, nəyə görə onunla başabaş mübarizə aparan Azərbaycan milli komandası da bunu etməsin?! Təbii ki, böyük uğurlar əldə etmək üçün səviyyə də önəmlidir. Bir daha deyirəm ki, əksər mübarizələrdə futbolçularımız rəqibindən daha üstün idi. Təbii ki, birdən-birə 90 dəqiqə baxımlı futbol nümayiş etdirmək asan deyil. Bu, hissə-hissə formalaşmalıdır. Belə bir komanda ilə qarşılaşmaq həm futbolçularımız, həm də Azərbaycan futbolu üçün qazancdır. Yoldaşlıq oyunu olsa belə, bu cür güclü bir rəqiblə səfər matçında millimiz 75 dəqiqə başabaş mübarizə aparırsa, deməli, bunu gələcəkdə daha da yaxşılaşdırmaq və bütün oyunu yüksək səviyyədə keçirmək mümkün olar. Etiraf edək ki, problemlərimiz də var, ancaq önəmlisi odur ki, bu problemləri təhlil edib həll yollarını düzgün müəyyənləşdirək. Bunu da Foqts görür və inanıram ki, bu istiqamətdə lazımi işlər həyata keçirilir.
- Hücumçuların oyunu istənilən səviyyədə deyildi, xüsusən də, Foqts Vaqif Cavadovun formada olmadığını söylədi. Siz bu barədə nə düşünürsünüz?
- Vaqif Cavadov hər kəsin yaddaşında “Tvente”də oynadığı formada qalıb. Ona görə də, daha aşağı səviyyədə oyunu bizi qane edə bilməz. Ancaq unutmayaq ki, o, gənc bir futbolçudur. Bütün oyunları yaxşı səviyyədə keçirə bilməz. Əsas odur ki, Vaqifə hər kəs inanır və ona böyük ümidlər bəsləyir. Çünki onda lazım olan keyfiyyətlər var. İnanıram ki, o da ümidləri doğruldacaq və özünə layiq futbol nümayiş etdirəcək. Təkcə Vaqif Cavadov, Rauf Əliyev, Fərid Quliyevdən hücum qurmasını gözləmək düzgün deyil. Fikir versək görərik ki, birinci hissədə rəqib hücumçusu olmadan hücum futbolu oynayırdı. Hücum qurarkən orta xətt fəal olmalıdır, hücumda çoxluq təşkil etmək lazımdır. Cinah müdafiəçiləri də hücuma qoşulmalıdır. Yalnız bu zaman 5-6 futbolçu birlikdə hücumda iştirak edə bilər. Komandamızda bu potensialın olduğunu düşünürəm. AFFA da bütün lazımi şəraiti yaradır və planlı şəkildə işlər görülür. Vacib məsələlərdən biri odur ki, yoldaşlıq oyunları üçün müəyyən edilmiş vaxtlarda səviyyəli və güclü rəqiblərlə matçlar təşkil edilsin. Bu yalnız və yalnız futbolumuzu inkişafa aparan amil olar.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu